Xəbərlər

Minadan 22 nəfər ölüb, 100-ə yaxını yaralanıb

“2020-ci il noyabrın 10-dan bəri mina partlayışı nəticəsində 22 nəfər həlak olub, 100 nəfər yaralanıb. Dünya dövlətləri, beynəlxalq təşkilatlar buna səssiz qalmamalı, Ermənistana təzyiqi artırmalıdırlar”.

AZƏRTAC-ın xəbərinə görə, bunu aprelin 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Litvanın xarici işlər naziri Qabrielius Landsberqis ilə birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, məcburi köçkünlərin işğaldan azad olunan torpaqlara qayıtması üçün sistemli və ardıcıl addımlar atılır: “Həmin ərazilər 30 il ərzində minalarla çirkləndirilib. Azərbaycanın və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan minalanmış ərazilərin xəritələrini verməkdən boyun qaçırır və müharibə cinayətini davam etdirir”.

APA agentliyinin xəbərinə görə, isə Litvanın xarici işlər naziri Q.Landsberqis də mətbuat konfransında deyib ki, Ermənistanda olanda onlarda minalanmış ərazilərin xəritələri məsələsindən bəhs ediblər.

O, ikitərəfli əlaqələrə də toxunub: “Litva Cənubi Qafqaz ölkələri, o cümlədən təbii ki, Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır. Biz bu əlaqələri daha da genişləndirməkdə maraqlıyıq. Biz təkcə iqtisadi sahədə deyil, siyasi müstəvidə də əlaqələri gücləndirmək niyyətindəyik”.

Xatırlatma

2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu müharibədə Azərbaycanın 2900-ə yaxın hərbi qulluqçusunun həlak olduğu bildirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

24 saat” “Minadan 22 nəfər ölüb, 100-ə yaxını yaralanıb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button