2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mingəçevir sakini Yevlax yol polisinin özbaşınalığından şikayətlənir

“YPX əməkdaşı qanun pozuntusu olmadığı hallarda belə protokol yazmaqla “plan” doldurur”

Dövlət Yol Polisi ilə bağlı vətəndaşların şikayətləri səngimir. Təəssüf ki, son zamanlar yol polislərinin qanunsuz hərəkətləri az qala normaya çevrilib.
“Azadlıq”a müraciət edən Mingəçevir şəhər sakini Ruslan Hüseynov da yol polisinin qanunsuz əməlindən əziyyət çəkdiyini iddia edən vətəndaşlardandır.
Redaksiyaya ünvanladığı müraciətdə o yazır: “Bu il may ayının 22-də şəxsi avtomobilimlə Yevlax şəhəri, C.Mustafayev küçəsiylə hərəkət edirdim. Həmin küçədən H.Əliyev prospektinə dönərkən baş yolda avtomobilin olmadığı və yolun tamamilə boş olduğu bir şəraitdə Yevlax rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin Emin Məmmədov adlı əməkdaşı məcburi avtomobilimi dayandırmağı tələb etdi. Özünü təqdim etdikdən sonra, heç bir səbəb göstərmədən sənədlərimi istədi. Saxlanma səbəbini soruşduqda yol ayrıcını keçmə qaydalarının tələblərinə əməl etmədiyimə, qarşıdan gələn nəqliyyat vasitəsinə yol vermədiyimə görə 60 manat və 3 bal cərimə olunacağımı dedi. Lakin aşağı cərimə (?!) də yaza biləcəyini söylədi.
Mən ona qarşıdan gələn nəqliyyat vasitəsinin çox uzaqda olmasını, digər yol hərəkəti iştirakçılarına heç bir maneə törətmədən sola dönmə hərəkətimi başa vurduğumu bildirdim. Bu zaman E.Məmmədov mənə naməlum texniki vasitənin görüntülərini (noutbuk vasitəsilə) göstərməyə çalışdı. Görüntülərdən də aydın oldu ki, yol hərəkətinin intensivliyinə uyğun olaraq, digər hərəkət iştirakçılarına maneçilik törətmədən hərəkət etmişəm. Lakin bu təkzibolunmaz faktlara və mənim etirazlarıma baxmayaraq, inadla cərimə protokolu tərtib etdi”.
R.Hüseynov qeyd edir ki, normalda YPX əməkdaşı sürücüyə yol göstərməli, köməklik etməlidir: “E.Məmmədov isə bilərəkdən özünə elə bir mövqe seçib ki, qəza vəziyyəti olmadığı hallarda da yersiz iradlarla vətəndaşı mənəvi sarsıntıya və maddi ziyana məruz qoya bilsin. Belə təsəvvür yaranır ki, inspektor heç bir qanun pozuntusu olmadığı hallarda belə protokol yazmaqla “plan” doldurur. “Qanun keşikçisi” qaydalar pozulmayanda sanki özünü narahat hiss edir. E.Məmmədovun “məntiqiylə” yol tamam boş olduğu halda mən dayanıb nə zamansa sol tərəfdən nəqliyyat vasitəsinin gəlib keçəcəyini gözləməli və yalnız bundan sonra yolu keçməliydim”.
Şikayətçi qeyd edir ki, qəribə olan bu icraatda DYP əməkdaşının inzibati xətalara zidd olan hərəkət və ya hərəkətsizliyi idi: “Polis əməkdaşı tərəfindən imzalanaraq tərtib olunmuş 22.05.2017-ci il tarixli Protokolda (İXP 1007306) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsində qeyd olunan xəta ilə heç bir əlaqə yoxdur. Belə ki, iddia edilən “yol verməmə” həmin Qanunun 76-cı maddəsində öz əksini tapır. Bundan başqa, xəta hər hansı texniki vasitə ilə qeydə alınıbsa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1 maddəsinə uyğun olaraq DYP-nın Mərkəzi İnformasiya Sisteminə inteqrasiya edilməli və tərtib olunmuş Protokola görüntü və xüsusi texniki vasitə barədə məlumatlar daxil edilməlidir (Azərbaycan Respublikası İXM, Maddə 81.1; 81.2; 81.3; 100.1.8). Lakin bunların heç birinə əməl olunmayıb”.
Şikayət məktubunun bir surətini də daxili işlər naziri polis general-polkovniki Ramil Usubova ünvanlamış Ruslan Hüseynov məsələnin ədalətli şəkildə araşdırılmasını, Yevlax rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşı Emin Məmmədovun onun barəsində qanunsuz tərtib etdiyi protokolun ləğv olunmasını və inspektorun cəzalandırılmasını xahiş edir.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Saytların yığılması Saytlarin yigilmasi

Azər

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button