2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''MTN işi'': Hamı bilir ki, qızıl məmulatları qaçaqmalçılıq yolu il gətirilir

“Azad olunmağım üçün 30 min dollar verdim”

Saytların yığılması Saytlarin yigilmasi

Martın 30-da Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsində keçirilən prosesə jurnalistlər buraxılmayıb.

Prosesdən sonra S. Qurbanovun vəkili Azər Tağıyev jurnalistlərə açıqlama verib. Bildirib ki, iclasda zərərçəkmiş şəxslərdən Aslan Cahangirov və Elxan Hüseynov ifadə verib.

A.Cahangirov ifadəsində bildirib ki, Dubaydan 95-100 min manatlıq qızıl alıb. Həmin qızılları gömrükdən keçirmək üçün Elxan Hüseynova verib: “Hamı bilir ki, qızıl məmulatları Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilir. Bakıda hamı mənim qızıl alveri ilə məşğul olduğumu bilir. Mən gömrükdə olan monopoliyaya görə qızılları Elxan Hüseynova verdim ki, keçirsin. Özüm isə Dubayda qaldım”.

Onun sözlərinə görə, E.Hüseynov Bakıya gəldikdən sonra təqsirləndirilən şəxslərdən Fizuli Əliyev və Natiq Əliyev onu MTN-ə aparıblar. Daha sonra A.Cahangirov Bakıya gəlib. Onu da MTN-ə apararaq qaçaqmalçılıqla məşğul olduğunu deyiblər və barəsidə cinayət işi başlamamaq üçün ondan əlavə olaraq 50 min manat tələb ediblər. O da həmin pulu verib.

E.Hüseynov isə onun dediklərini təsdiq edib.

Daha sonra sualları cavablandıran A.Cahangirov deyib ki, S.Qurbanovu tanımır. Vəkillər bildiriblər ki, o, S.Qurbanov və digər təqsirləndirilən şəxslərə qarşı qaldırdığı mülki iddianı müdafiə edib-etməməsi ilə maraqlanıblar. O, iddianı müdafiə etdiyini, zərərin ödənilməsini istəyib.

Günün ikinci yarısında zərərçəkmiş şəxslərdən Şahin Məmmədov ifadə verib. O da qızıl alveri ilə məşğul olduğunu deyib: “Ramin adında şərikimlə danışmışdım. İlqar adlı tanışımız bizə Belçikadan qızıl göndərmişdi. Həmin qızılları gedib götürən zaman bizi MTN əməkdaşları saxladılar. Daha sonra bizi nazirliyə apardılar. Mən azad olunmağım üçün onlara 30 min dollar, həmin qızılları geri almaq üçün isə 15 min dollar verdim”.

Daha sonra iclasda S. Qurbanovun vəkilləri Azər Tağıyev, İlkin Mustafayev və Adil İsmayılov vəsatətlə çıxış ediblər. Onlar bildiriblər ki, qızıl alveri ilə məşğul olan zərərçəkmiş şəxslər məhkəmədə verdikləri ifadələrində qaçaqmalçılıq yolu ilə, lisenziyasız Azərbaycana qızıl gətiriblər və buna görə saxlanılıblar. Vəkillər bildiriblər ki, bununla yeni faktlar müəyyən olunub və məhkəmə bu haqda prokurorluq orqanına müraciət etməlidir.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb. Hakim deyib ki, məhkəmənin sonunda buna münasibət bildiriləcək.

Proses aprelin 4-də davam edəcək.

Məlumata görə, istintaq orqanına Dövlət Təhlükəsizliyi Xidmətindən göndərilən məktubda bildirilib ki, mütəşəkkil cinayətkar dəstənin üzvləri tərəfindən qanuni əsas olmadan MTN-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə 4-cü Baş idarəsinin 1-ci idarəsinin sabiq rəisi Fizuli Əliyevin təşəbbüsü ilə Paşayev Mübariz Qurban oğlu barəsində 2010-cu ildə siqnal cinayət işi açılıb, lakin heç bir nəticə əldə olunmadığı üçün 18 dekabr 2010-cu ildə işin icraatı dayandırılıb.

İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.

Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb. Onların barəsində cinayət işi ayrıca icraata verilib.

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan əməkdaşlarının iş adamı Mübariz Paşayevi qanunsuz olaraq azadlıqdan məhrum edib, hədə-qorxu tətbiqi ilə ondan külli miqdarda pul aldıqları məlum olub.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button