2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Moskvada Qarabağ danışıqları – Sıçrayış olacaqmı?

Sülh prosesindən xoflanan Ermənistan prezidenti aprel döyüşlərindən sonra üçüncü dəfə Xankəndinə gedib; danışıqlar üzərində mübhəmlik pərdəsi nə qədər qalacaq?

Ötən həftənin Dağlıq Qarabağ kontekstində önəmli hadisələrindən biri də Moskvada Rusiya və ABŞ xarici siyasət idarələri başçıları – Sergey Lavrov və Con Kerri arasında aparılan danışıqlar oldu. Danışıqlar zamanı Suriya böhranı, beynəlxalq terrorizmlə mübarizə məsələsi ilə yanaşı, Qarabağ münaqişəsi də diqqət mərkəzində oldu ki, bu da təqdirəlayiq sayıla bilər.
ABŞ dövlət katibi Con Kerri görüşün yekunlarından danışarkən Rusiya prezidenti Vladimir Putinə Qarabağ nizamlanması yönündə səylərinə görə təşəkkür edib. “Mən prezident Putinə məsələdə lider roluna görə minnətdaram” – Kerri qeyd edib. Dövlət katibinin sözlərinə görə, Qarabağ konflikti zonasında yeni hərbi eskalasiyadan qaçmaq hamının maraqlarına uyğundur. “Mən şübhə eləmirəm ki, Rusiya, Amerika və Fransanın dəstəyi varsa, tərəqqi üçün potensial da olacaq” – ABŞ xarici siyasət idarəsinin başçısı qeyd edib.
*****
Moskvada iki dövlət arasında danışıqlarda Suriya və beynəlxalq terrorizm məsələləri ilə eyni vaxtda müzakirə edilməsi şübhəsiz ki, Güney Qafqazın ən köhnə və üzücü probleminə qlobal güclərin artan diqqətin göstəricisidir. Ancaq Con Kerrinin də vurğuladığı kimi, belə görünür, Qarabağla bağlı əsas narahatlıq hələ ki, sırf yeni müharibə ehtimalına görədir.
Əksər siyasi müşahidəçilər də hesab edir ki, aprel döyüşlərindən sonra Qarabağa dair ən yüksək səviyyədə keçirilən görüşlərdə vasitəçi güclərin əsas hədəfi məhz konfliktin təzədən qaynar fazaya keçməsinin qarşısını almaqdır.
Əlbəttə ki, müharibədə Azərbaycan da maraqlı deyil. Ancaq Azərbaycan öz ərazilərinin nəhayət ki, azad olmasını gözləyir və artıq danışıqlar xətrinə danışıqlara qatılmaq niyyətində deyil. 4 günlük aprel müharibəsi bu xüsusda işğalçı Ermənistana və Minsk Qrupu həmsədrlərinə aydın bir şəkildə və son xəbərdarlıq idi ki, status-kvo əbədiyyən indiki kimi qala bilməz, əks halda, böyük müharibə qaçılmaz olacaq.
*****
Bəs Qarabağa dair Moskvada yüksək səviyyədə danışıqlar mövcud status-kvonun pozitivə dəyişməsinə kömək edə, nizamlama prosesində sıçrayışa gətirə bilərmi? Hələlik söyləmək çətindir. Ona görə ki, danışıqlar əsasən bağlı qapılar arxasında gedir və ictimaiyyət həmin danışıqların gedişindən çox az məlumatlıdır. Yalnız belə bir rəy mövcuddur ki, münaqişə tərəflərinə təklif edilən və “Lavrov planı” adlanan model daha çox mərhələli həlli özündə ehtiva edir.
Həmin plana görə, ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı 7 rayondan 5-i işğaldan azad edilir, həmin rayonlar hərbsizləşdirilir, köçkünlər bu rayonlara və Dağlıq Qarabağa qayıdır, sülhməramlı qüvvələr bölgəyə yerləşdirilir, Ermənistanla Dağlıq Qarabağ arasında “humanitar dəhliz” məsələsi həllini tapır, Dağlıq Qarabağa aralıq status verilir, yekun status və Laçın Kəlbəcər rayonlarının taleyi isə sonrakı mərhələyə saxlanılır.
Bəzi məlumatlara görə, ilkin mərhələdə Dağlıq Qarabağ ətrafında 6 rayon və Laçının əksər kəndlərinin boşaldılması nəzərdə tutulur. O da bildirilir ki, münaqişə tərəfləri arasında əsas ziddiyyət azad ediləcək ərazilərin ardıcıllığı və Dağlıq Qarabağın yekun statusunun necə müəyyən ediləcəyi ilə əlaqədardır. Bir şey dəqiqdir ki, sülh prosesi Ermənistanın nəzarət elədiyi Azərbaycan torpaqlarından çıxmasından başlamalıdır.
*****
Bu arada ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik vasitəçilərin Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyanın növbəti görüşünü mümkün qədər tez təşkil etməyə çalışacaqlarını deyib. Bu həftə isə danışıqları intensivləşdirmək məqsədilə Minsk Qrupu həmsədrləri ilk dəfə Türkiyəyə getməyi planlaşdırır. Bu da sülh prosesində doğrudan da müəyyən dinamika olduğunu göstərir.
Xatırladaq ki, prezidentlərin növbəti görüşünün Parisdə keçiriləcəyi haqda məlumat yayılıb. Lakin hələ ki, tərəflər rəsmi olaraq bunu təsdiqləməyib. Bütövlükdə isə aprel ayındakı 4 günlük müharibədən sonra prezidentlər səviyyəsində iki görüş baş tutub. Etimad görüşləri kimi qiymətləndirilən həmin görüşlərdən biri Vyanada, biri isə Sank-Peterburqda reallaşıb.
Sülh danışıqlarında qeyri-konstruktiv mövqeyini saxlayan Ermənistanın prezidenti Serj Sərkisyan isə ötən həftəsonu aprel döyüşlərindən sonra sayca üçüncü dəfə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gedib. Erməni mənbələrinin məlumatına görə, Sərkisyan separatçıların lideri ilə Qarabağ konflikti ilə bağlı məsləhətləşmələr aparacaq.
Ümumiyyətlə, işğalçı ölkə başçısının aprel olaylarından sonra Xankəndinə tez-tez getməsi siyasi müşahidəçilərin də diqqətindən yayınmayıb. Belə hesab edilir ki, Sərkisyan Qarabağ məsələsi ətrafındakı son durumun mümkün inkişaf ssenarilərindən narahat olduğu və müəyyən mənada çıxılmaz duruma düşdüyü üçün separatçı bölgəyə səfərlərini artırıb.
Söhbət ilk növbədə onun hakimiyyətinə təhlükədən gedir. Sərkisyanın lap yaxınlaradək özünün qatı siyasi rəqibi saydığı sabiq prezident Levon Ter-Petrosyanın ayağına getməsi də bu motivdən qaynaqlanmışdı. Ermənistandakı son olaylar, qiyam cəhdləri bu qənaəti gücləndirir.
*****
Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə ehtimalı isə qalır. Aprel olaylarından ötən hər nəticəsiz ay yeni müharibə risklərini artırır ki, azaltmır. Bu riskləri yaxın bir neçə ayda – hərbi əməliyyatların ən əlverişli sayıldığı dövrdə önləmək mümkün olacaqmı? Söyləmək çətindir.
Situasiyanı qəlizşləşdirən faktorlardan biri də bölgədə, Türkiyə və Ermənistanda baş verən son olaylardır. Bu olayların konkret olaraq Dağlıq Qarabağ məsələsinə hansı neqativ təsirləri göstərəcəyini yəqin ki, çox gözləmək lazım gəlməyəcək. Bir şeyi dəqiqliklə söyləmək olar ki, proseslərin hansı yöndə inkişafı qlobal və regional oyunçuların Qarabağ məsələsində nə dərəcədə uzlaşdırılmış və sinxron siyasət yürüdəcəyindən asılı olacaq. İmitasiyalar dönəmi artıq arxada qalıb.(musavat.com)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button