SEÇMƏ

Milyonluq tenderlərdə qalib olan şirkətləri fəhlələrin adına kim açıb?

Yayımlandı: 26 Sentyabr 2022 22:26

Məhkəmədə şahidlər adlarına olan şirkətlərdən danışıblar

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova qarşı 27 milyon manatlıq yeyinti ittihamının bir hissəsi şəhid ailələri və müharibə əlilləri üçün evlərin tikintisi, mənzillərin alınmasıyla bağlıdır. Sentyabrın 26-da məhkəmədə məlum olub ki, həmin evlərin tikintisiylə bağlı nazirlikdə tenderlərin qalibi olan şirkətlərin rəsmi rəhbərlərinin heç belə şirkətə sahib olmalarından xəbəri yox imiş. Onlar nə tenderə qatılıblar, nə də ev tikintisindən xəbərləri var. Həmin şəxslər sentyabrın 26-da Səlim Müslümovun məhkəməsində bu haqda danışıblar.

Səlim Müslümovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə baxılır.

Budəfəki məhkəmə iclasında əvvəlcə “Tala-Tikinti”, “Tala-1” və “Tala-2” MMC-lərin sahibi İbad İsmayılov ifadə verib. O bildirib ki, ixtisasca iqtisadçıdır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez zavodunda fəhlə işləyib. 2014-cü ildə nazirlyin Tikinti idarəsinin rəisi Natiq Əzizov onu yanına çağırıb, adına şirkətlər açmağı təklif edib. O da razılaşıb və adına 3 şirkət açılıb, həmin şirkətləri idarə edib:

“Əvvəl usta işləyirdim, çalışqan idim. Zaqatalanın Tala kəndindənəm. Adıma üç şirkət açdılar, həmin şirkətlərə rəhbərlik etməyə başladım. Şirkətləri də kəndimin adıyla uyğunlaşdırdım. 2015-ci ildə devalvasiya oldu, vəsaitlər gecikdi, problemlər yaşadıq. Biri öldü, o biri intihar elədi… Mən də qorxuya düşdüm. Bizə dedilər ki, narahat olmayın, sizə əlavə işlər veriləcək, kompensasiya olunacaq, vəziyyətdən çıxacaqsız”.

İbad İsmayılov deyir ki, şəhid ailəsi və müharibə əlili üçün tikilən hər evə görə Natiq Əzizova 6 min manat verirdi. O, ümumilikdə 22 ev tikdiklərini, nəticədə 132 min manat verdiyini vurğulayıb:

“Əvvəlcə şirkətlərin üçü də mənim adıma idi. Sonradan tender keçiriləndə gəlib dedilər ki, bir adam 3 şirkətlə tenderdə iştirak edə bilməz. Ona görə şirkətlərdən birini həyat yoldaşımın adına keçirdik”.

Məhkəmədə şirkət sahibi olmasından Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) dindirməyə çağırılanda xəbər tutan şəxslər də ifadə verib.

Şahid qismində dindirilən İlqar Mustafayev bildirib ki, özünün xəbəri olmadan adına şirkət açılıb. O, rəsmi sənədlərdə “Tunar-M” MMC-nin sahibidir:

“Şəkidə suvarma sistemində işləyirdim. 2014-cü ildə mənə dedilər ki, “səni qaynaqçı işinə götürəcəyik, bu kağıza qol çək”. Mən də çəkdim. Mən savadsız adamam, nə biləydim ki, başıma belə iş gələcək. 2020-ci ildə məni DTX- ya çağırdılar, onda bildim. Mənim heç nədən xəbərim olmayıb, mən ev-filan da görməmişəm”.

Şəkidən olan başqa bir şahid Bəylər Musayev də eyni vəziyyətdə olduğunu deyir. O bildirib ki, adına “Şəki Construction” MMC təsis olunmasından son vaxtlar xəbər tutub:

Gözdən qaçırmayın:  Şamaxı sakini: “Evlər düzəldilməyib, FHN isə işini bitmiş hesab edir”

“Suvarma idarəsində işləyirdim, fəhlə adamam, dedilər ki, “bu kağızı imzala”, mən də imzaladım. Mənim bu şirkətlə heç bir işim olmayıb. Şirkətin şəhid ailələri üçün evlər inşa etdiyini də sonradan bilmişəm”.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirlyinin təsərrüfat şöbəsinin müdiri olan Pərviz Qarayev də məhkəmədə dindirilib. O bildirib ki, əvvəllər bizneslə məşğul olub, dövlət qulluğunda çalışmayıb. 2014-cü ildən nazirlikdə şöbə müdiri vəzifəsinə təyin edilib. Onun nazirliyə bu vəzifəyə gəlməsinin səbəbkarı isə nazirliyin Tikinti idarəsinin rəisi Natiq Əzizov olub. Onlar tələbə yoldaşı olublar.

Pərviz Qarayevin yaxınlarının adına 17 şirkət açılıb:

“Mənim firmalarla birbaşa əlaqəm olmayıb. Əksinə, gördüyüm işlərə görə nazirliyin özünün mənə borcu qalıb…”

Məhkəmə prosesi oktyabrın 3-də davam edəcək.

1961-ci il təvəllüdlü Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.

2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.

Səlim Müslümov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham olunur. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Səlim Müslümov mənimsəmə və israfetmə nəticəsində dövlət büdcəsinə vurulmuş 27 milyon manatlıq ziyanın 20 milyonunu ödəyib.

Səlim Müslümovla yanaşı, sabiq Aparat rəhbəri vəzifəsində çalışmış, “Əjdər Ol” təxəllüsüylə tanınan şair Əjdər Cəbiyev də həbs olunmuşdu. Lakin onun haqqındakı cinayət işi sonradan ayrıca məhkəməyə göndərildi. Əjdər Cəbiyev 8 il 3 ay azadlıqdan məhrum edilib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button