2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Milli Şura 3 milyardla bağlı hakimiyyət qarşısında tələb qoydu

Milli Şura Azərbaycan hakimiyyətinin 2012-14-cü illəri əhatə edən 2.9 milyard dollarlıq korrupsiya əməliyyatı barədə üzə çıxarılmış faktla bağlı bəyanat verib. Bəyanatda deyilir:
Azərbaycan hakimiyyətinin korrupsioner mahiyyəti bugünlərdə bütün dünyada növbəti dəfə ifşa edildi. Mütəşəkkil cinayətkarlıq və korrupsiya faktlarını araşdıran beynəlxalq jurnalistlər qrupunun apardığı və “The Guardian” qəzetində dərc olunmuş faktlardan bəlli olur ki, Azərbaycanın hakim ailəsi özünə yaxın şirkət vasitəsilə və dövlət bankı olan Beynəlxalq Bank üzərindən 2012-14-cü illərdə ölkədən 3 milyard dolları çıxararaq, Böyük Britaniyada qeydiyyatdan keçən 4 ofşor şirkətə ötürüb. Cəzasız qalacaqlarına əmin olan cinayətkarlar hətta Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və keçmiş MTN-ə də Londondakı saxta şirkətlərə pul göndərtdiriblər. Ən dəhşətlisi isə Azərbaycanın son illərdə milyardlarla dollar müqabilində mənəvi və fiziki cəhətdən aşınmış silahlar aldığı Rusiyanın “Rosoboroneksport” şirkətinin də həmin “qara kassaya” pul köçürməsidir. “Qara kassaya” toplanmış pulların bir qismi Əliyevlər hakimiyyətinə lobbiçilik etmək və Azərbaycanda insan haqları, demokratiya sahəsində acınacaqlı vəziyyəti pərdələmək üçün bəzi avropalı siyasətçilərə rüşvət kimi ödənilib, qalan böyük hissəsi isə ofşor hesablarda, güman ki, ailənin sərancamında saxlanılır.
Milli Şura bildirir ki, Əliyevlər hakimiyyətinin korrupsionerliyi onsuz da xalqımıza yaxşı məlumdur. Buna qədər də ictimaiyyət Əliyevlər hakimiyyətinin 10 il ərzində ölkədən 48 milyard dollar çıxarması haqda məlumatlara malik idi. Bir sıra jurnalist araşdırmaları da indiyə qədər Azərbaycan hakimiyyət nümayəndələrinin çoxsaylı ofşor hesablarda milyardlarla dəyəri olan holdinqlərə, banklara, daşınar və daşınmaz əmlaka malik olmasını üzə çıxarmışdı. Amma bu fakt çox ciddi əhəmiyyətə malikdir, çünki cəmi 2 il ərzində və yalnız bir xətt üzrə 3 milyard dollarlıq korrupsiya əməliyyatından söhbət gedir. Bu fakt çox ciddi, rəsmi araşdırma tələb edir və Milli Şura israrla tələb edir ki, belə bir araşdırma başlanılsın.
Milli Şura təəssüf edir ki, Avropada öz dəyərlərinə, demokratiya və insan haqlarına hörmətlə yanaşan jurnalistlər, ictimaiyyət nümayəndələri və siyasətçilərlə yanaşı, bu hadisədən də göründüyü kimi, demokratiyaya xəyanət edən, avtoritar rejimlərə və diktatorlara muzdla xidmət göstərən, siyasətçi, dövlət və ictimaiyyət xadimləri də mövcuddur. Azərbaycan xalqı belələrinin ucbatından çox ziyan çəkib. Azərbaycan hakimiyyəti bir qayda olaraq seçkiləri saxtalaşdırandan sonra məhz indi üzə çıxarılan sexmə bənzər üsullarla, maddi maraq müqabilində ölkəyə gətirdiyi avropalı siyasətçilərdən saxta seçkilərə müsbət qiymətlər alıb. Bu isə Azərbaycan xalqında ciddi məyusluq yaradıb və Qərbin öz dəyərlərinə sədaqətinə, ümumilikdə demokratiyaya inamını sarsıdıb. Hazırda Azərbaycan xalqının demokratik dəyərlər uğrunda mübarizəyə hamılıqla həvəs göstərməməsində bu amilin ciddi təsiri var. Bu da bötüvlükdə Qərbin üzərinə böyük məsuliyyət qoyur ki, uzun zaman korrupsioner avropalıların vurduğu zərərin aradan qaldırılması, xalqımızın demokratik dəyərlərə inamının bərpası üçün səylərini davam etdirsin.
Milli Şura hesab edir ki, üzə çıxarılan faktlar müvafiq Avropa strukturlarının hamısında ciddi şəkildə araşdırılmalıdır. İlk növbədə Böyük Britaniyada qeydiyyatdan keçmiş və Azərbaycanın hakim ailəsinə məxsusluğu ehtimal edilən 4 ofşor şirkətin təsisçiləri ictimaiyyət üçün açıqlanmalıdır. Onların adlarının gizli saxlanması korrupsionerlərin dövlət səviyyəsində hələ də himayə olunduğu anlamına gələr. Araşdırmada adı keçən, Azərbaycandakı hakim rejimdən rüşvət almış avropalı siyasətçilərin hər birinin əməlinə müvafiq prokurorluq orqanları hüquqi qiymət verməlidir. Onlar rüşvət alaraq Azərbaycan xalqına vurduqları zərərə görə həbslə nəticələnən məsuliyyət daşımalıdırlar. Əks təqdirdə onların əməllərinə görə məsuliyyəti bütövlükdə Avropa strukturları bölüşmüş olacaq. Avropa Şurası bu məsələlərdə daha çox adı çəkilən təsisat olaraq təcili şəkildə prinsipial araşdırmalar aparmalı və Azərbaycandakı saxta seçkilərə müsbət qiymətlər vermiş, Azərbaycan hakimiyyətindən pul almış təmsilçilərini ciddi cəzalandırmalı, onları qurumdan xaric etməlidir. Avropa Şurası üzv dövlətlərin xalqlarını əmin etməlidir ki, baş verənlərdən nəticə çıxarıb və korrupsioner rejimlərin bu qurumdan öz məqsədləri üçün bundan sonra da istifadəsinə imkan verilməyəcək.
Hadisələrin cərəyan elədiyi Avropa ölkələrində bu prosesin istintaqının düzgün aparılması məqsədilə bütövlükdə Avropa qurumları onu nəzarətə götürməlidir. Milli Şura hesab edir ki, Azərbaycan hakimiyyəti kimi korrupsioner rejimlərin bundan sonra da Avropa siyasətçilərini rüşvətlə ələ almasına imkan verməmək məqsədilə Avropa Parlamentinin aşkarlanmış korrupsiya faktına ciddi siyasi qiymət verməsi və xüsusi qətnamə ilə Avropa Birliyi strukturlarına Azərbaycan rəhbərliyi və Avropa rəsmiləri arasında aşkarlanmış və hələ də aşkarlanbmamış korrupsiya əlaqələrini araşdırmağı tapşırması son dərəcə vacibdir. Azərbaycan xalqına qarşı cinayətdə iştirak etmiş heç kim məsuliyyətdən kənarda qalmamalıdır.
Milli Şura Baş prokurorluqdan baş vermiş cinayət hadisəsi ilə bağlı cinayət işi başlamağı tələb edir. Kimliyindən asılı olmayaraq xalq malını talan edən vəzifəli şəxslər qanun qarşısında məsuliyyət daşımalı, xalqdan oğurlanmış milyardlar müsadirə olunaraq dövlət büdcəsinə qaytarılmalıdır.
Milli Şura bəyan edir ki, bu cinayət hadisəsini daimi diqqətdə saxlayacaq, onun ört-basdır edilməsinə, unutdurulmasına imkan verməyəcək. Xalqdan oğurlanmış milyardlarla dollarlıq vəsaitin xalqa qaytarılması, cinayətkarların cəzalandırılması üçün Konstitusiyanın bizə verdiyi bütün hüquqlardan istifadə edəcək.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button