2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

MTN generalı Əli Kərimlinin qaynını niyə həbs etdiklərini 11 il sonra açıqladı

“Texnikabank” rəhbərinin 5 mərtəbəli evini Ramiz Mehdiyevin kürəkəni alıb

Hazırda həbsdə olan keçmiş Milli Təhlükəsizlik Nazirliyinin general və polkovniklərinin işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərin bir hissəsi “Texnikabank”la əlaqəli şəxslərdir. Onların arasında “Texnikabank”ın sahibi Etibar Əliyev, onun oğlu, vaxtilə bu bankda böyük məbləğdə əmanəti olmuş şəxslər də var. Keçmiş MTN-çilər 2012-ci ildə Etibar Əliyevi həbs edəndən sonra onun 5 mərtəbəli evini də əlindən almaqda ittiham olunurlar. Həmçinin bu bankla bağlı istintaq zamanı orada böyük məbləğdə əmanəti olan şəxslərin kimliyini müəyyənləşdirib, onları MTN-ə çağıraraq, pul tələb etməkdə, istədikləri pulu verməyənlər haqqında isə saxta ittihamla cinayət işi başlayıb, həbsə göndərməkdə təqsirləndirilirlər. Lakin sabiq MTN-çilər bu ittihamları qəbul etmir. Onlar budəfəki məhkəmə iclasında da “Texnikabank”la bağlı ittihamlardan danışıblar.

Həbsdə olan sabiq MTN-çilər – general Mövlam Şıxəliyev, vaxtilə onun tabeliyində işləmiş polkovniklər Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun işinə Bakı Apelyasiya Məhkəməsində baxılır. Onlar Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmdən apelyasiya şikayəti veriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Budəfəki məhkəmə iclasında öncə zərərçəkmişlərdən Elşən Mədətov danışıb. O, general Mövlam Şıxəliyev və ailə üzvlərinin adına olan əmlakların hamısının müsadirə olunmamasına etiraz edib. Zərərçəkmiş deyir ki, Bakı Apelyasiya Məhkəməsi generalın üzərində həbs olan əmlaklarının bir hissəsini ailəsinə qaytardı, amma zərərçəkmişlərin mülki iddialarının hamısını təmin eləmədi. Yəni bu halda, zərərçəkənlərə dəymiş ziyan tam ödənilmir.

Elşən Mədətovun sözlərinə görə, “Texnikabank”a əmanət qoyduğuna görə MTN-ə çağırılıb və həbslə hədələnib, ondan 250 min dollar alınıb:

“Bankda 677 min avro əmanətim vardı. Məni MTN-ə çağırdılar, dedilər ki, bankı talamısan. Mən də dedim ki, banka əmanət qoymuşam. O zaman prezident seçkilərinə 3 gün qalmışdı, mən də Dairə Seçki Komissiyasının sədri idim. Bunu biləndən sonra Vüsal Ələkbərov buraxdı, dedi ki, 3 gündən sonra gəl. Seçkidən sonra gəldim. Əvvəl 100 min dollar aldı, sonra da 150 min. Vüsal Ələkbərov deyirdi ki, rəhbərlik pulu tələb edir, verməsən, tutulacaqsan, ağır cəza alacaqsan məhkəmədə…”.

Zərərçəkmiş Ceyhun Seyidovun vəkili də Bakı Hərbi Məhkəməsində mülki iddialarının tam təmin olunmamasından narazılıq edib.

“Məndən hədə-qorxu yolu ilə yarım milyon dollar alıblar. 200 min dolları Mövlam Şıxəliyevə vermişəm, şahidlərim də var. 300 min dolları da Vüsal Ələkbərov alıb. Burada deyirlər ki, biz pul almamışıq. Bəs onda 20 milyonluq mülkü necə  almısan?”, – bunu isə zərərçəkənlərdən Namil Rzayev deyib.

Təqsirləndirilən general Mövlam Şıxəliyev və vəkili vəsatət qaldırıb ki, “Texnikabank”ın sahibi olmuş Etibar Əliyevin adı zərərçəkmişlər siyahısından çıxarılsın:

“Onun külli miqdarda kredit borcu vardı. Evini satıb, borcun bir hissəsini verib. Həmin evilə bağlı məsələ Nərimanov Rayon Məhkəməsində, Bakı Apelyasiya Məhkəməsində, Ali Məhkəmədə araşdırılıb. O evi alan pulu qoyub bank hesabına, Etibar Əliyevin oğlu da götürüb. Özü bilmir ki, hara ilə nə iş görüb? Həmin evi Ramiz Mehdiyevin kürəkəni İlham alıb…”.

Etibar Əliyev. Mənbə: Trend

Hakim bildirib ki, bu vəsatətə növbəti məhkəmə iclasında – Etibar Əliyev və onun nümayəndəsini dəvət edib, baxacaqlar.

Mövlam Şıxəliyevin vəkili Arzu Cavadov Akif Qurbanovun adının da zərərçəkənlər siyahısından çıxarılmasını istəyib. Belə əsaslandırıb ki, təqsirləndirilən polkovnik Vüsal Ələkbərov haqqında 2016-cı ildə 5 illik azadlıqdan məhrumetmə hökmü çıxarılanda Akif Qurbanovun mülki iddiası təmin olunmuşdu. İndi Akif Qurbanovla bağlı məsələ yenidən araşdırılır və onun mülki iddiası ikinci dəfə təmin olunur.

Akif Qurbanov isə bildirib ki, o zaman Bakı Hərbi Məhkəməsi Vüsal Ələkbərovun 1 milyon 200 min manatlıq evinin müsadirə olunması, ona dəymiş 1 milyon 125 min manatlıq ziyanın ödənilməsinə qərar vermişdi. Lakin iş Ali Məhkəməyə çatanda bu qərar dəyişdi:

“Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin hökmü vardı. Vüsal Ələkbərova qarşı mülki iddiam təmin olunmuşdu. Həmin mülk mənə verilmişdi. İş icra olunanda məni icradan çağırdılar, icra vərəqini aldılar, qaraladılar. Bundan sonra bizim xəbərimiz olmadan işə Ali Məhkəmədə baxılıb. Mövlam Şıxəliyevin qohumu olan Ali Məhkəmənin hakimi mülkü Vüsal Ələkbərova qaytarıb. Mən zərərçəkən kimi qaldım kənarda. Bu adamlar həmin pulu məndən hədə-qorxu ilə alıblar. Hədə-qorxu gəlməyiblərsə, o pulu məndən necə alıblar? Mən MTN tanıyırdım? Polisdə, müstəntiqdə olmamışdım. Mənimlə yanaşı, hər gün oğlanlarımı da MTN-ə çağırıblar. Vüsal Ələkbərov, Mövlam Şıxəliyev… bunlar bir dəstədilər. Vüsal tək kim idi ki?! 2011-ci ildə tikinti işlərini dayandırdım, o vaxtdan işləmirəm”.

Məhkəmə prosesinin gedişində təqsirləndirilən MTN generalı Mövlam Şıxəliyev zərərçəkmiş Akif Qurbanovun vəkili və nümayəndəsi Osman Kazımova Müsavat Partiyasının üzvü olduğunu eşitdirib:

“Sən Müsavatı təbliğ elə, Müsavatı…”.

Osman Kazımov isə onun dediklərinə belə cavab verib:

“Müsavat olan yerdə sənin kimilər ola bilməz. Sənin kimi çirkab ola bilməz…”.

Vüsal Ələkbərov. Mənbə: Meydan TV

Təqsirləndirilən MTN polkovniki Vüsal Ələkbərov zərərçəkmiş Qurbanovun yalan danışdığını iddia edib.

Mövlam Şıxəliyevin vəkili isə deyir ki, bu cinayət işi ziddiyyətlidir. Çünki bu işdə sabiq MTN-çilərin zərərçəkənlər haqqında saxta ittihamlarla cinayət işi başlayıb, onlardan pul aldığı iddia olunur. Amma digər tərəfdən həmin zərərçəkənlər haqqında vaxtilə həmin cinayət işləri əsasında çıxarılan məhkəmə hökmləri qüvvədədir, ləğv olunmayıb. Yəni onlar təqsirli sayılıblar.

Məhkəmədə o da məlum olub ki, Mövlam Şıxəliyev müxtəlif dövlət strukturlarının rəhbərlərinə müraciət edib. Onlardan “məhkəməyə göstərilən təsirlərin dayandırılmasını” istəyib.

“Məhkəməni müdafiə edin ki, məhkəmə müstəqil qərar verə bilsin”, – MTN generalı müraciətində belə yazıb.

Mövlam Şıxəliyev 2012-ci ildə MTN-in Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)  sədri  Əli Kərimlinin qayını Elnur Seyidovu həbs etməsindən də danışıb. Elnur Seyidov “Texnikabank”ın Yasamal filialının müdir müavini vəzifəsində işləyirdi. O, 7 il 6 ay azadlıqdan məhrum edilmişdi.

Mövlam Şıxəliyevin sözlərinə görə, Qərbdən müxalifətə bu bank vasitəsilə pul göndərildiyinə görə, Elnur Seyidovun həbsi məsələsi prezidentlə müzakirə olunaraq, həyata keçirilib.

Elnur SeyidovElnur Seyidov
Elnur Seyidov. Foto: Sosial şəbəkə

“Burada əsasən “Texnikabank” işi üzrə epizodlardır. Bu iş üzrə Əli Kərimlinin qaynı Elnur Seyidov da həbs olunmuşdu. Əməliyyat xidməti “Texnikabank”ın cinayətkar fəaliyyəti ilə bağlı işlədi. Müəyyən müddətdən sonra sənədlər toplandı, Elnur Seyidov və sizə də məlum olan insanları saxladılar. Elnur Seyidovun əməlləri ilə bağlı istintaqa sənədlər təqdim olunub ki, Amerikadan üzə bəri Azərbaycan müxalifətinə pul axıntısı birbaşa “Texnikabank”ın Yasamal filialı üzərindən çatdırılırdı. Prokurorluqdan da xahiş edirəm ki, bu məsələni rəhbərliyin diqqətinə çatdırsın. Prezidentin rəhbərliyi altında bu məsələ araşdırılıb və materiallar verilib istintaqa. Həmin iş üzrə qrup rəhbəri Vüsal Ələkbərov olub”, – Mövlam Şıxəliyev bildirib.

Məhkəmə prosesi martın 13-də davam edəcək.

General və üç polkovniklə bağlı cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.

Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Deyirlər ki, bu işləri özbaşına eləyə bilməzdilər, kiminsə haqqında cinayət işi başlanması, yaxud həbsdən buraxılması üçün mütləq prokurorluğun yazılı razılığı olmalıydı. Onlar keçmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubovun məhkəməyə çağırılıb dindirilməsini də tələb edirdilər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button