2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Milli Məclisdə maaşların artıırlması təklif edilir

Milli Məclisdə büdcə müzakirələri davam etdirilib. 2018-ci ilin büdcə zərfinə daxil olan qanun layihələri bu dəfə Milli Məclisin daha 5 komitəsinin – Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasının müzakirəsinə çıxarılıb. Müzakirələrdə adıçəkilən komitənin sədrləri və üzvləri ilə yanaşı, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, maliyyə nazirinin müavini Azər Bayramov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və digər rəsmi şəxslər iştirak ediblər.
Komitələrin birgə iclasına Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli sədrlik edir: O bildirib ki, gələn ilin icmal büdcəsində sosial müdafiə xərcləri bu illə müqayisədə 20% çoxdur: “Büdcə sosial yönümlü olaraq vətəndaşa xidmət etməlidir. Prezident İlham Əliyevin siyasəti də bu məqsədə xidmət edir. Sevindirici haldır ki, postneft dövründə Azərbaycanda sosial müdafiə xərcləri azaldılmayıb. İcmal büdcənin böyük hissəsi sosial müdafiə məsələlərinə yönəldilib. Bu il sosial müdafiəyönümlü qanunlar qəbul olunub və bəzi qanunlara dəyişikliklər edilib. Bu, gələn ilin dövlət büdcə layihəsində əksini tapıb. Gələn ilin dövlət büdcəsində xərclərin 33,5 %-i sosial müdafiə tədbirlərinə yönəldilib. Qeyd edim ki, bu göstərici əvvəlki illərdə 26-28% civarında olub”.

“Hər il 100-150 nəfər eşitmə qabiliyyətini itirmiş uşaqlar dünyaya gəlir”

Müzakirədə iştirak edənlər müxtəlif təkliflər səsləndiriblər. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, 2018- ci ilin dövlət büdcəsində təhsil və elm sahəsinə maliyyə ayrılmasında artım var. “Xüsusilə də Azərbaycan Milli Elmlər Akademiyasına artım proqnozlaşdırılıb. Səhiyyə sahəsində çox ciddi proqramlar proqnozlaşdırılır. Bunlar çox vacibdir və ölkəmizdə də uğurla həyata keçirilir”.

Saytların yığılması Saytlarin yigilmasi

O əlavə edib ki, bildirib ki, keçən il də Milli Məclisdə koxlear implantasiya ilə bağlı məsələ qaldırılıb. “Ölkəmizdə hər il 100-150 nəfər eşitmə qabiliyyətini itirmiş uşaqlar dünyaya gəlir. Onlar əməliyyat olunmasa eşitmə qabilliyyətini itirə bilərlər . Bu əməliyyatı həyata keçirmək üçün büdcədən daha çox maliyyə vəsaiti ayrılmalıdır. Deyə bilərlər ki, səhiyyə sahəsinə nəzərdə tutulan vəsaitdən bu məsələyə maliyyə ayırmaq olar. Amma hesab edirəm ki, həmin vəsaitin özü də yetərli deyil. Ona görə də koxlear implantasiya üçün ayrıca maliyyə vəsaiti nəzərdə tutulmalıdır”.

Komitə sədri bildirib ki, orqan transplantasiyasına məruz qalan xəstələrin antidesprantlarla təmin olunması üçün əlavə vəsait ayrılmalıdır.

“Bu gün ölkədə və xaricdə vətəndaşlarımıza orqan transplantasiyası aparılır. Həmin şəxslərin yaşaması üçün ömrü boyu antidesprantlar almalıdırlar. Bunun üçün onlara 3000-3500 manat vəsait lazımdır. Ancaq, bu xəstələr onu ala bilmirlər. Onlar bu antidesprantlardan istifadə etməsələr orqanlarda qopma baş verir və həyatları təhlükə altına düşür. Buna da əlavə vəsait lazımdır. Çünki, səhiyyəyə ayrılan vəsaitlə bunu etmək mümkün deyil”.

Ə.Əmiraslanov qeyd edib ki, şiş əleyhinə preperatların alınması üçün də əlavə vəsait lazımdır.

“Bunun üçün bu il də vəsait ayrılıb. Ancaq bu peraparatlar çox bahalıdır. Ona görə də onların tam həcmdə alınmasında çətinliklər var. Bu da onkoloji xəstəliklərin müalicəsində çətinliklər yaradır. Hesab edirəm ki, ayrılan vəsaitin artırılmasına ehtiyac var”.

“Müəllim və həkimlərə güzəştli evlər verildin”

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı isə Azərbaycanda 3 yaşına qədər uşaqları olan ailələrə verilən müavinətin artırılması ilə bağlı təklif verib. “Uşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılsın, bu məsələ təkmilləşdirilsin. 3 yaşınadək uşağı olan ailələrə verilən müavinətlərin həcmi artırılsın və bu, 3 il müddətinə dəyişdirilməsin”.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov isə deyib ki, hazırda ünvanlı sosial yardım sisteminin yenidən formalaşması istiqamətində iş gedir: “Bu çərçivədə 3 yaşınadək uşağı olan ailələrə verilən müavinətlərin artırılması məsələsinə baxıla bilər”.
Aqiyə Naxçıvanlı prezidentin müvafiq sərəncamı ilə inşa olunan güzəştli sosial evlərin ipoteka yolu ilə müəllimlər və həkimlər üçün verilməsini də təklif edib. “Bu onların işlərinə stimul yarada bilər”.

Deputatın digər təklifi məişət zorakılığının qarşısının alınması ilə məşğul olan qurumların fəaliyyətinin gücləndirilməsi barəd olub. O qeyd edi ki, məhkəmələrdə, hüquq mühafizə orqanlarında psixoloq, sosial işçi statlarının yaradılmasına böyük ehtiyac var.

“Diplomatların xarici ezamiyyə həcminin artırılmasını təklif edirəm”

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, “Diplomatik fəaliyyət haqqında” qanuna ediləcək yeni dəyişikliklər nəticəsində Xarici İşlər Nazirliyininin maliyyəsi təkmilləşdiriləcək”.
Deputat bildirib ki, hazırda XİN-də “Diplomatik fəaliyyət haqqında” qanuna dəyişiklik üzərində iş gedir.

“Bu dəyişikliklərə əsasən, diplomatik fəaliyyətin və diplomatların maliyyələşməsinin təkmilləşdirilməsi nəzərdə tutulur. Qanuna ediləcək dəyişikliklər Milli Məclisdə müzakirə olunub, qəbul edildikdən sonra həm XİN-də, həm də diplomatik korpuslarda çalışan diplomatların maaşında dürüstləşmə həyata keçiriləcək”.

S.Seyidov əlavə edib ki, diplomatların maaşının dürüstləşməsi üçün ilkin olaraq Maliyyə Naziriliyindən vəsait ayrılması nəzərdə tutulur.

“Bununla bağlı məsələnin büdcədə indidən əksini tapması yaxşı olardı”. Komitə sədri onu da əlavə edib ki, son dövrlərdə beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərənlərin sayı artmaqdadır: “Ona görə də xarici ezamiyyə məsələsinə yenidən baxılaraq, onun həcminin artırılmasını təklif edirəm”.

“Səhiyyə işçilərinin məvacibləri artırılmalıdır”

Deputat Elmira Axundova bildirib ki, hazırlanan büdcə alyihəsi dünyada gedən reallıqları əks etdirir. “O, çox təmkinli, çox təkmil və yüksək professionallıqla hazırlanıb. Biz bunu başa düşməliyik”.

Deputat bildirib ki, Azərbaycanda çox peşəkar və çox gözəl həkim ordusu var amma onların maaşları çox aşağıdır.

“Poliklinikada çalışan tibb bacısının maaşı 110-120 manatdır. Yüksək savadlı həkimlərin məvacibi cəmi 150-160 manatdır. Biz bununla hara gedirik?! Xaricdə təhsil alan tələbələrimiz-həkimlərimiz Azərbaycana dönmək istəmirlər. Onlar öz sahələrinin uzmanıdırlar və deyirlər ki, bura dönsələr cəmi 250-300 manat alacaqlar. Bu, çox acınacaqlı bir haldır. Nəticədə də ələbaxımlılıq, digər mənfi hallar yaşanır. Bu gün bizim həkimlər ələbaxımlılığa öyrəşiblər. Bu belə olmamalıdır. Belə halları aradan qaldırmaq üçün də mütləq həkimlərin, səhiyyə işçilərinin məvacibləri artırılmalıdır”.

“Ürək problemi ilə doğulan uşaqların əməliyyatı üçün Dövlət Proqramı qəbul edilməlidir”

Deputat Rəşad Mahmudov isə ürək problemi ilə doğulan uşaqların əməliyyatı üçün Dövlət Proqramı qəbul edilməsini təklif edib: O qeyd edib ki, Azərbaycanda hər 1000 doğuşdan 8-14-də ciddi ürək qüsurlu uşaqlar dünyaya gəlir və bu uşaqların 25 faizi dünyaya gəldikləri ilk ay içərisində, 60 faizi 6 ay içərisində, 80 faizi isə 1 il içərisində həyatını itirir.

“Hesablanan rəqəmlərə görə, bu problemlərin həlli üçün Azərbaycanda ildə 800-1000 arası əməliyyat aparıla bilər. Hazırda bunun 10 minə çatdırılması üçün işlər aparılır. Bunun üçün ilkin göstəricilərə görə, 15 milyon manata yaxın vəsaitə ehtiyac var.

Bu gün dövlət xəstəxanasında 250-yə yaxın uşağın əməliyyatı təşkil olunur. Amma, bunun üçün hər hansı bir dövlət proqramı yoxdur. Hesab edirəm ki, dövlət proqramı çərçivəsində bu il və ya gələn il Səhiyyə Nazirliyinə təklif təqdim olunmalıdır”.

R.Mahmudov vurğulayıb ki, gələcəkdə canımızı əmanət edə biləcəyimiz səhiyyənin olmasını və bunun inkişaf etməsini arzulayırıqsa, səhiyyəyə qarşı iqtisadi baxış nəzər salınmalıdır.

“Hər il şəkərli-diabet xəstələrinin sayı 10-15 faiz artır”

Deputat Rafiq Məmmədhəsənov deyib ki, “Şəkərli-diabet xəstələri haqqında proqrama əsasən ayrılan vəsaitin keçən ilki səviyyədə saxlanılması dərman çatışmazlığına səbəb ola bilər”. O bildirib ki, bu xəstələrin haqlı narazılığına səbəb ola bilər.

“Azərbaycanda da şəkərli-diabet xəstələri haqqında proqrama əsasən keçən ilki qədər vəsait ayrılıb. Ümumdünya statistikası isə göstərir ki, hər il şəkərli-diabet xəstələrinin sayı 10-15 faiz artır. Ayrılan vəsaitin sabit qalması, xəstələrin sayının artması isə ona səbəb ola bilər ki, yeni qeydiyyata götürülən şəkərli-diabet xəsətlərinə dərman çatmasın. Bu isə həmin xəstələrin haqlı narazılığına səbəb olacaq. Ona görə də bunun nəzərə alınmasını xahiş edirəm”.

R.Məmmədhəsənov qeyd edib ki, yanvar ayından Tibb Universitetinin klinikalarına hökumət tərəfindən ayrılan vəsait dayandırılıb. “Təsərrüfat hesabına keçirildiyindən bu klinikalara xəstə gəlişi azalıb. Tibb Universitetinin əksər klinik kafedraları, yəni həkimliyi öyrədən kafedralar bu klinikalarda yerləşirlər.

Ona görə də həkimlər tələbələri nəzəri olaraq hazırlamaq məcburiyyətində qalıblar. Sonra da deyiləcək ki, Tibb Universiteti yaxşı həkimlər hazırlaya bilmir. Əgər mümkündürsə, Tibb Universitetinin klinikalarına 1-2 il ərzində vəsait ayrılsın. Bu klinikalar öz işini möhkəmləndirəndən sonra bu vasait kəsilə bilər”.

“Bəzi ailələrdə azyaşlı qızlar hicab bağlamağa məcbur edilir”

Deputat Gövhər Baxışəliyeva isə alimlərin maaşlarının artıeılmasını təklif edib: “Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının aldığı maaş ürəkaçan vəziyyətdə deyil. Ona görə yaxşı olardı ki, AMEA əməkdaşlarının məvacibləri də artırılsın”.

Deputat bildirib ki, büdcə zərfində ötən illə müqayisədə elm sahəsinə nəzərdə tutulan maliyyə vəsaiti xeyli artırılıb.

“Haradasa 4,3 faizlik artım var. AMEA-nın müvafiq institutları beynəlxalq əhəmiyyətli tədbirlər keçirir. Bu tədbirlər üçün də müvafiq maliyyə vəsaiti nəzərdə tutulmalıdır.Məsələn, bu yaxınlarda böyük ziyalımız Ziya Bünyadovla bağlı böyük bir tədbir keçirildi.
Bu tədbirə gələnlərin böyük əksəriyyəti öz vəsaitləri hesabına gəlmişdilər. Ancaq bu təbdirə qatılmaq istəyənlərin sayı həddən çox idi. Odur ki, bu cür tədbirlərin keçirilməsi üçün də büdcədən maliyyə vəsaiti ayrılsın”.

Deputat həmçinin qeyd edib ki, bəzi ailələrdə azyaşlı qızlar hicab bağlamağa məcbur edilir. “Bu çox təhlükəli haldır. Bu məsələyə xüsusi diqqət yetirilməlidir. Ailələrdə azyaşlı qızlara qarşı belə məcburiyyətin kök atmasına imkan verməməliyik”.

Hadı Rəcəbli Ehtiyac meyarının artırılmasını təklif edir

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki ehtiyac meyarının məbləği artırılmalıdır”. Komitə sədri bildirib ki, ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib.

“Ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib. Ötən il də bu məbləğ 116 manat idi. Maliyyə Nazirliyi bu məbləğin artırılmasını təmin etsə, yaxşı olar. Çünki ünvanlı sosial yardımın təmin edilməsində ehtiyac meyarı əsas götürülüb”.
Komitə sədri əlavə edib ki, 2018-ci il üçün yaşayış minimumunun məbləğinin dəyişdirilməsinə isə ehtiyac yoxdur.

Qeyd edək ki, büdcə zərfində 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyən edilib.

2018-ci il dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat həcmində proqnozlaşdırılır ki, bu da ÜDM-in 29%-i həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 mlrd. manat və ya 20%, 2016-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 2,621 mlrd. manat və ya 15% çoxdur. 2018-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7,907 mlrd. manatı və ya 39,3%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmalar, 9,216 mlrd. manatı və ya 45,8%-i Dövlət Neft Fondundan transfert, 2,43 mlrd. manatı və ya 12,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar, 574 mın. manatı və ya 2,8%-i isə digər gəlirlərin payına düşür.

Vergilər Nazirliyi üzrə proqnoz məbləği ÜDM-in 11,4%-i həcmində olmaqla 7,907 mlrd. manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 262 mln. manat və ya 3,4%, 2016-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 891,4 mln. manat və ya 12,7% çoxdur.

Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barel səviyyəsində götürüləcək. Bu, 2017-ci ildəki analoji baza qiymətindən 12,5% və yaxud 5 dollar/barel çoxdur. 2018-ci ilin büdcə xərclərinin ÜDM-də xüsusi çəkisi 30,1% təşkil edəcək ki, bu da 2017-ci ilə nisbətən 3,8 faiz bəndi çoxdur. Mütləq ifadədə 2018-ci ilin dövlət büdcəsində xərclər 20,906 mlrd. manat həcmində proqnozlaşdırılır ki, bu da 2017-ci illə müqayisədə 2,965 mlrd. manat və ya 16,5%, 2016-cı ilin faktiki icrası ilə müqayisədə 3,154 mlrd. manat və ya 17,8% artıqdır.

Beləliklə, 2018-ci ildə büdcənin kəsiri 778,7 mln. manat olacaq. Azərbaycanın 2018-ci il icmal büdcəsinin gəlirləri 23 223,2 mln. manat məbləğində proqnozlaşdırılır. İlkin layihə sənədinə əsasən, bu, 2017-ci ilin proqnozundan 246 mln. manat və yaxud 1,1% çoxdur. Gələn il icmal büdcənin xərcləri isə 26 674,1 mln. manat məbləğində gözlənilir.

Qeyd edək ki, büdcə müzakirələri noyabrın 7-də başlayıb və İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında aparılıb.

Rəşad VAQİFOĞLU

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button