2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Milli Şura sədri Elçin Şıxlını təbrik etdi

Milli Şuranın sədri Cəmil Həsənli tanınmış jurnalist Elçin Şıxlını 60 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:

Elçin Şıxlının da 60 yaşı tamam oldu. Mən vaxtı ilə, 1979-cu ildə İsmayıl Şıxlının 60 illiyində də iştirak etmişəm. İndi isə 38 il sonra Elçinin 60 yaşı olur. Doğrusu cəmiyyətdə müşahidə edilən neqativ meyllərin bir səbəbini də atalar və oğullar qarşıdurmasında axtaranlarla heç razı deyiləm. Çünki ötən əsrin 60-cı illərindən əsərlərini Azərbaycan dilində sevə-sevə oxuduğum İsmayıl Şıxlı ilə elə həmin əsrin 90-cı illərindən yazılarını rus dilində oxuduğum Elçin Şıxlı arasında ideya fərqi yox, ideya vəhdəti görürəm. Ziddiyyət yox, zaman fərqi görürəm, nəsillərin qarşıdurmasın yox, qarışıq zəmanələrdə əli qələm tutan ata və oğulun milli ruha tapınmasın, milli qayəyə eyni sədaqətin görürəm. Mən “Dəli Kür”ün ilk variantını ədəbiyyat dəlisi olarkən 60-cı illərdə “Azərbaycan” jurnalında oxumuşdum. Romanın maraqlı məqamlarından biri həmin vaxta qədər sovet nəsrində mənfi obraz kimi verilən hakim sinfin nümayəndəsi Cahandar ağanın ən böyük arzusu “bu dünyada hər şeydən əziz olan təmiz adla yaşamaq idi.” Bax, Cahandar ağanın milli ruhdan, milli əxlaqdan süzülüb gələn bu ülvi arzusu ata-oğul Şıxlıların – həm İsmayıl müəllimin simasında, həm Elçin bəyin şəxsində eyni mənəvi dəyərlərə tapınmağın həyat həqiqətinə çevrildi.  Elçin tək Şıxlı olduğu üçün deyil, yüksək intellekti, dərin savadı, geniş dünyagörüşü və elə bu trayektoriyada mənəvi dünyası olub zəmanənin gərdişinə müqavimət göstərə bilən bir gənc olduğu üçün İsmayıl Şıxılının “Ölən dünyasından” doğula bildi, ölkənin payız dumanında get-gedə öləziyib yox olmaq təhlükəsi ilə üzləşən ziyalı mühitində diri qala bildi.

Saytların yığılması Saytlarin yigilmasi

Və elə həmin vaxtlar Elçin Şıxlının diriliyi “Zerkalo”dan keçirdi və hərdən “Ayna”da da özünə baxmaq imkanı olurdu. Onunla və bir müddət sonra yazılarımın redaktəsində böyük əməyi olan Fərrux Şıxlı ilə də tanışlığımız məhz rus dilli, milli ruhlu bu qəzetdən başlamışdı. Mən Əlimərdan bəy Topçubaşov haqqında kitab yazanda “Kaspi”nin hər sayını vərəqləməli oldum. Əsrin əvvəlində nəşr olunmuş “Kaspi” ilə, sonunda nəşrə başlayan “Zerkalo” arasında ideya yaxınlığı var idi. Mənim aləmimdə “Zerkalo” yüz illik bir zaman fasiləsindən sonra  “Kaspi”nin özünəməxsus mənəvi davamı idi və hər ikisi milli dərdin carçısı, milli taleyin aynası idi. Mən “Zerkalo”nu izləyəndə açıq-aydın duyurdum ki, Elçin bəy Əlimərdan bəyin çoxsahəli fəaliyyətinin mətbuata aid olan hissəsinin ardıcıl davamçısı rolunda çıxış edir, onun əməllərini, onun ruhunu, onun arzularını “Zerkalo”da yaşada bilir. Sözün tam mənasında Elçin bəy “Zerkalo”nun simasında milli ənənələrə söykənən çağdaş bir qəzet yarada bilmişdi. Bütün fəaliyyəti dövründə “Zerkalo” yağmalanmış yurdun, işğal olunmuş Qarabağın dünyaya çıxan haray məqamı idi. “Kaspi”ni rus-erməni bolşeşevikləri qapatdı, “Zerkalo”nu öz nadanlarımız və bu qəzetin qapanması ilə Qarabağın informasiya mühasirəsi də başa çatdı. Halbuki, bu qəzet ideya istiqamətinə və informasiya gücünə görə yalnız Azərbaycanın deyil, bütün Qafqazın ən güclü rus dilli mətbuat orqanı idi. İndi artıq “Zekalo” tarixdir və məhz bu tarixin içində Elçin Şıxlının mövqeyi cilalandı, peşəkarlığı püxtələşdi, parlaq şəxsiyyəti formalaşdı. Heç şübhəsiz bu altımış ilin tamamında “Zerkalo” Elçin Şıxılının həyatının ən obyektiv bir aynasıdır və hazırda sosial şəbəkələrdə ara-sıra gözə dəyən “Ayna” da keçmişdəki əzəmətli əməllərin qaranlıq zəmanəmizə uyğun özünəməxsus bir uzantısıdır.

Mən ara-sıra dəyərli dostum Rüstəm İbrahimbəyovla görüşəndə Azərbaycan ziyalılarının onun evində və onun ətrafında formalaşan unudulmaz mühitini, Zialılar Forumunu minnətdarlıqla xatırlayırıq. Həmin mühitdə Azərbaycan mətbuatının Elçin Şıxlı, Arif və Mehman Əliyevlər, Qulu Məhərəmli kimi  ictimai fikrə təsir imkanlarına malik olan maraqlı bir dairəsi təmsil olunurdu. Ölkəmizin durumu həmin illərdən daha acınacaqlı olsa da, artıq Forum yoxdur, sanki ziyalılığın ictimai məzmunu da Forumla birlikdə tarixin axarına qovuşdu. Amma keçmişə baxanda  xatırlanası bir şeylər var və ictimai fikirdən söhbət gedəndə Rüstəm bəy həmişə şəxsiyyətlərinə böyük hörmət bəslədiyimiz bu dostları hökmən yada salır, onların fəaliyyəti ilə maraqlanır, “Zerkalo”nun qapadılmasından dərin təəssüfünü ifadə edir. Bütün hallarda ölkə mətbuatında Elçin Şıxlı, Arif Əliyev, Qulu Məhərrəmli, Mehman Əliyev kimi peşəkar, milli qayədən qaynaqlanan doğru-dürüst, öz peşəsinə və şəxsiyyətinə hörmətlə yanaşan insanların olması bu millətin üz ağlığıdır. Elə bu meyarla da Elçin Şıxlının 60-cı doğum gününü təbrik edirik.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button