Dünya

‘Milçək kimi qırılırıq’. Müharibədə yada düşən Bukaçaça

Rusiyanın Uzaq Şərqində kiçik bir kənddən hərbi xidmət yaşlı kişilərin böyük bir hissəsi Prezident Vladimir Putinin Ukraynadakı müharibəsinə cəlb olunub. AzadlıqRadiosu bu səbəbsiz müharibənin ucqar, yoxsul kəndə təsirindən yazır.

Sibirin Bukaçaça kəndi Zabaykalye diyarında yerləşir, 1200 sakini var. Andrey Yepov yaxınlıqdakı Çita şəhərindən kəndə sərnişin daşıyır.

Səfərbərliyə cəlb olunanlar arasında yerli çörək sexini işlədən bir nəfər, yaşlı sakinlərə su daşıyan digər sakin də olub.

“Hakimiyyət Bukaçaçanı unutmuşdu. İndi, səfərbərlik vaxtı yadlarına düşüb”, – Yepov danışır.

Bukaçaça kimi ucqar kəndlərdə sovet dövrü zavodları çoxdan bağlanıb, gənclərin karyera perspektivi isə əsasən kömür mədənlərindən keçir.

Bu kəndi Ukraynanın şərqi Mariupol şəhəri ilə müqayisə edən Yepov deyib ki, Bukaçaçada vəziyyət də sanki müharibədən sonrakı kimidir: “Bircə fərq var. Onlar Mariupolu yenidən quracaqlar. Biz isə xarabalıqda yaşamışıq, elə belə də qalacağıq”.

Rusiya qüvvələri Mariupolu bir neçə ay mühasirədə saxlayandan sonra ələ keçirib.

Kəndin yaşlı sakinlərinə su daşıyan yerli sakinin müharibəyə aparılması isə Natalya kimi yaşlıları bir neçə kilometr məsafədə yerləşən quyudan vedrələrlə su gətirməyə vadar edib. Qadın küçələrin buz bağladığını, təmizləməyə adam olmadığını sözlərinə əlavə edib.

Su daşımağa adam tapmaq isə müşkülə çevrilib, mümkün namizədlər ya alkoqolik, ya da təqaüdçüdürlər.

Natalya danışıb ki, qızı və nəvəsi kənddən 50 km cənubda yerləşən Çernişevsk şəhərində yaşayırlar, nəvəsinin də Ukraynaya müharibəyə göndəriləcəyindən qorxurlar.

“Onun iki sinif yoldaşı Ukraynada ölüb. Biri bu yaxınlarda dəfn olunub, çağırışçı idi”, – nənə danışır.

Rusiya hakimiyyəti isə yeni çağırışçıların Ukraynaya göndərilməyəciyini bildirib.

Digər kənd sakini İrinanın 27 yaşlı oğlu Gera kömür çıxaran yerdə çağırış vərəqəsi alıb.

“Başqaları kimi onu da evdən, avtobusa mindirib harasa apardılar”, – Natalya kimi yalnız adının çəkilməsinə razılıq verən İrina danışıb.

O, oğlunun hazırda Rusiyanın cənubunda Rostov-na-Don şəhərində olduğunu, Ukrayna sərhədinin o tayına, 200 km məsafəyə “avadanlıq daşıdğını” söyləyib.

“Müharibə mövzusuna neytral baxırdı, ancaq ona deyəndə ki, özünü səfərbərlikdən xilas etsin, imtina elədi. Dedi ki, vətən çağırırsa, döyüşəcək. Daha onu dilə tutmadım”, – İrina qeyd edir.

Bukaçaçada məktəb avtobus dayanacağının üstündə “Z” və “V” latın hərfləri çəkilib. Kremlin tərəfdarları bu hərfləri Rusiyanın Ukraynaya qarşı işğalının vətənpərvərlik simvolları kimi görür.

“Görürsüz necə vətənpərvərik? Heç kəs demir ki, dayanacaq bir ildən çoxdur işləmir. Əvvəllər məktəb avtobusu üçün nəzərdə tutulmuşdu. İndi heç sürücümüz yoxdur”,Qalina adlı sakin danışır.

Gözdən qaçırmayın:  ABŞ prezidenti Baydenin "alış-verişinizi kiçik dükançılardan edin" çağırışı

Kənd məktəbində 200-dək şagird var. Tarix müəllimi Yelena Qritsko danışır ki, məktəbin məzunları arasında yerli yarışlarda mükafatlar qazanan istedadlı tələbələr çoxdur. Ancaq məktəb işçiləri kəskin maliyyə və resurs qıtlığı yaşayır. İdman müəllimi topu öz puluna alır, kompüterlər köhnədir və sairə… İnternetin davamlı olmaması isə kurrikulumla ayaqlaşmağı çətinləşdirir. Qritskonun sözlərinə görə, Ukraynadakı müharibə haqda dərslər üçün yeni tələblər qoyulub, xüsusi təlimatlar hər həftə yüklənməlidir.

Kreml bu müharibəyə “xüsusi hərbi əməliyyat” deyir, “ordunun gözdən salınması” üçün cəzalar nəzərdə tutur.

Bukaçaçada iki qəbiristanlıq var. Birində vaxtilə basdırılmış yaponiyalı əsgərlərin xatirəsinə memorial yerləşir. Təqaüdçü Andrey danışır ki, təxminən 20 il öncə həmin əsgərlərin qohumları əcdadlarının qalıqlarını repatriasiya etdirib.

24 saat” “
‘Milçək kimi qırılırıq’. Müharibədə yada düşən Bukaçaça
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button