2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Mitinqlərsiz hökuməti xalqa xidmətə vadar etmək mümkün deyil

AXCP sədri Əli Kərimli növbəti Facebook statusunda bir daha mitinqlərin yerli və beynəlxalq ictimaiyyət üçün daşıdığı önəmə diqqəti cəlb edib:

“Mitinqlərin nə xeyri var, mitinqlərlə nəyə nail olacaqsınız deyənlər yaxın otursunlar. #28oktyabr mitinqi ərəfəsində onlara deyəcəklərim var.
Əvvəla, son illərdə ilk dəfədir ki, Azərbaycan müxalifətinin ardıcıl keçirdiyi mitinqlər nüfuzlu dünya mətbuatının gündəmi ola bilib. Məhz bizim mitinqlərin sayəsində dünya təkcə Azərbaycandakı korrupsiyadan deyil, həm də xalqın korrupsionerlərə qarşı apardığı çətin mübarizədən, avtoritar, oğru rejimə qarşı dirənişimizdən bəhs edir.
İkincisi, nüfuzlu dünya mətbuatı məhz Milli Şuranın keçirdiyi mitinqlərə hökumətin yaratdığı çoxsaylı maneələrdən yazıb, diqqəti ölkəmizdə sərbəst toplaşmaq azadlığının olmadığına cəlb etdi. Buna diqqət edin, burada hökumətə gizlicə xidmət edən biriləri etiraz mitinqlərini gözdən salmaq üçün dövriyyəyə belə bir yalan buraxmışdılar ki, keçirdiyimiz razılaşdırılmış mitinqlər guya ölkəmizdə sərbəst toplaşmaq azadlığının olması görüntüsünü yaradacaq və bununla da dolayısı ilə hökumətin işinə yarayacaq. Bəs nə oldu? Nüfuzlu dünya mətbuatı məhz bizim mitinqlərə yaradılan maneələr kontekstində xatırlatdı ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı yoxdur (linklər şərh bölümündə).
Üçüncüsü, Milli Şuranın mitinqlərinin davam etdiyi son bir ayda dünyanın ən nüfuzlu qurumları Azərbaycanda sərbəst toplaşmaq azadlığının olmadığını öz rəsmi sənədlərində gündəmə gətirdi. Avropa Şurası qətnaməsi birmənalı şəkildə sərbəst toplaşmaq azadlığının olmadığını təsbit edib, bu azadlığın təmin edilməsini hökumətdən tələb etdi. Avropa Birliyini təmsil edən 35 səfirdən ibarət nüfuzlu nümayəndə heyətinin İlham Əliyevlə görüşündə də sərbəst toplaşmaq azadlığına yaradılan maneələr müzakirəyə çıxarılmış 3 mühüm məsələdən biri oldu. Hətta ABŞ Konqresində müzakirəyə çıxarılan Azərbaycanda vəzifəli şəxslərə qarşı sanksiyalar haqda qətnamə layihəsində belə Azərbaycanda sərbəst toplaşmaq azadlığının olmaması sanksiyanı zəruri edən səbəblər sırasında göstərildi. Və nəhayət, ABŞ-ın nüfuzlu diplomatlarının nüfuzlu The American İnterest dərgisində İlham Əliyevin şəxsən özünə sanksiyaların tətbiq olunması zərurətini əsaslandıran məqaləsində həm də AXCP fəallarının mitinqqabağı həbs olunmasına istinad edildi.
Dördüncüsü, mitinqlərimizin ölkə daxilində də gözlə görülən nəticələri var. Hakimiyyət maşında danışanların cərimələnməsi, əlillərin bir qisminin müavinәtinin ləğvi, məhkəmələrdə nümayəndəlik institutunun ləğvi kimi bir sıra addımlarından, qorxub, geri çəkildi. Başa düşürəm ki, bunlar çox kiçik nəticələrdir. Lakin bu kiçik nəticələr də seçilmiş yolun – mitinqlərlə hökumətə təzyiq etmək yolunun doğru olduğunu ortaya qoyur. Mitinqlərimiz daha kütləvi və ardıcıl olduqca hakimiyyət xalqa daha ciddi güzəştlər edəcək.
Beşincisi və ən vacibi isə hamı şahid oldu ki, dünənə qədər xalqı saymayan hakimiyyət mitinqlərdən necə qorxur, mitinqlərin kütləviliyinin qarşısını almaq üçün hansı oyunlardan çıxır. Onun da şahidi olduq ki, mitinqlər daha çox insanın fəallaşmasına, özünə və ölkəsinin sabahına ümidlə baxmasına səbəb olub. Ona görə də heç bir tərəddüdsüz #28oktyabr mitinqinə qatılmaq, soyğunçu, anti-insani siyasətə birlikdə yox demək, xalqımızın özünə və sabahına ümidini artırmaq lazımdır!
P.S. Yazını başa çatdıranda bir mәlumat qarşıma çıxdı. YAP-çı deputat Musa Quliyev deyib ki, 20-23 noyabr 2017-ci il tarixində növbəti büdcə sənədi müzakirə olunan zaman maaş və pensiyaların artırılması təklif olunacaq. Bax belə. Bu da mitinqlərin daha bir nəticəsi. Maaş və pensiyaların artırılıb-artırılmayacağı xalqın öz əlindədir. Siz mitinqə gəlin, maaş və pensiyalar az da olsa, mütləq artırılacaq. Əks təqdirdə bu vədlərini də unuda bilərlər. Vədlərini o zaman yerinə yetirəcəklər ki, xalqdan qorxsunlar. Xalqdan da o zaman qorxarlar ki, mitinqə qatılım kütləvi olsun”.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button