2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Milyarderin göz yaşları

 

Hacıbala Abutalıbovla Ziya Bünyadov arasındakı fərqlər

Saytların yığılması Saytlarin yigilmasi

 

Milyarder Fərhad Əhmədov sabiq neft naziri Natiq Əliyevin ölüm hekayəsini anladan bir yazı yazıb. Yazı, daha çox reportaja bənzəyir və bu yazını oxuduqca ölkə mətbuatının necə möhtəşəm bir jurnalistdən məhrum olduğuna görə təəssüflə baş yırğalayıram. Doğrudur, belə bir jurnalisti itirməyimizin əvəzində elə bir milyarder peyda olub və bu, o qədər də pis deyil. Hətta onu da nəzərər alsam ki, Fərhad Əhmədov Azərbaycanda qalıb işləsəydi milyarder deyil, uzaqbaşı milyoner olardı, bəlkə, heç milyoner də ola bilməzdi, icra başçısı olardı, ama icra başçısı olmağın milyoner olmaqdan yaxşı və ya pis tərəflərini dartışmaq olar… Gerçəkdən, məqsədim Fərhad Əhmədovun itirilmiş jurnalistika və qazanılmış biznes elita üçün faydalarından bəhs etmək deyil. Fərhad Əhmədov Natiq Əliyevin ölümündən reportaj yazıb və bu reportaj həm də Natiq Əliyevin deyil, itirilmiş Azərbaycan səhiyyəsinin acınacaqlı durumuna həsr edilmiş ağı kimi bir şey sayıla bilər. Bu barədə az sonra, amma bu arada onu qeyd eləyim ki, Azərbaycan daha bir mühüm beynəlxalq bənd üzrə Ermənistandan geri qaldı.

“Global Innovation Index” reytinqində Ermənistan 59-cu, Azərbaycan isə 82-ci yerdə qərarlaşdırıldı.

Azərbaycan hakimiyyəti adam oğrularını harada axtarır?

Bu da əsas məsələ deyil. Azərbaycan polisi 5 nəfərin adını İnterpola təqdim edib. Həm də bu adamların Azərbaycandan çıxdığına əmin olduqdan sonra onların adlarını İnterpolun siyahısına daxil edib. Bu adamlar adam oğurluğu və xuliqanlıq cinayətlərində ittiham olunan idmançılardır…Bunlar 32 yaşlı Rüfət Əmirov, 37 yaşlı Elvin Cəfərov, 38 yaşlı Rafət Əmirov, 29 yaşlı Kamil Əmirov və 22 yaşlı Əli Hüseynlidir… Onların konkret olaraq hansı cinayətləri törətdiyi bəlli deyil… Amma, məsələn, konkret olaraq Rafet Əmirovun «Rafet Əlibayramlı» titulu ilə qanuni oğru adı aldığı bəllidir. O birilər də yəqin ki, həmin çevrədəndirlər və mən Azərbaycan polisinin kimisə interpola verməsini də qeyri-adi hal saymıram. İnterpol avtoritar rejimlərin admin olduğu facebook səhifəsi kimi bir şeydir, hansının xətri istəyirsə, girib orda bir status yazır, statusa uyğun da şəkil paylaşır. Məsələ burasındadır ki, Azərbaycan hökuməti kimisə adam oğrusu sayıb İnterpola şəkil və məlumat ötürür.. Mənə, şəxsən, bu, gülməli gəlir. Bu hökumətin üst qatda olan bütün elitası lap elə bu günlərdə adam oğurluğunda ittiham olunur, həm də «İnterpol» adlı facebook səhifəsində yox, dünyanın bütün ciddi beynəlxalq təşkilatlarının gündəliyində… Adam oğurluğunu isə elə təşkil ediblər ki, Tbilisinin ortasında bütün müşahidə kameralarının yaddaşı pozulub… Mütəşəkkil cinayət budur, yoxsa beş nəfəri hansısa qeyri müəyyən cinayətlərdə ittiham edib adını İnterpolun dəftərinə yazdırmaqla deyil axı. Gəlin biz də hamılıqla birləşək və İnterpola müraciət edək ki, Tbilisidə adam oğurlamaqda şübhəli bilinənlərin hamısının şəkillərini və bioqrafik məlumatlarını öz səhifəsinə yazsın… Ya da milyarder Fərhad Əhmədovun nazir Natiq Əliyevin ölümündə ittiham etdiyi şəxslərin adlarını…

Rövnəq Abdullayev yoxs, mərhum Əliyev?

Natiq Əliyev indiki Azərbaycan hakimiyyəti, xüsusilə də hakimiyyəti əlində saxlayan sülalə üçün mühüm adamlardan biriydi. O, hələ 1993- cü ilin iyun hadisələri ərəfəsində Heydər Əliyevin yaxın adamı kimi Moskvadakı məxfi məsləhətləşmələrə qatılırdı… Sonra Neft Şirkətinin prezidenti oldu. Sonra neft və sənaye sektorunda beynəlxalq münasibətləri qaydaya salmaq və sahmanda saxlamaq üçün Sənaye və energetika nazirliyi yaradıb onu oraya nazir qoydular. Görünür, nəzərə almışdılar ki, Rövnəq Abdullayev istənilən sənədə qol çəkmək üçün yarasa da, istənilən danışıqları aparmaq üçün o qədər də yararlı deyil… Yəni, kəsəsi, ölkənin enerji ehtiyatları üzərində oturub- qalan hakim ailə üçün Natiq Əliyevdən daha əhəmiyyətli adam heç, Rövnəq Abdullayev də ola bilməzdi və milyarder Fərhad Əhmədov da yana- yana qeyd eləyir ki, bu əhəmiyyətli adam necə baxımsız və sahibsiz bir şəkildə vəfat etdi… O qədər tənha və sahibsiz şəkildə ki, hətta son anda ürəyinin ağrılarının sakitləşdirmək üçün də Neftçilər xəstəxanasının həkiminin yox, öz sürücüsünün xidmətindən istifadə etməyə məcbur olub. İş- işdən keçəndən sonra Səhiyyə naziri hadisə yerinə gəlib, deyəsən, baş həkim, xəstəxananın önəmli başqa həkimləri də toplaşıb gəliblər və Əliyev ailəsi üçün çox mühüm əhəmiyyətin ünvanı olan bu adamın vəfatı ilə bağlı monitorinq aparıblar…

Sürücüsünün dizləri üstündə keçinən oliqarx

Fərhad Əhmədovun qələmə aldığı və ya klaviaturaya döyəclədiyi reportajda bu anlar təfsilatı ilə qeydə alınıb. Əlbəttə, mən onu da qeyd eləmək istəmirəm ki, ölkənin it gününə salınan səhiyyəsi heç kimi müalicə eləmək iqtidarında deyil və əli bir balaca yuxarı olan bütün adamların böyründən yel ötən kimi xaici ölkələrdə müalicə almağa gedirlər. Natiq Əliyev də elə eləyib. Əvvəlcə Almaniyada ürəyinə stend qoydurub, sonra vəziyyəti pisləşəndə Türkiyədən xüsusi həkimlər gətizdiriblər, ürək ağrısından göynəyən kürəyini də həkimlər yox, elə öz sürücüsü ovxalayıb… Burada səhiyyə sisteminin kövrək mənzərəsindən başqa, insana verilən dəyərin də bərbadlığı ibrətamiz nümunə yardır. Əliyev sülaləsi üçün Natiq Əliyevdən daha əhəmiyyətli adamların siyahısını tutmaqda çətinlik çəkirəm. Bu siyahıda ondan əvvəl gələn bəlkə də Əli İnsanovun adı ola bilərdi…Amma Natiq Əliyevin sonu Neftçilər Xəstəxanasında, sürücüsünün dizləri üstə can verdiyi yerdə bitdi, Əli İnsanovu isə, yəqin ki, daha ağır aqibət üçün hazırlayırlar… Başqalarını da başqa, öz ranqlarına uyğun şəkildə bitirmək üçün xüsusi bir kompleks yoxdur. Adamların dəyəri budur. Öz adamlarına verdikləri dəyər budur və başqalarına verdikləri dəyərin ölçüləri də ildən-ilə sayı artan intiharlarda ifadə olunur. Hətta intihar həddinə çatdırılan polis əməkdaşlarının ifadəsində.

İntihar etmək istəyən polis işçisi

Zəka Bünyadov adlı polis serjantı müraciət edir ki, onu ayaqyoluna getdiyinə görə işdən çıxarıblar. Zəka Bünyadov Ucarın Bağman kəndindəndir. 2012- ci ildə həvəslə Daxili İşlər Nazirliyinə, daha doğrusu, Suraxanı rayonunda mühafizə şöbəsinə işə düzəlib. 2016- cı ilin oktyabr ayının 4-də öz postundan 50 metr aralıda olan tualetə gedib, geri qayıdanda görüb ki, rəis onu axtarır. Ayaqyolunda olduğunu deyib, amma ona inanmayıblar, serjantın tualetdə olduğunu deyən komandirə də inanmayıblar və başlarından rədd ediblər gedib. Zəka Bünyadov da yazır ki, 3 uşağım var və indən belə onları necə saxlayacağımı bilmirəm, intihar edənləri indi anlamağa başlayıram və sairə və ilaxır…

YAP örnəkləri və ya intihar etmək istəməyənlərdən can qurtarmağın yolları

Sabiq polis serjantına göstəriləcək çoxlu örnəklər var, amma onların arasında ən optimist yol, Tağı Əhmədovun yoludur. Bəli, hamımızın «metro Tağı» kimi tanıdığımız, adı gələndə çoxlarının dodaqları sifət mimikalarının konstruksiyasından asılı olaraq müxtəlif səmtlərə qaçan Tağı Əhmədovun potensialı və həyat təcrübəsi nəzərə alınıb. O, artıq, Azərbaycan Memarlıq və İnşaat Universitetində Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili » kafedrasının müdiridir. Tağı Əhmədov haqqında sizdən fərqli bir şeylər deyə bilmərəm. Hamımızın gözümüzün qarşısında böyüyüb, boya- başa çatıb. Metroda fırtınalar əsdirib, «Qızıl Buta» mükafatını alıb və nəhayət, bütün xidmətlərini bir kənara qoysaq, sabiq quldur nazir, Milli Təhlükəsizliyin ərvahını yandıran Eldar Mahmudova 3 milyon dollar rüşvət verərək öz müqəddəs varlığını xilas etməyi bacarıb. Bu xidmətləri və fərasəti nəzərə alınaraq onu kafedra müdiri vəzifəsinə təyin ediblər. 3 milyon dollar ! Bu qədər pulu verdikdən sonra xeyli geri düşən adamın razqon götürüb qabağa düşməsi üçün onu hələlik kafedra müdiri qoyublar, inşallah, bir az sonra daha böyük mərtəbələrə yüksəldərlər. Adam nə qədər metroda, yerin altında eşələnib karyera qurmalı idi ki ? Heç kim yüksək vəzifələri onun qədər haqq etmir. Adam yerin altını necə lazımdır bilir, indi həmin bilikləri yerin üstünə də tətbiq etmək üçün geniş meydanlar əldə edir… Hökumət isə adam oğurluğunda ittiham etdiyi adamları İnterpolun axtarışına verir… Tağı Əhmədovun Eldar Mahmudova verdiyi 3 milyon dolların aqibəti bəlli olmadı. Şəxsən mən bilmədim, həmin 3 milyon dolları Tağı Əhmədovun özünə qaytardılar, yoxsa, xeyriyyə məqsədilə heydər Əliyev Fonduna verdilər. Axı, deyilənə görə, indi oliqarxların müsadirə edilən çirkli pullarını və sənədsiz mülklərini Heydər Əliyev Fonduna verirlər. Tağı Əhmədov isə oliqarx deyildi, yeraltı dünyanın lideri idi. « O dünyadan qayıdanlar olmur » deyənlərin acığına geriyə sağ- salamat döndü, üstəlik, kafedra müdiri vəzifəsinə də sahib oldu. Amma ölkəmizdə səlahiyyət sahiblərinə verilən rüşvət və başqa qəbildən olan töycü pullarının heç də hamısı müxtəlif Fondlara qismət olmur. Məsələn, sabiq konsul Xeyrəddin Qocanın qızından yol polisinin aldığı rüşvəti qaytarıb zərərçəkmişin özünə veriblər. 100 manat. Doğrudur, 100 manat Tağı Əhmədovun verdiyi 3 milyonun yanında elə də böyük pul deyil, bir az üstündən əskikdir, amma Xeyrəddin Qoca da Tağı Əhmədov qədər varlı adam deyil axı…Yazı-pozu adamıdır, həyatı boyu cəmi 6 il konsul işləyib, ondan sonra, yəni 2003- cü ildən indiyə qədər hansısa bir vəzifə tutduğundan xəbərim yoxdur. Bildiyim qədər heç bir yerdə işləmir, Azərbaycan Yazıçılar İttifaqının üzvüdür və yəqin ki, təqaüd də alır…100 manat buna görə onun üçün balaca pul deyil və Tağı Əhmədovun Eldar Mahmudova verdiyi 3 milyon qədər böyük olmasa da, hər halda əhəmiyyətli puldur… Tağı Əhmədovdan fərqli olaraq, Xeyrəddin Qoca Heydər Əliyevin siyasi karyerasının bərpası üçün tramplin sənədi sayılan məşhur 91-lərin siyahısına imza atmış adamlardan biridir və indi belələrini bir az burunlayırlar. 91- lər bu sülalə hakimiyyətinin qurulmasında ilk təşəbbüs sahibləri sayıldığına görə onlardan xilas olmaq üçün mümkün olan bütün vasitələrdən istifadə edilib və edilir. Həm ona görə ki, onlar bu ölkənin boğazına bir tuği-lənət sırıyıblar, həm də hakim ailə boynunda minnəti olan heç kimi öz çevrəsində görmək istəmir. Onların məntiqi budur ki, bu ailənin hakimiyyəti üçün təşəbbüs göstərənlərin hamısı bunu etməyə, sadəcə olaraq, borcluydu və öz borcunu yerinə yetirən adam, uzaq başı babat oğlandır… Bundan başqa heç nə. Buna görə də Natiq Əliyevin kimsəsiz bir adam kimi təklikdə və xüsusi iztirablarla vəfat eləməsi milyarder Fərhad Əhmədovun ürəyini sızladıb… Bu ənənə isə 91- lərin yerində otuzdurulması əməliyyatının davamı kimi bir epizoddur, hərçənd, xüsusi olaraq təşkil edilməyib. Bu ənənənin dərk edilməsi üçün 91-lərdən bəzilərinin karyerasına nəzər atanda bəs eləyir. Bayaq dedim ki Əli İnsanov onlardan biriydi. Rəfael Allahverdiyev vardı, Bakı şəhər İcra hakimiyyətinin əvvəlki Hacıbalası idi. Qaçıb mühacirətə getdi, orda Beyin xərçəngindən öldü, ölənə qədər İlham Əliyevə «qardaşım İlyuşa » deyərək rəhm dilədi, o rəhmi əldə edə bilmədi, amma cənazəsinin Bakıya gətiriılməsi üçün icazə verdilər… 91-lərdən biri də xanım Lalə Şövkət Hacıyevaydı, o yaxşı qurtardı. Vaxtında başa düşdü ki, düzgün kağıza imza atmaylb, müxalifətə keçdi, indi də bu hökumətin yanında deyil… 91-lərdən biri Ziya Bünyadov idi, güllə ilə ağzından atıb öldürdülər. Fərəməz Maqsudov idi, faciəli şəkildə sona çatdı. Sirus Təbrizli ordaydı, adamı istirahət elədiyi bağ evində müəmmalı şəkildə sona yetirdilər, özünün yaratdığı partiyanı « Simasız Quldurlar Partiyası » adlandırmışdı….Əli Ömərov idi, indi ildə iki dəfə mətbuata çıxıb övladlarına vəzifə istəyir, amma hələ ki, bir nəticə yoxdur…. O boyda siyahını bu boyda söhbətdə xırdalaya bilmərəm, amma Hacıbala Abutalıbov da vardı həmin siyahıda. Bildiyim qədər onu Bakı şəhərinin icra başçısı vəzifəsində ona görə saxlayırlar ki, həmin səbəbə görə Rövnəq Abdullayev də SOCAR prezidentidir və bu iki şəxsin missiyası, təxminən, eynidir….Bir də Liliya Luqovaya adlı bir xanım vardı. Onun bu siyahıya nəyə görə düşdüyünü, necə düşdüyünü bilmirəm… Yəqin, heç özü də bilmir və harada olduğundan da heç kimin xəbəri yoxdur… Bu dəyərli xanımın adı 91- lərin siyahısından başqa heç bir kitab-dəftərdə yoxdur. Adının da qabağında həmişə « dosent, əməkdar müəllim, əməkdar həkim» sözləri yazılır… Bəlkə, heç, belə bir adam olmayıb, elə siyahıda 91 adamın olması üçün onun adını uydurub yazıblar, bəlkə də, doğrudan da olub belə bir adam, sonralar Azərbaycandan çıxıb gedib və əgər gedibsə, düz eləyib. Yoxsa, Əli İnsanovun və ya Ziya Bünyadovun 91 taleyini yaşamaq o qədər də maraqlı həyat deyil axı… Buna görə də, milyarder Fərhad Əhmədovun nisgilli və ürək dağlayan reportajı mənim üçün bir jurnalist reportajı kimi çox maraqlı gəldi, lap əvvəldə dediyim kimi ölkəmizin necə bir jurnalistdən məhrum olduğunu ürək ağrısıyla andım, amma başqa təfərrüatlara bənd olmadım. Natiq Əliyev, mən bilən, heç 91-lərdən də deyildi, sadəcə olaraq bu hakimiyyət üçün ən strateji sahənin ən görkəmli mütəxəssislərindən biri idi.. Siz salamat qalın və söz arası deyə biləcəyiniz mətləbləri bizimlə bölüşün. Əgər milyarder Fərhad Əhmədov da qələmə sarılıbsa, deməli, ölkənin xilası doğruları yazan qələmlərə bağlıdır, qırılmış qələmlərə bağlı deyil…

(Azadlıq qəzetinin facebook səhifəsində canlı olaraq yayılan «Sözarası» adlı videoburaxılışın stenoqramıdır).

https://www.facebook.com/azadliqqazeti/videos/1453815431341276/

 

Qənimət Zahid

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button