Now Reading:
Mikayıl Cabbarov işə “Naz-Lifan”la gəlir

İqtisadçıların Mikayıl Cabbarovdan gözləntiləri: “Vergi sistemi liberallaşa bilər…”

Dekabrın 5-də Mikayıl Cabbarovun vergilər naziri vəzifəsinə təyin olunması və yeni nazirin fəaliyyətinin ilk günlərindən başlayaraq həyata keçirdiyi kadr islahatları real sektorda ümidləri artırır. Belə ki, biznes adamlarının az qala qanını soran rəhbər və ikindi dərəcəli işçilərdən bir çoxu işdən çıxarılıb.

Vergilər Nazirliyindən verilən rəsmi məlumatda da bildirilib ki, vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb. Nazirin müvafiq əmrləri ilə 64 nəfər vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilərək nazirliyin sərəncamına götürülüb ki, onların arasında nazir müşavirləri, struktur bölmə rəhbərləri və digər vəzifəli şəxslər var.

Qeyd edək ki, Mikayıl Cabbarov daha çox güvəndiyi əvvəlki kadrlarını Vergilər Nazirliyinə cəlb edir. Belə ki, daha öncə təhsil nazirinin müavini olan Mətin Eynullayev prezidentin sərəncamı ilə vergilər nazirinin müavini təyin edilib. Bundan başqab nazir vaxtilə birlikdə çalışdığı Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Camal Qasımovu yanına aparıb və özünə müşavir təyin edib.

Yeni nazirin liberal düşüncəli şəxs olması və islahatlara açıq olması iqtisadçı ekspertlərin də vergi sisteminin dəyişəcəyi ilə bağlı ümidlərini artırır. Həmçinin “Yeni Müsavat” daha öncə dərc olunan yazılarda da bildirilirdi ki, iş adamlarının vergi borclarının silinməsinə başlanılıb.

Bu günlərdə mətbuatda Mikayıl Cabbarovla bağlı yeni bir məlumat da yayılıb. Vergilər naziri təyin olunandan sonra onun nazirliyə “Naz-Lifan” markalı avtomobillə gəldiyi bildirilir. Belə ki, nazir bəzi günlərdə Azərbaycan istehsalı olan “Naz-Lifan” markalı xidməti avtomobildən istifadə edir. Bununla yanaşı, onun xidmətində “BMW” markalı avtomobil də var.

Nazirlikdə baş verən dəyişikliklərə münasibət bildirən iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, vergi sistemində liberallaşmanın aparılacağı ilə bağlı gözləntilər var: “Vergilər Nazirliyindəki dəyişikliklərdən sonra nazirliyin fəaliyyətinin necə dəyişdiyini qiymətləndirmək hələ tezdir. Çünki dəyişiklikdən hələ qısa bir müddət keçib. Bununla belə nazirlikdəki kadr dəyişikliyindən sonra, biz vergi sisteminin liberallaşdırılacağını və vergi dərəcələrinin optimallaşdırılacağını güman edirik. Gözləyirik ki, vergi sistemində liberallaşma, xüsusən də vergi yükünün azaldılması ilə bağlı islahatlar aparılacaq və davam etdiriləcək”.

İqtisadçı onu da vurğuladı ki, vergi sistemi, eləcə də vergi orqanları ilə sahibkarlar arasında münasibətlər qeyri-neft sektorunun inkişafı baxımından çox vacibdir: “Bu gün sahibkarlar arasında keçirilən sorğu da göstərir ki, onlar həm vergi yükünün azadılmasında maraqlıdırlar, həm vergi orqanları ilə əməkdaşlığın daha sivil və modern müstəvidə inkişaf etməsinin tərəfdarıdırlar. Ancaq təbii ki, ənənəvi problemlərin həlli vacibdir. Güman edirik ki, bu istiqamətdə addımlar atılacaq. Çünki kifayət qədər liberal imici olan bir şəxsin Vergilər naziri təyin olunması da ondan xəbər verir ki, bu sistemdə liberallaşdırmanın həyata keçirilməsi əsas hədəflərdən biridir. Vergi dərəcələrinə də yenidən baxılmasına ehtiyac var, xüsusən də gəlir vergisi ilə bağlı 14-25 faizə yenidən baxılması və onun aşağı salınmasına ehtiyac var. O cümlədən, ƏDV-nin diferensial tətbiq edilməsi vacibdir. Sosial vergilərin azaldılması və bu vergilərin işəgötürənlə işçi arasında optimal bölüşdürülməsinə ehtiyac var. Ona görə də vergi sistemində həyata keçirilməli olan islahatlar həddindən artıq çoxdur. Güman olunur ki, kadr dəyişiklikləri ilə yeni islahatların başlanmasına start veriləcək”.

Vahid Əhmədov


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da “Yeni Müsavat”a açıqlamasında hökumətin əsas strateji xəttinin vergi sisteminin liberallaşdırılması istiqamətində olduğunu vurğuladı: “Vergilər Nazirliyi qapalı bir qurumdur, orada gedən proseslərdən bizim o qədər də xəbərimiz yoxdur. Bizə bu barədə məlumat verilmir. Düzdür, müəyyən kadr islahatları gedir, departament birləşdirilir, Təhsil Nazirliyindən müavinlər gətirilir. Ancaq islahatların necə aparılacağı, hansı vergi və struktur dəyişikliklərinin olacağı barədə dəqiq məlumatımız yoxdur. Çünki bu çox önəmli bir nazirlikdir. Azərbaycanın dövlət büdcəsinin 70 faizi bu nazirlikdən asılıdır. Hansı islahatlar həyata keçiriləcək, Vergilər Məcəlləsinə hansı dəyişikliklər olunacaq, biz bunu deyə bilmərik. Bizi sahibkarlığın inkişafı ilə əlaqədar vergilər maraqlandırır. Bu sahədə şəffaflıq təmin olunacaqmı, kölgəli vergi sistemi aradan qaldırılacaqmı? Bu məsələlər bizi narahat edir. Hələlik əlimizdə dəqiq məlumat yoxdur, bütün işlər qapalı şəkildə aparılır. Hökumətin xətti aydındır- bu, şəffaflıq və liberallaşmadır”.

Mikayıl Cabbarovun işə “NAZ Lifan”la getməsinə gəlincə, V. Əhmədov bildirdi ki, bu, dövlət başçısının göstərişinə uyğun olaraq məmurların yerli məhsullardan istifadəsinin bir nümunəsidir: “Bu, təbliğat maşınıdır və işləyir. Ölkə başçısı bu istiqamətdə göstəriş verib və ona hamı əməl etməlidir. Bu, hökumət səviyyəsində əməl olunmalı bir məsələdir. Daxili tələbatı ödəmək üçün Azərbaycanda kifayət qədər avtomobil varsa, ondan istifadə etmək lazımdır. Bunun üçün cənab prezidentin göstəriş verməsini gözləmək lazım deyil”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.