Xəbərlər

MN: ‘Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub’

Müdafiə nazirliyi yenidən Azərbaycan ordusunun mövqelərinin Ermənistan ordusu tərəfindən atəşə tutulduğunu bildirir. Nazirliyin oktyabrın 15-də yaydığı məlumat da deyilir ki, atəşə tutma oktyabrın 14-ü axşam saatlarından 15-i gecə saatlarınadək davam edib.

Qeyd olunur ki, Ermənistan ordusunun bölmələri Azərbaycan ordusunun Laçın rayonunun Hacılar və Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
“Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb” Nazirliyin məlumatında deyilir.

Ermənistanın müdafiə nazirliyi isə atəşkəs pozuntusunda Azərbaycan ordusunu ittiham edir. Bu barədə Müdafiə Nazirliyə istinadən “Azatutyun” (AzadlıqRadiosunun erməni xidməti) məlumat yayıb.

Məlumatda qeyd olunur ki, “oktyabrın 15-i saat 01:20 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin şərq istiqamətində yerləşən mövqelərimizi müxtəlif çaplı tüfənglərdən atəşə tutub”. Məlumatda hazırda vəziyyət nisbətən sabit olduğu bildirilir.

Xatırlatma

Bu il sentyabrın ortlarında Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmalar baş verib.

Hərbi əməliyyatlar nəticəsində çox sayda əsgərin həlak olduğu xəbər verilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button