Loading...
Loading...
ÖLKƏ

Minaaxtaran itin qiyməti 25 min dollardır. Azərbaycana 18 it hədiyyə olunub

Azərbaycan ABŞ-ın Marşal İrsi İnstitutundan işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün yardım alır. Bugün avqustun 26-da Azərbaycanın Minalardan Təmizləmə Agentliyi ilə Marşal İrsi İnsitutu arasında müqavilə və anlaşma memorandomu imzalanıb.

Razılaşmaya əsasən 2023-cü iləcən Azərbaycana 30 minaaxtaran it göndəriləcək, artıq bu itlərdən 10-nu avqustun 23-də Azərbaycana çatıb.

Marşal İrsi İnstitutunun departament direktoru İndre Sabaliunayte AzadlıqRadiosuna bu müqavilənin detallarını açıqlayıb.

O deyib ki, itlərdən 18-i Azərbaycana hədiyə ediləcək. Qalan 12 iti isə 2023-cü iləcən ANAMA özü alacaq. Onun sözlərinə görə, itlərin birinin dəyəri 25 min dollardır.

İndre Sabaliunayte deyir ki, bu itlərin iştirakı ilə ərazilərin minalardan təmizlənməsi 30 dəfə daha sürətlidir:

“Belə qənaətə gəlinib ki, partlamamış hərbi sursatlarla çirklənmə həddindən artıq yüksəkdir. Ona görə də qarşıdakı bir neçə ildə ərazilərin minalardan təmizlənməsi üçün bu qədər çox minaaxtaran itlərə ehtiyac yaranıb”.

Türkiyədən də minatəmizləyən avadanlıq alınır

ABŞ-ın Marşal İrsi İnstitutunun təlim verdiyi itlər Əfqanıstanda, Liviyada, Vyetnamda, Taylandda və digər ölkələrdə ərazilərin minalardan təmizlənməsində iştirak edib.

Marşal İrsi İnstitutu Azərbaycanla 2005-ci ildən əməkdaşlıq edir. Təşkilat indiyə kimi Azərbaycana 50 minaaxtaran it göndərib.

2020-ci ilin payızında 44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycan işğalda olan ərazilərin böyük hissəsinə nəzarəti bərpa edib.

Hazırda həmin ərazilərin minalardan təmizlənməsi işi gedir. Bu işlə Azərbaycanın minatəmizləmə agentliyi – ANAMA məşğul olur.

Təşkilat bildirir ki, Türkiyə ilə müqavilə əsasında minatəmizləyici texnika alınır. ANAMA İtaliya, İsrailin Azərbaycandakı səfirlikləri, Qırmızı Xaçın Azərbaycan nümayəndəliyi ilə görüşlər keçirib və bu görüşlərdə ərazilərin minalardan təmizlənməsi ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Minaların tam təmizlənməsinə illərlə vaxt lazım olacaq

Son aylar Ermənistan hərbi əsirlərin əvəzində Azərbaycana Ağdam, Füzuli və Zəngilan rayonlarının mina xəritələrini verib. Bu xəritələrdə 200 minədək minanın yeri qeyd edilib.

Amma avqust ayında prezident İlham Əliyev deyib ki, bu xəritələrin dəqiqliyi cəmi 25 faiz təşkil edir.

Minalanmış ərazilərin dəqiq xəritəsinin olmadığına görə, ekspertlər Qarabağın minalardan təmizlənməsinin nə qədər vaxt aparacağını dəqiq hesablaya bilmirlər. Amma bunun uzun illər aparacağı ehtimal olunur.

Dünyada ərazilərin minalardan təmizlənməsi əməliyyatlarının böyük hissəsi BMT-nin Minalar Əleyhinə Konvensiyası çərçivəsində görülür.

Amma bu konvensiyanın tətbiqi ilə bağlı BMT-nin Cenevrədəki katibliyin direktoru Ruan Xuan Karlos AzadlıqRadiosuna bildirmişdi ki, konvensiyaya üzv olmadığı üçün Azərbaycana belə bir dəstək nəzərdə tutulmur.

Gözdən qaçırmayın:  Putin ‘dəyişib’

Azərbaycan hökumətinin hələlik bu konvensiyaya niyə qoşulmadığı barədə hər hansı mövqe açıqlamayıb.

Mənbə
“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button