Now Reading:
''Moody's'': Qazaxıstan struktur islahatlarının aparılmasında Azərbaycandan çox addım atıb

''Moody's'': Qazaxıstan struktur islahatlarının aparılmasında Azərbaycandan çox addım atıb

”Diversifikasiya inhisarçılığın və məmur sahibkarlığının ləğvindən keçir”

 “Azərbaycan iqtisadiyyatı Qazaxıstana baxanda neft qiymətlərinin düşməsinə daha həssasdır”. 

“Report” “Moody’s” beynəlxalq reytinq agentliyinin 2 ölkənin iqtisadi həssaslığı, institutları və borc yükünün müqayisəsi haqda hesabatını yayıb. Bildirilir ki, ikirəqəmli inflyasiya Azərbaycan və Qazaxıstanda valyuta ehtiyatlarının azalması və bank sektorunun zəifləməsinə səbəb olub. Ancaq Qazaxıstan Azərbaycana baxanda işin içindən daha aşağı borcla çıxıb. 

“Azərbaycan iqtisadiyyatı Qazaxıstanla müqayisədə 3,5 dəfə kiçikdir”

Agentlik ölkələrin iqtisadi artımının və gəlirlərinin karbohidrogen ixracına birbaşa bağlı olduğunu vurğulasa da, Azərbaycan iqtisadiyyatının Qazaxıstanla müqayisədə 3,5 dəfə kiçik, ehtiyatlarının isə 2 dəfə az olması səbəbindən aşağı neft qiymətlərinə daha həssas olduğunu bildirir: 

“Qazaxıstan biznes mühitinin inkişafı və struktur islahatlarının aparılmasında Azərbaycandan çox addım atıb. Neft-qaz ixracı 2015-ci ildə Azərbaycanın məcmu ixracının 89, nominal ÜDM-in 26, gəlirlərin 60-70 faizini təşkil edib. Bu, Qazaxıstanda müvafiq olaraq 76, 18 və 42 faiz olub. Qazaxıstanda mövcud qurumlar daha effektiv siyasət həyata keçirir. Məlumat bazası yaradıb, şəffaflığı artırıb. Azərbaycan isə daha çox borca, lakin kifayət qədər fiskal rahatlığa sahibdir. Borcunun ÜDM-də xüsusi çəkisi son 2 ildə bank sektoruna birbaşa dəstək verməsi səbəbindən 30 faizə yüksəlib. Qazaxıstanda isə bu göstərici 10 faiz bəndindən az artıb”. 

“2017-18-ci illərdə Qazaxıstan iqtisadiyyatı 2,5 və 2,6 faiz artacaq”

Agentlik hər iki ölkənin bank sektorunda problemlərin olduğunu deyir. Onlara mənfi qiymət verib:

“2016-cı ilin yekununda Azərbaycanda problemli kreditlərin həcmi 25, Qazaxıstanda isə 37 faiz olub. Qazaxıstan iqtisadiyyatı 2017-2018-ci illərdə müvafiq olaraq 2,5 və 2,6 faiz, Azərbaycanda isə 1,1 və 1,9 faiz artacaq.

“Şirkətlər belə agentliklərin şərhlərini, təhlillərini izləyirlər”

Hesabat barədə Meydan TV-yə danışan iqtisadçı Nazim Bəydəmirli hesab edir ki, bu cür qiymətləndirmələr Azərbaycanın suveren reytinqinə, aparacı şirkətlərin, bankların investisiya cəlb etməsinə mənfi təsir göstərir. Hansı ki, beynəlxalq şirkətlər, yaxud ciddi strateji plan tutan fondların hamısı “Moody’s” kimi agentliklərin reytinqinə dırnaqarası baxmırlar. Uzun strategiya sərgiləyən şirkətlər belə agentliklərin şərhlərini, təhlillərini izləyirlər. 

“Qazaxıstanda işgüzar mühit Azərbaycandan şəffaf görünür”

Nazim Bəydəmirli bildirir ki, Azərbaycandan fərqli olaraq Qazaxıstan vəsait, investisiya cəlbetmək baxımından daha yaxşı görsənir. İkinci, SSRİ zamanı da Qazaxıstan müxtəlif məhsullar, o cümlədən, hazır metal və kənd təsərrüfatı məhsullarıyla bağlı aparıcı ixrac respublikası kimi qiymətləndirilirdi: 

Nazim Bəydəmirli
Nazim Bəydəmirli.

“Qazaxıstanda vəziyyətin yaxşı olmağının səbəbi vaxtilə iqtisadiyyatının daha dərindən diversifikasiya olmasıdır. Neft gəlirləri azaldığı zaman yerli valyutanın sabit saxlanmasının yeganə yolu müxtəlif çeşidli məhsul ixracıdır. Həm də Qazaxıstan ərazi baxımından böyükdür. Düzdür, orada inhisarçılıq problemi var, ancaq bu, bizə baxanda kifayət qədər aşağıdır. İqtisadi mübahisələrin məhkəmələrdə aradan qaldırılması, qanunların işləməsi baxımından Qazaxıstanda işgüzar mühit Azərbaycandan şəffaf görünür”. 

“Diversifikasiya normal liberal bazarın təşəkkül tapmasından keçir”

İqtisadçı fikirlərini isbat etmək üçün müqayisələr də gətirib: 

“2016-cı ilin dekabrında Qazağıstanda neft məhsulları da daxil olmaqla eksportda 64.4 faiz xammal təşkil edib.  İstehsal məhsulları 15.7, kimya sənayesi 5.4,  hazır sənaye məhsulları 2.8 faiz olub. Azərbaycanın təkcə neft eksportu 93-95 faiz qiymətləndirilir. Diversifikasiya lazımdır, bu da inhisarçılığın və məmur sahibkarlığının ləğvindən, normal liberal bazarın təşəkkül tapmasından keçir”.

24saat.org

Mənbə – www.meydan.tv

Input your search keywords and press Enter.