MN: Kəlbəcər və Laçında yerləşən mövqelərimiz atəşə tutulub
Müdafiə nazirliyi Kəlbəcər və Laçında yerləşən Azərbaycan ordusunun mövqelərinin qonşu Ermənistan ərazisindən atəşə tutulduğunu bildirir. Nazirliyin məlumatında deyilir:
“İyulun 30-u günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.
Bölmələrimiz tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub”- rəsmi açıqlamada vurğulanır.
Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycan tərəfinin yaydığı məlumatı təkzib edir və iki ölkə sərhəddində vəziyyətin “nisbətən sabit” olduğunu bildirir.
Xatıarlatma
1988-ci ildə başlanan Qarabağ münaqişəsi az sonra Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalarla nəticələnib.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Amma 2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.