Milyonlarda ittiham olunan Rasim Məmmədovun məhkəməsi başlayıb

Avqustun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı hazırlıq iclası başlayıb.
Prosesdə R.Məmmədovun vəkilləri vəsatətlərlə çıxış ediblər. Vəkil Elçin Sadıqov şəxsin müdafiəsinə yeni qoşulduğunu deyərək iş materialları ilə tanış olmaq üçün vaxt istəyib və məhkəmədən növbəti prosesin iki həftədən sonraya təyin olunmasını xahiş edib.
Vəkillərin digər vəsatətləri R.Məmmədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması və onun məhkəmə prosesi zamanı şüşə qəfəsdən çıxararaq vəkillərin yanında oturması istəyi ilə bağlı olub. Vəkil E.Sadıqov həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün səbəb kimi R.Məmmədovun səhhətində problemlərin olmasını göstərib.
Hakim birinci vəsatəti qismən təmin edib, həbs-qətimkan tədbirin dəyişdirilməsi ilə bağlı vəsatəti isə rədd edib. Digər vəsatət isə baxılmamış saxlanılıb.
Hazırlıq iclası sentyabrın 2-də davam etdiriləcək.
“Baku Steel Company” MMC Müşahidə Şurasının sədri R.Məmmədov ötən ilin əvvəlində həbs olunub.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, onun satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon manatı mənimsəməsinə, 42 milyon manat dəyərində məhsulu israf etməsinə, müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməsinə əsaslı şübhələr yaranıb.
R.Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilir. Amma o, ittihamları qəbul etmir.