2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

MTN-çilərə cəza: 41 il 8 ay həbs, general rütbəsinin alınması, əmlakların müsadirəsi…(yenilənib)

Yayımlandı: 21 Sentyabr 2022 12:13

13.05. Zərərçəkmiş şəxslərin onlara dəymiş ziyanın ödənilməsi tələbilə məhkəmədə qaldırdıqları mülki iddialar qismən təmin olunub. Zərərçəkmişlər həm buna görə hökmdən narazı qalıb, həm də verilən cəzaları yüngül hesab edirlər.

Zərərçəkmişlərin hüquqlarını müdafiə edən vəkil Osman Kazımov Meydan TV-yə bildirib ki, hökmdən apelyasiya şikayəti verəcəklər. Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxslər zərərçəkmişlərə dəyən ziyanı ödəməyiblər, onlarla barışığa cəhd göstərməyiblər:

Saytların yığılması Saytlarin yigilmasi

“Həm mülki iddiaların tam təmin olunması, həm də cəzaların ağırlaşdırılması tələbilə apelyasiya şikayəti verəcəyik”.

Zərərçəkmişlərdən Əfsəl Həsənəliyev deyir ki, sabiq MTN-çilərin hərəkətləri nəticəsində ona 589 min manatlıq ziyan dəyib. Amma məhkəmə mülki iddianın cəmi 35 min manat hissəsini təmin edib.

Əfsəl Həsənəliyev. Foto: Meydan TV

“Bu adamlar vətəndaşlara qarşı da, dövlətə qarşı da ağır cinayət törədiblər. Bizə qarşı cinayət bir neçə il əvvəl baş versə də, bu gün də onların əməllərindən ziyan çəkməkdə davam edirik. Bunlar məni qondarma ittihamla həbsə göndərdilər, ailəm məcbur qalıb evimi girov qoydu, bankdan pul götürüb quldurlara verdi ki, azadlığa çıxa bilim. Ev-eşiyimizi, rahatlığımızı itirdik…”, – Əfsəl Həsənəliyev bildirib.

O əlavə edib ki, məhkəmənin sabiq MTN-çilərə verdiyi cəza onların əməllərinə adekvat deyil və ağırlaşdırılmalıdır.


Məhkəmə hökm oxudu

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə uzun illər rəhbərlik etmiş general Mövlam Şıxəliyev, bu idarədə çalışmış polkovniklər – şöbə rəisləri Vüsal Ələkbərov, Yasin Məmmədov, rəis müavini Sahib Ələkbərovun işi üzrə 1 ildir davam edən məhkəmə yekunlaşıb. Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində onlara hökm oxunub.

Hökmə əsasən, Mövlam Şıxəliyev 12 il azadlıqdan məhrum edilib. Məhkəmə qərar verib ki, onun general-mayor rütbəsi alınsın, özünün və ailə üzvlərinin adına olan 7.7 milyon manat dəyərində daşınmaz əmlaklar müsadirə olunsun.

Digər təqsirləndirilən şəxslərdən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.

Mövlam Şıxəliyev istisna olmaqla, digərləri həbsdə deyildi. Hökm elan ediləndən sonra onlar da məhkəmə zalında həbs olunub.

Movlam Şıxəliyev
Mənbə: APA

2021-ci ilin aprelindən həbsdə olan Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham verilib.

Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham olunur.

Yasin Məmmədov. Foto: Meydan TV

Yasin Məmmədov MSK-nın keçmiş katibi, daha sonra sədr müavini olmuş Natiq Məmmədovun qardaşıdır.

Sahib Ələkbərov və Yasin Məmmədov MTN-dən çıxarılandan sonra vəkil kimi fəaliyyət göstərməyə başlayıb. Onların hər ikisi Vəkillər Kollegiyasının üzvüdür.

Sahib Ələkbərov. Foto: Meydan TV

Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button