Xəbərlər

Minalardan təmizlənməyə gedən çətin yol

Bakı/12.10.21 Bakıda “Azərbaycanın sülhə, inkişafa və rekonstruksiyaya can atmasında yerüstü minalarla bağlı problemlərin aradan qaldırılması” mövzusunda konfrans keçirilib.

Tədbir 2021-ci ildə Avropa İttifaqı tərəfindən dəstəklənən “Yerüstü minalarsız Cənubi Qafqaz” kampaniyası çərçivəsində LİNKS Avropa (Haaqa) və Qafqaz Siyasətinin Təhlili Mərkəzi qeyri-hökumət təşkilatları tərəfindən təşkil edilib.

“Yerüstü minalarsız Cənubi Qafqaz ” kampaniyası ilk dəfə 2019-cu ildə uğurla həyata keçirilib.

Konfransın təşkilatçıları qeyd edirlər ki, yerüstü minalar və partlamamış döyüş sursatları problemi hazırda Cənubi Qafqaz regionunun  qarşısında duran ən böyük problemlərdən biridir. Bu, Azərbaycanın sülh, inkişaf və bərpaya doğru yolunda, xüsusən də 44 günlük Qarabağ müharibəsindən sonra ciddi maneədir.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 10 noyabr 2020-ci il tarixindən 2 oktyabr 2021-ci il tarixinədək Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda azad edilmiş ərazilərində 5,5 min hektardan çox ərazini təmizləyib. 9835 piyada əleyhinə mina, 4175 tank əleyhinə mina, həmçinin 11062 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Azərbaycanın 150 hərbi və mülki şəxsi yaralanıb və ya həlak olub.

Minalanmış sahələr azad edilmiş ərazilərdə əsas problemlərdən biridir və onların təmizlənməsi illərlə davam edə bilər.

Qarabağ münaqişəsi ərazilərinin minalardan təmizlənməsi üçün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı  çərçivəsində Böyük Britaniya 500 min funt sterlinq ayırıb, daha 1 milyon funt isə Qızıl Xaç xəttilə zərərçəkənlərə yardım üçün ayrılıb, bu ölkənin səfiri Ceyms Şarp bildirib.

Bundan öncə Böyük Britaniya Ermənistan və Azərbaycanı Ottava Konvensiyasını imzalamağa çağırıb. Konvensiya bütün dünyada minaların tətbiqinin qadağan edilməsini nəzərdə tutur, Britaniya səfirliyinin məlumatında deyilir.

Fransa səfiri Zakari Qross bildirib ki, Avropa İttifaqı bu məsələdə iştirak etmək istəyir.

“Bu həftə Sosial Müdafiə Nazirliyinin iştirakı ilə zərərçəkənlərə humanitar yardım kimi 500 min avronun verilməsi üzrə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə  memorandum imzalanacaq. Bu yardım 2021-ci il üçün nəzərdə tutulub və gələn il də davam etdiriləcək”, – o deyib.

Fransa səfiri Dağlıq Qarabağ zonasında iştirak edən Rusiyanın minalardan təmizləmə prosesinə dəstəyini uğurunun mühüm amili adlandırıb.

Məlum olduğu kimi, rusiyalı mütəxəssislər  Ağdam rayonu ərazisinin minalardan təmizlənməsində iştirak ediblər və öz məsuliyyət zonasında təmizləmə işlərini davam etdirirlər.

Avqustda ABŞ-ın Marşall İnstitutu Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə mina axtarışı üçün xüsusi təlim keçmiş 10 it verib. 2023-cü ilin iyuluna qədər Marşall İnstitutu Azərbaycana təmənnasız olaraq daha 30 minaaxtaran it verməyi planlaşdırır.

Minalardan təmizləmə prosesində Slovakiyanın Bozena-5 radioidarəolunan maşınlarından uğurla istifadə olunur.

Dövlət də problemin həlli üçün addımlar atır. 2021-ci ilin əvvəlində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin statusu dövlət qulluğu səviyyəsinə qaldırılıb. Müharibənin bitməsindən sonra hökumət Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə 60 milyon dollar ayırıb.

Konfransda Böyük Britaniya, Fransa və Çexiyanın diplomatik missiyalarının rəhbərləri, vətəndaş sektorunun nümayəndələri iştirak ediblər.—0—

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button