SEÇMƏ

MTN-n general və polkovniklərinin orden və medalları da geri alınıb

Yayımlandı: 7 Oktyabr 2022 16:57

Məhkəmə hökmündə bunlar öz əksini tapıb

Eldar Mahmudov nazir olduğu dövrdə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyev general-mayor rütbəsilə yanaşı bir sıra orden və medallarını da itirib. Bu, Bakı Hərbi Məhkəməsində sentyabrın 12-də onun haqqında çıxarılan hökmdə əksini tapıb.

Prezidentin sərəncamlarıyla 2009-cu ildə ona “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni, 2006-cı ildə “Hərbi xidmətlərə görə” və 2014-cü ildə “Vətən uğrunda” medalları verilmişdi. Məhkəmə onun bu medallardan məhrum edilməsi məsələsinə baxmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərəcək.

Bundan başqa, müxtəlif illərdə verilmiş “Qüsursuz xidmətə görə” I, II və III dərəcəli medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” medalı və başqa təltiflərin də ondan alınmasına qərar verilib.

Foto: Mövlam Şıxəliyevin yaxınlarının arxivindən

Məhkəmə MTN-də Mövlam Şıxəliyevin tabeliyində işləmiş, məhkəmədə onunla birlikdə mühakimə olunan Yasin Məmmədov və Sahib Ələkbərova münasibətdə də eyni qərarı verib. Polkovnik-leytenant rütbəsi alınan Yasin Məmmədov eyni zamanda, “Vətən uğrunda”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” və s. orden və metallardan da məhrum edilib.

MTN-in İstintaq Baş İdarəsinin Metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini vəzifəsində işləmiş Sahib Ələkbərov da polkovnik-leytenant rütbəsini, “Vətən uğrunda”, “Qüsursuz xidmətə görə”, “Hərbi xidmətdə fərqləndiyinə görə” medallarını itirib.

Yasin Məmmədov və Sahib Ələkbərov. Foto: Meydan TV

Onlarla birlikdə mühakimə olunan MTN-in sabiq şöbə rəisi Vüsal Ələkbərov bundan öncə bir dəfə mühakimə olunub, haqqında məhkəmə hökmü çıxarılanda onun rütbəsi və dövlət təltiflərinin alınmasıyla bağlı qərar verilmişdi. Ona görə məhkəmə budəfəki hökmdə onunla bağlı məsələyə toxunmayıb.

Adları çəkilən sabiq MTN-çilərdən Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində hökm oxunanda digər üç nəfər də məhkəmə zalında həbs edildi. Mövlam Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edildi.

Vüsal Ələkbərov. Mənbə: Meydan TV

Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.

Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Deyirlər ki, bu işləri özbaşına eləyə bilməzdilər, kiminsə haqqında cinayət işi başlanması, yaxud həbsdən buraxılması üçün mütləq prokurorluğun yazılı razılığı olmalıydı. Onlar keçmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubovun məhkəməyə çağırılıb dindirilməsini də tələb edirdilər.

Gözdən qaçırmayın:  Lənkərandakı həbslərin detalları açıqlanıb

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button