2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Mitinq söhbətləri

Eldəniz Quliyev

Ay camaat, sizin mitinqdə nə işiniz var?!

Saytların yığılması Saytlarin yigilmasi

Bir loxma çörək tapa bilmirsiniz, banklar iki gözünüzü bir deşikdən çıxarır,qiymətlər gicitkan kimi bütün varlığınızı dalayır… uşaqlarınızı düzəməlli geyindirib,yedirdib məktəbə,instituta yola sala bilmirsiniz,evdə arvadın, çöldə tanış-bilişin,göydə Allahın qabağında gözü kölgəlisiz… Qaxılıb oturun oturduğunuz yerdə

Sizə mitinq lazımdı?! 

Cınqırınızı çıxarmayın, tərpənməyin,heç “mıqq” da eləməyin! Oturun və qanadlı dəvəyə dönmüş təpəgöz məmurların bahalı-bahalı ayaqqabıları altında ufuldamağınızda, sızlamağınızda olun!.. Ara-sıra, yavan çörəyi duzlu göz yaşlarınıza batırıb da yeyin və Allahınıza şükür eləyin ki, hələ də dərinizə saman təpmirlər! Gün-güzaranızın sizə, ailənizə,qohum-əqrabanıza vurduğu amansız “qapazlara” “kişi kimi”-nin qabağına bir “na” şəkilçisi də əlavə eləyib, dözün və… bala-bala ölün!

Sizin mitinqdə nə ölümünüz var axı?!

Deyirlər danışma, mumla! – vəssəlam, danışma! Deyirlər, yalana,haqsızlığa, qudurğanlığa-filana etiraz etmə! Etmə də! Qada-bəladan sovuşmaq üçün, hər ehtimala qarşı, gözlərinizi də bərk-bərk bağlayın, üstəlik qulaqlarınızı da tıxayın. Amma qulaqlarınızı bir qədər şəkləməyi də unutmayın ki, ondan “lapşa”-dan, əriştədən,vermeşildən asmaq cənabi ağalara çətinlik törətməsin!..

Axı sizin etiraz aksiyasında nə azzarınız var?!

Domuşub-büzüşüb oturun evinizin bir küncündə, cibinizdə oynayan siçanların, qəlbinizdə şimşək tək çaxan göynərtilərin, oğurlanmış təbəssümünüzün, təcavüzə məruz qalmış ömrünüzün,bada verdiyiniz günlərinizin,aylarınızın dərdini çəkin!..Dərd-səriniz azdı bəyəm?!

Mitinq sizin nə gününüzə gərəkdi axı?!

Söyürlər, döyürlər, ağzınızdan son tikəni belə oğurlayır, adam yerinə saymırlar sizi? Noolsun? Bəs səbir, bəs çətinliklərə sinə gərmək?.. Dözün, dözün və yenə də dözün! İki dünya bir olsa da, lap belə, canınız çıxsa da – DÖZÜN!

Sizin mitinqdə nə itiniz azıb axı?!

Bax,deyirəm: birdən şeytan sizi yoldan çıxarar və ağlınızdan mitinqə getmək keçər… Nəbadə belə axmaq bir iş görəsiniz ha!.. Olmaz! Qətiyyən olmaz! Xatalı işlərdən nə qədər uzaq olsanız, başınız,ən başlıcası isə, başınızda əkilmiş cağba-cağ turp ləkləri, salamat qalar… Ölmək-ölməkdi, bə xırıldamaq nədi?!

Xülaseyi kəlam,- yəni sonra xırıldayb-zad eləməyin… və zırıldamayın ki, bunu sizə deyən olmadı!..

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button