2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Milli Şura Əlizamin Salayevin işgəncəyə məruz qalması ilə bağlı bəyanat verib

AXCP fəalı Əlizamin (Zamin) Salayevin polisdə işgəncəyə məruz qalması ilə bağlı Milli Şura bəyanat verib. Bəyanatda deyilir:

“AXCP Salyan şöbəsinin fəalı Əlizamin (Zamin) Salayev Bakı şəhəri Səbail Rayon Polis İdarəsində və idarənin 8-ci bölməsində ağır işgəncələrə məruz qalıb. Ə.Salayev necə və hansı şəraitdə amansızlıqla döyüldüyünü artıq ictimailəşdirə bildiyi məktubunda təfərrüatı ilə yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlum olur ki, yanvarın 13-də Bakının Səbail rayonu ərazisində dostları ilə birgə nahar edərkən saxlanılan və daha sonra Səbail məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilən Ə.Salayevi məhkəmədən 8-ci polis bölməsinə aparıb, orada vəhşicəsinə döyüblər. Bölmə rəisinin iştirakı ilə polislər onu öz şəxsiyyətini alçaldan hərəkətə məcbur etmək istəyiblər, istəkləri yerinə yetirilməyəndə isə qolları qandallı yerə yıxaraq təpikləyiblər. Daha sonra onu Səbail Rayon Polis İdarəsinə apararaq orada da amansız işgəncəyə məruz qoyublar. Onu əvvəlcə idarə rəisinin özü söyüb və döyüb, sonra da zirzəmiyə apararaq “sındırmağı” tapşırıb. Polis əməkdaşları Ə.Salayevi idarənin zirzəmisində şəxsiyyəti alçaldan hərəkətə və dəhşətli işgəncələrə məruz qoyublar. İşgəncələrin nəticəsində Ə.Salayev çoxsaylı xəsarətlər alıb, ən təhlükəlisi isə qarın boşluğunda yırtıq əmələ gəlib.

İşgəncələrdən Ə.Salayevin vəziyyəti elə ağırlaşıb ki, polislər onu xəstəxanaya aparmalı olublar. Həkimlər onun qarın boşluğunda yırtıq əmələ gəldiyini və təcili cərrahi əməliyyata ehtiyac olduğunu bildiriblər. Lakin polislər onun əməliyyata alınmasına imkan verməyib, ilkin tibbi yardımla kifayətlənməyi tələb ediblər. Daha sonra onu elə ağır vəziyyətdə İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə (Binəqədi təcridxanası) yerləşdiriblər.

Əlizamin Salayev polisin qəzəbinə ictimai maraqları müdafiə etdiyi üçün gəlib. Belə ki, o, Salyan Rayon Polis şöbəsinin təhqiqat bölməsinin rəisi kapitan Həmzə Əzizovun qanuna zidd və polis əməkdaşına yaraşmayan hərəkətləri barədə ictimaiyyətə məlumat verdikdən sonra polis orqanları ona təzyiq etməyə başlayıb. Kapitan Əzizov özünü Daxili İşlər Naziri Vilayət Eyvazovun qohumu kimi qələmə verərək, onun əməllərini ifşa etməkdən çəkinməsə, Əlizamin bəyi qohumluq əlaqələrindən istifadə edərək cəzalandıracağı ilə hədələyib.

13 yanvar 2020-ci il tarixdə Ə.Salayev kapitan Əzizovun qanunsuz əməlləri və onu hədələməsi haqda Daxili İşlər Nazirliyinə məlumat vermək üçün Bakıya gəlib və burada artıq deyildiyi kimi, həbs olunub.

Ə.Salayevə təcridxanaya yerləşdiriləndən sonra bir neçə gün ərzində ailə üzvlərilə görüş də verilməyib. Güman ki, buna səbəb onun üzərində işgəncə izlərinin açıq görünməsi olub.

Milli Şura təəssüflə bildirir ki, bu, polis orqanlarında insanlara işgəncə verilməsinə dair birinci hal deyil. Artıq Azərbaycan cəmiyyəti hər il bir neçə dəfə polis orqanlarında ağır işgəncələr, bəzən hətta işgəncədən ölüm halları barədə məlumatlar alır. Çox təəssüf ki, neçə illərdir davam edən bu vəziyyətin qarşılığında ölkə rəhbərliyi heç bir adekvat tədbir görməyib, əksinə polis orqanlarını xüsusən də siyasi müxalifətə qarşı cəza alətinə çevirib. İctimai-siyasi fəallara və hətta MŞ Koordinasiya Mərkəzinin üzvləri Əli Kərimli, Tofiq Yaqublu, İbrahim İbrahimli kimi tanınmış siyasi liderlərə belə ağır işgəncələr verilməsi, ciddi bədən xəsarətləri yetirilməsi, elə ə də keçmiş müstəntiq və siyasi məhbus olmuş Rüfət Səfərovun polisdə ağır işgəncələrlə təhdid edilməsi, tanınmış bloqçu və keçmiş siyasi məhbus Mehman Hüseynovun yenə də Səbail polisində qəddarcasına döyülməsi məhz bunun nəticəsidir.

Milli Şura bir daha bəyan edir ki, ölkədə rəsmi qurumların qanunları tapdaması, hüquq mühafizə orqanlarının repressiya və cəza alətinə çevrilməsi bilavasitə dövlət başçısı İlham Əliyevin özündən qaynaqlanır. Polis və başqa dövlət orqanları məhz İlham Əliyevin idarəçilik prinsiplərinə söykənərək, bəzi hallarda isə şəxsi göstərişi əsasında qanunsuzluqlara, anti-insani əməllərə və cinayətlərə yol verirlər.

Milli Şura bildirir ki, Əlizamin Salayevin başına gətirilənlər vətəndaşa qarşı inzibati terrorun daha bir nümunəsi, növbəti dövləti cinayətdir. Milli Şura bu cinayəti törədənlərin dərhal cəzalandırılmasını tələb edir.

Milli Şura ölkə ictimaiyyətini Ə.Salayevin başına gətirilənlərə səssiz qalmamağa, kütləvi etiraz və tələblərlə hakimiyyəti işgəncə siyasətindən imtinaya məcbur etmək, konkret halda isə Ə.Salayevə işgəncə verənlərin cəzalandırılmasına nail olmaq üçün səy göstərməyə çağırır. Milli Şura həmçinin demokratik dünyanı və Azərbaycanla qarşılıqlı öhdəlikləri olan beynəlxalq təşkilatları İlham Əliyev hakimiyyətinin repressiya və işgəncə siyasətini durdurmaq üçün nəhayət təsirli tədbirlər görməyə, o cümlədən işgəncə və repressiyalarda iştirakı olan vəzifəli şəxslərə ünvanlı sanksiyalar tətbiq etməyə səsləyir”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button