2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Məhkəmə 20 ailənin mülkiyyət hüququnu əlindən alıb

Sakinlər bulvarın yaxınlığında olan evlərini tərk etmək istəmirlər

“Oktyabrın 30-da sakinlərlə birgə 8-ci polis bölməsində olduq, ərizə yazdıq. Ancaq araşdırma aparmırlar. Əvvəlcə bir təhqiqatçı gəlmişdi, sonra o da gəlmədi… Səbəbini soruşduq, dedi ki, “mənə idarədən zəng vurub “sən çox dərinə getmisən” dedilər”.

Bunu Bayıl qəsəbəsinin sakinləri deyir.

2010-cu ildə Bayıl qəsəbəsi, Əlibəy Hüseynzadə küçəsi, bina 8-də yaşayan sakinlərin qapısını Dubayda yaradılan “Qala Qrup” şirkətinin əməkdaşları döyür. Bu şirkət tikinti ilə məşğul olmasa da, qapıları döyənlər ərazidə dörd 19 mərtəbəli bina tikəcəklərini deyirlər. Sakinlər bu şirkətin tikinti ilə məşğul olmadığını öyrəndikdə həmin şirkət “Sabah Residence” adlı yeni bir MTK yaradır. Daha sonra sakinlərdən evlərin boşaldılması tələb olunur, şifahi bildirilir ki, evlərinin yerində tikiləcək binalardan onlara da mənzil veriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Başçının müavini dedi, bu bina tikintiyə mane olur

Səbail Rayon İcra Hakimiyyəti 2017-cu ildən başlayaraq qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində çoxmərtəbəli yaşayış evlərinin layihələndirilməsi və tikilməsilə bağlı sərəncam imzalayıb. Həmin sərəncamda Bayılda yerləşən bir neçə küçənin sökülməsindən söhbət gedir.

Sakin Pənah Əliyev deyir, İcra Hakimiyyətinin 1,3 sot ərazinin “Sabah Residence” kompleksinin tikintisi üçün həmin şirkətə verilməsi ilə bağlı Sərəncamından sonra sakinlər məhkəməyə müraciət ediblər:

“Binanın altındakı torpaq bizə aiddir, kompleksi də bizim sahəmizdə tikmək istəyirlər. Razılaşmadıq, icra başçısının müavini gəldi, dedi, bu bina çox möhkəm binadır, heç bir çatı yoxdur, sadəcə bizə mane olur, sökülməlidir”.

Sakinlərin iddiası təmin olunmayıb

Sakinlər məhkəməyə müraciət edib. İnzibati İqtisad Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə məhkəmə iclası keçirilib. Dövlət LayihəTikinti İdarəsi məhkəməyə binanın “məhdud işlək vəziyyətdə” olmasıyla bağlı sənəd verib. Hakim də binanın qəzalı, sökülməsinin zəruri olması ilə bağlı qərar çıxarıb. Binada yaşayan 48 ailədən 14-ü köçürülüb.

“Hansı ailə köçürülürsə, evin qapı-pəncərəsi sökülür, divarları dağıdılır ki, bina qəzalı vəziyyətə düşsün. Bununla da, hələ binada yaşamağa davam edən sakinlər evlərini qoyub-qaçsın”.

Hazırda binada yaşayış davam edir. Sakinlərin dediklərini binanın qapısız-pəncərəsiz mənzillərindəki durum da təsdiqləyir. Fövqəladə Hallar Nazirliyinin (FHN) isə binanın qəzalı vəziyyətdə olmasıyla bağlı rəyi yoxdur. FHN orda gedən proseslərin quruma aidiyyəti olmadığını da deyib. Sakinlərlə görüşən keçmiş icra başçısı Eldar Əzizov isə müqaviləyə qol çəkəndə yaxşı-yaxşı düşünməyi tapşırıb.

2017-ci ilin may-iyun aylarından qapıları döyən şirkət rəsmiləri sakinlərə heç bir müqavilə göstərməyib. Sakinlərin məhkəmə zamanı əldə etdikləri müqavilə nüsxəsinə görə, onların hüquqları tam əhatə olunmur. Öyrəniblər ki, tikiləcək binanın hazır layihəsi yoxdur. Sakinlər etibarlı sənədlər olduğu halda evlərini ərazinin real qiymətinə uyğun hesablanmaqla sata biləcəklərini də söyləyirlər.

Danışanlara təzyiq var

Danışan sakinlərə iş yerlərində təzyiq olunur. Kimsə zəng vurur və onlardan susmalarını tələb edir. Prezident Administrasiyasından tutmuş, Nazirlər Kabinetinə qədər hər yerə üz tutan mülkiyyətçilər əlacsız duruma düşdüklərini deyiblər. Sakin Lena Hüseynova:

“Qonşumuzun biri köçdü və dedi ki, damı dağıtmayacaqlar. Burda onun yaxınları – qohumları da qalır. Ancaq qapı və pəncərələri çıxaracaqlar. Ondan sonra qar, yağış yağanda bizim evin vəziyyətini təsəvvür etmək çətin deyil. Həmin qonşunun evinin altında bizim mənzildi. Çalışırıq ki, pəncərələri çıxardıqdan sonra onların yerinə dikt vurdura bilək. Ev almaq imkanı olanlar gedə bilər, ancaq mənim 50 kvadratmetrlik evim, iki böyük oğlum var. Hara gedim? Elə bir imkanım da yoxdur. Onlar mənə 75 000 manat təklif edirlər. Mən də bu pula hardansa “Xruşşovka” alacam, beş ildən sonra onu da sökəcəklər”.

Sakinlər bulvarın beş addımlığındakı mənzillərini dəyər-dəyməzinə satıb mərkəzdən kənara köçmək istəmirlər. Onlar yaşadıqları bina ilə üzbəüz ərazidə tikilən başqa bir binadan mənzillərinin əvəzi olaraq başqa mənzillərin verilməsini istəyirlər.

Qiymətlər reallığı əks etdirmir

“Sabah Residence” sakinləri məhkəməyə verib. Sakinlərin deməsinə görə, Səbail Rayon Məhkəməsi onları 9 nəfərlik qruplar halında dəvət edir. Növbəti doqquzluğun məhkəmə prosesi noyabrın 2-də baş tutub. Hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində sakinlərin mülkiyyətləri üzərindəki hüquqlarına xitam verilib. Sakinlərin iddiasına görə, onların evində olmayan və qiymətləndirmədə iştirak etməyən “Legal Bussines Consalting” MMC evlərinə qiymət qoyub, qoyulan qiymətlər isə real bazar qiymətlərini əks etdirmir. Sakinlərin vəkili Fuad Ağayevin heç bir vəsatəti məhkəmədə təmin olunmayıb. Sakinlər məhkəmə qərarından apelyasiya şikayəti verəcəklər.

Səbail Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Bayıl qəsəbəsinin girişində, Dəniz Administrasiyasının yaxınlığında “Sabah Residence” kompleksinin tikintisinə başlanıb. Kompleks qəzalı binaların yerində tikilir. Sakinlərlə şirkət arasındakı problemlər məhkəmə müstəvisində həll olunur. İcra hakimiyyəti məsələyə müdaxilə etmir.

Tikiləcək kompleksin sakinlərə aidiyyəti yoxdur

Qurumdan bildirilib ki, tikinti işlərinə bu ilin fevral ayından başlanıb. “Sabah Residence”kompleksi 4 binadan ibarətdir. Kompleksin 450 yerlik 2 mərtəbəli avtomobil dayanacağı olacaq. Binaların ilk 3 mərtəbəsi qeyri-yaşayış üçün nəzərdə tutulub. Burda “Mall” yerləşəcək. Lakin bu binadakı mənzillərin hazırkı qəzalı binada yaşayanlara aidiyyəti olmayacaq. Onlara qəzalı binadakı mənzillərə görə kompensasiya ödənilir.

“Sabah Residence”ın hüquqi təmsilçisi Abil Səfərov soyadlı şəxsdir. Bütün sənədlər onun adından imzalanır. “Qala Qrup” və “Sabah Residence” nin fəaliyyəti ilə bağlı internet üzərindən aparılan araşdırmalar nəticə vermədi. Bu şirkətin Bayılda apardığı söküntü və tikinti işiylə bağlı sakinlərin şikayətlərindən başqa hər hansı məlumata rast gəlmədik.

24saat.org xəbəri Meydan TV-yə istinadən təqdim edir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button