2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''MTN işi'': Mənə dedilər ki, cənabın qəzəbinə tuş gəlmisən

Zərərçəkənin ifadəsində ziddiyyətin olduğu bildirilir

Saytların yığılması Saytlarin yigilmasi

Aprelin 25-də Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri – general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş şəxslərdən Moskva Dövlət Açıq Universitetinin bağlanan Bakı filialının prorektoru olmuş Ramazan Hüseynov ifadə verib.

R.Hüseynov ifadəsində pulu keçmiş MTN əməkdaşı Nazim Nəsibova verdiyini bildirib. Onun istintaq zamanı verdiyi ifadə ilə məhkəmə zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğu məlum olub. O, istintaqda verdiyi ifadəsini oxumadan imzaladığını və bəzi hissələri müstəntiqin onun adından yazdığını bildirib.

Prosesdə bir neçə şahid də ifadə verib.

Məhkəmənin növbəti iclası aprelin 27-də davam edəcək.

İstintaq zamanı isə Ramazan Hüseynov MTN-ə çağırılması haqda bunları söyləyib: “2004-cü ilin sentyabr ayında tanımadığım nömrədən zəng gəldi. Zəng edən şəxs özünü MTN əməkdaşı Nazim Nəsibov kimi təqdim etdi. Həmin vaxt universitetin iqtisadiyyat fakültəsinin dekan müavini olan Rafiq Salahovla birgə MTN-ə gəlməyimi əmr etdilər. MTN getdikdən bir müddət sonra Nazim Nəsibov bizi qəbul etdi və mənə dedi ki, “cənabın qəzəbinə tuş gəlmisiz”. Cənab deyəndə Eldar Mahmudovu nəzərdə tuturdu. Soruşdum ki, cənabın qəzəbinə niyə tuş gəlmişik?” Cavabı “bütün ali məktəblər MTN-nin siyahısından keçirlər, hər il müəyyən məbləğdə pul vəsaitlərini gətirib MTN-ə verirlər ki, yalnız bundan sonra nazirlik həmin tədris müəssisələrinin fəaliyyətinə göz yumur, tələbə köçürmələrinin qanuniliyini araşdırmır” oldu”.

Ramazan Hüseynov bu işlərdə səlahiyyətinin olmadığını, danışıqların rektorla aparılmalı olduğunu deyərək canını qurtarmaq istəyib. Amma xeyri olmayıb.

Prorektor ifadəsində deyib ki, bu danışıqlardan bir neçə dəqiqə sonra Sübahir Qurbanov otağa gəlib və onunla söhbətə başlayıb. Ondan əsasən filialın iş prosesi, tələbələrin sayı, rektorun fəaliyyəti, qəbul, köçürmələr, fakültələr barədə suallar soruşub.

“Mənə dedi ki, “özünə problem yaratmaq istəmirsənsə, sənə deyilənlərə əməl elə, tapşırıq yuxarıdandır”. Sonra baş barmağı ilə yuxarını işarə etdi. Bu sözlərdən sonra məsələnin ciddiliyini anladım. Yaşamaq naminə onların təklifi ilə razılaşmaya bilməzdim. Çünki o dövrdə MTN tərəfindən günahsız insanların həbs olunmaları barədə məlumatlı idim. Dedilər ki, filialın qanunsuz fəaliyyəti ilə bağlı onlarda çoxsaylı məlumatlar, şikayətlə var. Həbs olunacağım, “podvala” salınacağımla hədələndim”- deyə zərərçəkmiş ifadəsində göstərir.

Prorektorun sözlərinə görə, Sübahir Qurbanovun işçisi ilk olaraq ondan 400.000 manat pul istəyib. Bu qədər pulunun olmadığını dedikdən sonra ona “güzəşt” ediblər, həm də 10 dəfəyə qədər. Prorektorla sonuncu tələb razılıq 40 min manata olub.

Ancaq prorektor bununla canını qurtara bilməyib. Ondan hər ilin sentyabr ayında Sübahir Qurbanova çatdırılması üçün 100 min manat verməli olduğunu deyiblər, əks təqdirdə həyatında ciddi problemlərlə qarşılaşacağı ilə hədələyiblər.

Ramazan Hüseynov deyir ki, 2004-cü ilin sentyabr ayında 40 min manat, 2005-ci ilin sentyabr ayında 100 mini MTN-ə verib. 2006-cı ildə isə universitetin fəaliyyətinin dayanmaq həddində olduğunu deyərək 100 mini verməyə imkanının olmadığını söyləyib. MTN maskalıları ona güzəşt ediblər. Ancaq 2007-ci ildə yenidən 100 mini MTN-ə çatdırıb. Sonuncu dəfə isə 2008-ci ilin sentyabrında 100 mini Sübahir Qurbanovun adamlarına verib.

R.Hüseynov bildirib ki, 2009-cu ildə hər hansı məbləğdə pul verməyib. Elə həmin il də təhdid mesajını alıb: “Zəng edib dedilər ki, “müəllim, sən gərək biləsən, özünün və işlədiyin filialın taleyi artıq həll olundu”. 2010-cu ildə isə filial bağlandı. Filialın bağlanılması bilavasitə onların, MTN-nin işi oldu”.

Universitetin Bakı filialı bağlanandan sonra 2010-cu ilin dekabrında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Ramazan Hüseynov və universitetin rektoru Muğan Salahov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi başlanıb. Onların hər ikisi məhkəmənin 2011-ci ilin 19 sentyabr tarixli hökmü ilə 2 il müddətinə şərti olaraq azadlıqdan məhrumetmə cəzası alıblar.

O, deyib ki, MTN-ə verdiyi cəmi 340 min manat pulun bir hissəsini evini, bağını sataraq düzəldib. Digər hissəsini qardaşı Sahib Hüseynovdan 2005-ci ildə 65.000 manat, əmisi oğlu Ələkbər Əhmədovdan 2008-ci ildə 42.000 manat, dostu İbadət İbrahimovdan 2007-ci ildə 30.000 manat, 2007-ci ildə qonşusu Etiram Kərimovdan 35.000 manat, 2008-ci ildə qohumu Cəsarət Cümşüdovdan 40.000 manat, qalan hissəsini isə arvadı Gülnarənin qohumlarından borca alıb.

Prorektor bildirir ki, bundan başqa, o, məcbur olub 2004-cü ildə Alatava qəsəbəsindəki 2 sota yaxın torpaq sahəsində yerləşən ikimərtəbəli yaşayış binasını 40.000 manata satıb.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, ayrı-ayrı vətəndaşlar və sahibkarlardan daxil olmuş çoxsaylı müraciətlər üzrə aparılmış kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə edərək, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edib sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçirməklə əldə edilmiş şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən məlumatlardan istifadə edib çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını əldə etmək məqsədilə xidməti odlu silah tətbiqi, binalara qanunsuz girməklə müşayiət olunan hücuma məruz qalmış şəxslərin həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqınlar təşkil edib nazirliyin inzibati binasına gətirilib ailə üzvləri, yaxın qohumları ilə əlaqə saxlamalarına imkan verməyərək hərəkət sərbəstliklərinin məhdudlaşdırıb xidməti otaqlarda saxladıb qanunsuz azadlıqdan məhrum etmələrinə şübhələr müəyyən edilib.

Bundan başqa, həmin şəxslərin psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən edilib.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.

Təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq cinayət-prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələri cinayət işinin materialları ilə tanış olublar.

İş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək dekabrın 21-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Hazırda cinayət işi üzrə ləğv olunmuş MTN-in vəzifəli şəxslərinin qanunsuz əməlləri və digər epizodlarla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button