Xəbərlər

MN: Kəlbəcərdə üç Azərbaycan əsgəri yaralanıb

Azərbaycanın Müdafiə Nazirliyi sentyabrın 23-də Ermənistan ərazisindən Kəlbəcərdəki mövqelərinin atəşə tutulduğunu və üç hərbçinin yaralandığını bildirir.

Qeyd olunur ki, Azərbaycan ordusunun Kəlbəcərin İstisu və Zəylik yaşayış məntəqələrindəki mövqelərinin atəşə tutulması axşam saat 19:30-dan gecə 23:40-a qədər davam edib.

“Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əmənullayev Rəşad Ağacan oğlu, Rəhimzadə Ruhid Oktay oğlu və Cavadov Rəvan Şəmsəddin oğlu yaralanıb.
Yaralı hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib. Onların həyatı üçün heç bir təhlükə yoxdur”-Nazirlik bildirir.

Məlumatda Azərbaycan ordusunun cavab tədbirləri gördüyü bildirilir və hadisəyə görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanır.

Ermənistan Müdafiə Nazirliyi isə atəşkəs pozuntusuna görə Azərbaycanı ittiham edir.

Nazirliyin sentyabrın 24-də yaydığı məlumatda qeyd olunur ki, sentyabrın 23-ü saat 19:30 radələrində Azərbaycan ordusunun bölmələrindən biri Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərindən birinin arxa cəbhəsinə daxil olmağa cəhd edib.

Qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin cavab tədbirləri nəticəsində Azərbaycan hərbçiləri öz ilkin mövqelərinə geri atılıb.

“Sentyabrın 24-ü saat 10:00-a olan məlumata görə, vəziyyət nisbətən sabitdir”, – Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  'Kanal 13' televiziyasının rəhbərinə xəbərdarlıq edilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button