Loading...
Loading...
SEÇMƏ

“MTN işi”ndə: “Mövlam Şıxəliyev deyirdi ki, Eldar Mahmudov 3 zərərçəkənin pulunu ödəməyə hazırdır”

“1 milyon 400 min dəyərində malımı qaçaqmal elan edib, özlərinə götürüb satıblar, özümü də aylarla girov saxlayıblar”

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev və onun tabeliyində işləmiş üç polkovnik – şöbə rəisləri Yasin Məmmədov, Vüsal Ələkbərov, eləcə də metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun məhkəməsi sona yaxınlaşır. Bir ilə yaxındır davam edən prosesdə çıxışlar mərhələsidir. Ötən məhkəmə iclasında prokuror çıxış edərək, sabiq MTN-çilərə 10 ildən 14 ilə qədər həbs cəzası verilməsini təklif edib. Hazırda isə zərərçəkmişlərin çıxışları dinlənilir.

Təqsirləndirilən general və polkovniklərin işinə Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Bu məhkəmə prosesinin hüquqi baxımdan açıq olsa da, hakim onu faktiki qapalı keçirir. Keçmiş MTN-çilərin məhkəməsinə jurnalistlər və başqa ictimaiyyət nümayəndələri buraxılmır. Zərərçəkmişlər hakimin bu addımını keçmiş MTN-çilərin əməllərini ört-basdır eləmək cəhdi kimi qiymətləndirirlər. Onlar vurğulayıb ki, Elbəy Allahverdiyev 2000-ci illərin əvvəllərində MTN-də Şıxəliyevin tabeliyində fəaliyyət göstərib, ona görə də generalı mümkün vasitələrlə müdafiə etməyə çalışır. Hətta bu əsasla məhkəmədə bu hakimə etiraz da veriblər. Lakin etiraz təmin olunmayıb.

Avqustun 30-da keçmiş MTN-çilərin məhkəməsinə bir qadın da gəlib. O bildirib ki, 2009-cu ildə şərlənərək həbs olunub. O, əsasən Sahib Ələkbərovu ittiham edib. Çünki onun işi üzrə istintaqı Sahib Ələkbərov aparıb.

Yaxınlarının mediada görüb stress keçirməməsi üçün kimliyinin ictimailəşməməsini xahiş edən qadın bildirib ki, atası və anası onun qanunsuz həbsinə dözməyərək, həyatını itirib, qardaşı isə xəstəliyə tutulub:

“Qardaşımın yenidən bu xəbərləri eşidib vəziyyətinin gərginləşəcəyindən qorxuram…”

O bildirib ki, Bakının Suraxanı rayonu, Bakıxanov qəsəbəsindən dövlət idarəsinə zəng edib, terror aktı barədə yalan məlumat vermə ittihamıyla həbs edilib. Şikayətçinin sözlərinə görə, belə bir hadisə baş verməyib, ona böhtan atıb həbs ediblər.

Şikayətçinin sözlərinə görə, Sahib Ələkbərovun məhkəməsi bir ilə yaxındır davam etsə də, prosesdən indi xəbər tutub:

“Mən bilsəydim, çoxdan gələrdim. Bundan sonra dayanmayacağam. Baş prokuror Kamran Əliyevin də qəbuluna gedəcəyəm. Mənə qarşı cinayət araşdırmalı, cavab verməlidilər”.

O əlavə edib ki, üzərinə qoyulan cinayətə aidiyyəti olmadığını uzun müddət sonra sübut edə bilıib və bəraət alıb.

Sahib Ələkbərov. Foto: Meydan TV

Sözügedən qadını məhkəmə prosesinə buraxmayıblar. Hətta ona məhkəmə binasına daxil olmağa imkan verməyiblər. Mühakiməsi gedən 4 nəfər keçmiş MTN-çidən üçünün hazırda azadlıqda olduğunu nəzərə alaraq, məhkəmə iclasının bitməsini və onların çıxmasını gözləyib. Sahib Ələkbərov məhkəmədən çıxıb sürətlə uzaqlaşanda qadın da arxasınca gedib:

“Səndən əl çəkməyəcəm, mənə elədiklərinə görə cavab verəcəksən. O gün uzaqda deyil. Evimdən dayandığım yerdə məni apardın. Sən də, Şıxəliyev də görəcəksiniz ki, adamları şərləmək nədir…”

Sahib Ələkbərov heç bir cavab vermədən uzaqlaşıb.

Səs-küyə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov da gəlib. O, qadından məhkəmə binasının qarşısından uzaqlaşmasını istəyib. Şikayətçi məhkəmə sədrini bu cür adamları müdafiə edib, qanunları saymamaqda günahlandırıb: “O, mənim həyatımı alt-üst edib…”

Sabiq MTN-çilərin məhkəməsində baş verənlərə gəlincə, prossual qaydalara görə, prokurordan sonra zərərçəkmiş şəxslər çıxış edir, öz mövqelərini bildirirlər.

Movlam Şıxəliyev
Mövlam Şıxəliyev. Mənbə: APA

Zərərçəkənlərin dediklərindən belə məlum olub ki, ötən məhkəmə iclasından sonra verilən bir aydan artıq fasilə dövründə generalın vəkilləri zərərçəkmişlərlə danışıqlar aparıb. Mövzu isə MTN əməkdaşları tərəfindən qanunsuz həbs edilib, onların yaxınlarından alınan vəsaitlərin qaytarılmasıyla bağlı olub.

Zərərçəkmiş Hüseyn Səfərov bildirib ki, Mövlam Şıxəliyev vəkili Arzu Cavadov vasitəsilə ona xəbər göndərib:

“Mövlam Şıxəliyev istəyirdi ki, biz şikayətçi olmayaq, onun rəhbərlik etdiyi bu dəstənin əməllərini ictimailəşdirməyək. Demişdi ki, bizə vurduqları ziyanı ödəyəcəklər. İnandırmaq üçün deyirdi ki, Eldar Mahmudov 3 zərərçəkənin pulunu ödəməyə hazırdır. Zakir Qaralovla Rüstəm Usubov da zərərçəkənlərin bir qisminin zərərini qarşılayacaqlar. Yerdə qalan zərərçəkənlərin pulunu da Mövlam Şıxəliyev və bu birilər verəcək. Əlbəttə ki, biz ona inanmırdıq. Dedikləri boş söz yığınıdır. Bizə qarşı cinayətləri də bunlar təkbaşına törətməyib. Sadəcə, bu gün məhkəmə qarşısına çıxarılanlar icraçılardır. Bu cinayətlərin başında dayanları isə məsuliyyətdən yayındırırlar”.

Hüseyn Səfərov əlavə edib ki, onlara qarşı cinayətlər tam araşdırılmayınca, geri çəkilməyəcəklər.

Digər zərərçəkənlər Nizami Kazımov, Akif Qurbanov, Elvar Əliyev, Ələddin Əliyevin də çıxışı bənzər məzmunda olub.

Zərərçəkmiş Qulam Bağırov Sahib Ələkbərova verilən ittihamdan narazılıq edib. Digərlərinə hədə-qorxu ilə tələbetmə ittihamı verilsə də, o, yalnız rüşvət almaqda təqsirləndirilir.

“Sahib Ələkbərov məni qanunsuz həbs edib, faktiki girov götürüb. Mən 3 ay qanunsuz olaraq MTN təcridxanasında saxlanmışam. Həmin günlərdə ailəmə səhhətimlə bağlı yalan məlumatlar verib, qısa müddətdə öləcəyimi deyib, külli miqdarda pul tələb edib. Ailəm də məcbur olub Sahib Ələkbərovun tələb etdiyi pulu düzəltmək üçün evimi, maşınımı, qızıl-zinət əşyalarını satıb. 135 min dollar düzəldiblər, qardaşım əlbəəl Sahib Ələkbərova verib. Bütün bunları məni azad etdikdən sonra bilmişəm. Məni saxtakarlıqla həbsə atdıqları kimi, saxta ekspert rəyilə də azad ediblər. Guya səhhətimdə problem olduğuna görə buraxılıram”, – zərərçəkmiş bildirib.

Gözdən qaçırmayın:  Qəbələ sakini: “Bir şirkətin anbarından başqa şirkətin işçiləri hədə-qorxu ilə 216 ton gübrə apardılar”

O əlavə edib ki, ailəsinin bütün əmlaklarını satdığını, pulu Sahib Ələkbərova verdiklərini azadlığa çıxandan sonra bilib və buna görə MTN-ə gedib:

Yasin Məmmədov. Foto: Meydan TV

“Çünki mənim heç bir cinayətim yox idi. Məni Mövlam Şıxəliyevin müavini Təhsin Ağayev xahiş-minnətlə sakitləşdirdi. Mühafizəni çağırıb, məni MTN binasından çıxardılar. Bir daha ora buraxılmadım. Görün prokurorluq Sahib Ələkbərovun mənə qarşı cinayətini hansı maddəyə tövsif edib? Guya mən azad olunmağım üçün Sahib Ələkbərova rüşvət vermişəm. Onun əməli Cinayət Məcəlləsinin 182.3 maddəsinə – ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etməyə tövsif olunmalıdır. Ona rüşvət ittihamı veriblər ki, bəri başdan cəzası yüngül olsun”.

Zərərçəkmiş Əfsəl Həsənəliyev isə bildirib ki, yaxınlarının evini banka girov qoyub, Yasin Məmmədova verdiyi pul geri qayıtmasa, cinayət törədəcək. Çünki başqa çıxış yolu, itirləcək heç nəyi yoxdur:

“Mən çox ağır durumdayam. Məni qanunsuz həbs edib, evimi “Unibank”a girov qoydurub, külli miqdarda pulumuzu ələ keçirib. Bank bu gün məni evdən çıxarır. Bu yaşımda mən nəvələrimlə, həyat yoldaşımla küçələrdə qalmalıyam? Bunu Yasin Məmmədov görməyəcək, mən onu özüm cəzalandıracam. Bu adamlar evlər yıxıb, özlərinə imarətlər tikiblər. Həmin imarətləri başlarına uçurub, özlərini də ömürlük həbsə göndərmək lazımdır. Qoy bunların xislətində olan hər kəs görsün ki, evyıxanların axırı necə olur. Siz etməyəcəksiz, mən edəcəyəm. Mənim itirəcəyim bir şey yoxdur. Yaşım 70-i ötüb, bundan sonra küçələrdə qalan deyiləm. Mənim ziyanımı ödəsinlər”.

Zərərçəkmiş Sərdar İsmayılov da ona vurulan zərərin ödənilməsini tələb edib. O da əsasən Yasin Məmmədovdan şikayətçidir.

“Mənim 1 milyon 400 min dəyərində malımı qaçaqmal elan edib, özlərinə götürüb satıblar. Özümü də aylarla girov saxlayıblar. Həmin vaxt ailəm dağılıb, biznesim çöküb. Bu gün də çox ağır durumdayam, borc içindəyəm. Yasin Məmmədov mənə vurulan zərəri ödəsin. Siz də onu azadlıqda saxlamaqla cinayəti ört-basdır edirsiz. Ödəməsə, mən bilirəm neyləyəcəm…”, – Sərdar İsmayılov bildirib.

Zərərçəkənlərdən bir neçəsinin vəkili Osman Kazımov çıxışında vurğulayıb ki, əgər məhkəmə ədalətli keçirilsəydi, obyektiv olsaydı, o zaman zərərçəkmişlər özləri qarşı tərəfi cəzalandırmaq haqda düşünməzdi:

“Bu adamlar müdafiəsiz qalırlar, obyektiv məhkəmə keçirilmir deyə, bu cür iddialarla çıxış edirlər”.

Zakir Qaralov və Rüstəm Usubov. Foto: Azərtac.

Vəkil bildirib ki, məhkəmə qarşısındakı dəstənin rəhbərləri bu gün azadlıqdadır. O, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov, Baş prokuror Zakir Qaralov, onun birinci müavini Rüstəm Usubovun adlarını çəkib:

“Burada mühakimə olunanlar istəsəydilər belə, onların razılığı olmadan bu cinayətləri törədə bilməzdilər. Bu cinayətlərdə Mövlam Şıxəliyev icraçıların başında dayanıb, digərləri isə cinayətlərin birbaşa icraçılarıdır. Bu adamlar susmaları müqabilində azadlıqda saxlanılıblar. Xüsusilə ağır cinayətdə ittiham edilirlər, amma həbsdə deyillər, niyə? Küçədə bir nəfər digərinə sataşır, dərhal həbs olunur. Bunlar dövləti qorumalı olduqları halda, dövlətin gücundan Azərbaycan vətəndaşlarına qarşı istifadə ediblər. Onların elədikləri Azərbaycanın dövlətçilik tarixinə ləkə olan cinayətlərdir”.

Vəkil hakimin nəzərinə çatdırıb ki, obyektiv araşdırma aparmadı, zərurət olduğu halda, Eldar Mahmudov, Zakir Qaralov və Rüstəm Usubovu çağırıb dindirmədi.

Vəkil məhkəmə prosesinin faktiki qapalı keçirilməsini, jurnalistlərin buraxılmamasını da yada salıb.

“Baş Prokurorluğun MTN-də istintaqa nəzarət idarəsi var. Dəstənin cinayətlərinin baş tutmasında həmin idarənin müstəsna rolu var. Bu məsələləri siz heç araşdırmadınız. Halbuki, sizin belə səlahiyyətiniz var”, – Osman Kazımov əlavə edib.

Keçmiş MTN-çilərin məhkəməsi sentyabrın 6-da davam edəcək.

Eldar Mahmudov
Eldar Mahmudov. Foto: Meydan TV

2021-ci ilin aprelindən həbsdə olan Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir.

Təqsirləndirilən keçmiş MTN-çilərdən yalnız general həbsdədir, digər 3 nəfər haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Yasin Məmmədov MSK-nın keçmiş katibi, daha sonra sədr müavini olmuş Natiq Məmmədovun qardaşıdır.

Sahib Ələkbərov və Yasin Məmmədov MTN-dən çıxarılandan sonra vəkil kimi fəaliyyət göstərməyə başlayıb. Onların hər ikisi Vəkillər Kollegiyasının üzvüdür.

Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button