Loading...
Loading...
Xəbərlər

Mi-17 helikopterinin qəzaya uğramasına pilotların səhvi səbəb olub – Baş Prokurorluq

Bakı/20.12.21 Noyabrın 30-da 14 nəfərin həlak olması, 2 nəfərin isə yaralanması ilə nəticələnən Azərbaycan Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 helikopterinin qəzaya uğramasına pilotların helikopterin idarəetməsində yol verdikləri səhvlər səbəb olub. Bu barədə Azərbaycan Baş Prokurorluğunun dekabrın 20-də keçirilən brifinqdə açıqladığı rəyində deyilir.

İstintaq müəyyən edib ki, pilotlar eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almayaraq, helikopterin istismar qaydalarına zidd olaraq idarəetmədə kobud səhvlərə yol veriblər.

Belə ki, ekipaj heyəti tərəfindən helikopter havaya qalxdıqdan 16 dəqiqə 59 saniyə sonra marşrut üzrə meydançaya eniş etmək qərarı qəbul edilib, həmin vaxt helikopterin sürəti 141 km/saat, radiohündürlük (yer səthindən helikopterə olan məsafə) 101 metr olub. Uçuşun 17 dəqiqə 10-cu saniyəsində küləyin istiqamətinin düzgün nəzərə alınmadan eniş prosesinə başlanılması nəticəsində helikopterin uçuş parametrlərində əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib və uçuş sürəti 0 km/saat, radiohündürlük 89 metr qeydə alınıb. Bundan ötən qısa müddət ərzində pilotlar helikopteri qəza vəziyyətindən çıxarmaq üçün cəhd etsələr də, buna nail ola bilməyiblər.

İstintaqla müəyyən edilib ki, helikopterin pilotların səhvi nəticəsində idarəetmədən çıxdıqdan sonra qəzaya uğraması qısa zaman kəsiyində, yəni uçuşun 17 dəqiqə 17-ci saniyəsindən 24-cü saniyəsinədək olan müddət ərzində baş verib.

Helikopterin uçuş parametrlərinin avtomatik qeydiyyat sistemində olan məlumatların təhlilinə əsasən qəzanın səbəbi pilotların hündürlüyü nəzərə almadan “Şaq-Qaz” dəstəyini (aparıcı pərin ümumi addım dəstəyi) vaxtından əvvəl tam endirməsi, tanqaj bucağının (helikopterin burun hissəsinin yuxarı istiqamətdə üfüqi xəttə nəzərən dərəcəsidir) normadan çox artırılması, küləyin istiqamətinin və gücünün düzgün hesablanmaması olub. Bu, nəticə etibarilə mühərrikin dövrlər sayının, sürətin, hündürlüyün anidən azalması ilə idarə olunmaz halda olan helikopterin quyruq hissəsinin pərinin (helikopterin tarazlığını saxlamaq funksiyasını yerinə yetirir) yerə dəyərək qırılmasına səbəb olub, daha sonra helikopterin sağ qanadında döyüş sursatının saxlanılması üçün nəzərdə tutulan hissəsi yerə dəyərək sınıb, bundan sonra sol tərəfi üstə yerə dəyərək sürüşüb, hərəkətdə olan aparıcı pərin təsirindən helikopter yerdən aralanaraq yenidən sol tərəfi üstə zərbə ilə yerə dəyib və sürtünmənin təsirindən yanacaq çənlərindən qaynaqlanan partlayışyanğın baş verib. 

Aparılmış ilkin məhkəmə-tibbi müayinəsinə əsasən qəza nəticəsində həlak olmuş şəxslərin ölüm səbəbi müxtəlif dərəcəli bədən xəsarətləri alması nəticəsində yaranmış travmatik şok olub.

Qəzaya uğramış helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxıb, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılıb, onlardan 2-i aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölüb, digər 2-i isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıb.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Baş Prokurorluq kütləvi informasiya vasitələrinə, habelə sosial şəbəkə istifadəçilərinə helikopter qəzası ilə bağlı rəsmi mənbələrlə dəqiqləşdirilməmiş məlumatların yayılmasının yolverilməzliyi və bunun qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət səbəb olacağı barədə xəbərdarlıq edir. -06D-

 

Turan

“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button