2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

MTN polkovniki: “Texnikabank”ın sahibinin mülkünü Baş Prokurorluğun rəhbərliyindəki şəxs ələ keçirib”

Keçmiş işçisi generalı ittiham etdi: “Sən mənim düşmənimsən, adam belə eləməz, kişi olar…”

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsində şöbə rəisi olmuş, polkovnik Vüsal Ələkbərov deyir ki, “Texnikabank”ın keçmiş rəhbəri Etibar Əliyevin bir neçə milyon dəyəri olan mülkünü Baş Prokurorluğun rəhbər şəxslərindən biri ələ keçirib. Söhbət Bakıda “milyonçular məhəlləsi” adlanan ərazidə yerləşən 5 mərtəbəli mülkdən gedir. Vüsal Ələkbərov bunu öz məhkəməsində deyib. Lakin o, həmin şəxsin kimliyini açıqlamayıb. Ancaq söz verib ki, məhkəmə prosesinin axırında son sözünü deyəndə o adamın adını açıqlayacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Vüsal Ələkbərov MTN-in İstintaq Baş İdarəsinin keçmiş rəisi, general Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovla birlikdə mühakimə olunur. Onların işinə Bakı Hərbi Məhkəməsində baxılır. Bu dörd nəfərdən yalnız Mövlam Şıxəliyev həbsdədir, digərləri barəsində istintaq və məhkəmə dövründə başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Onların işinə baxan hakim Elbəy Allahverdiyev isə açıq məhkəmə prosesinə media nümayəndələrini buraxmır. Əvvəl hakim pandemiyanı əsas gətirirdi. Amma Nazirlər Kabineti pandemiya ilə əlaqədar məhdudiyyətləri aradan qaldırandan sonra da hakimin qadağası davam edir. Bu da deməyə əsas verir ki, pandemiya sadəcə, bəhanə idi.

Elə zərərçəkmişlər də buna görə hakimi ittiham edir, deyirlər ki, Elbəy Allahverdiyev keçmiş MTN-çilərin əməllərini ört-basdır eləmək üçün jurnalistləri məhkəmə zalına buraxmır.

Son məhkəmə iclaslarında keçmiş MTN əməkdaşları iş adamlarından külli miqdarda pul almaq üçün onların saxta ittihamla həbs olunması, pul alınandan sonra həbsdən buraxılmalarına görə istintaqa nəzarət orqanı olan prokurorluğun rəhbərliyinin məsuliyyət daşıdığını açıqlayıblar. Bildiriblər ki, bütün proseslər Baş prokuror Zakir Qaralov, onun birinci müavini Rüstəm Usubovun nəzarəti altında baş verib.

Keçmiş MTN-çilərin işi üzrə zərərçəkmiş qismində tanınanlar arasında “Texnikabank”ın sahibi Etibar Əliyev də var. İddia olunur ki, o, əmlakını və pulunu əlindən almaq üçün həbs edilib. Tələb olunanları verəndən sonra isə azadlığa buraxılıb.

Budəfəki məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Vüsal Ələkbərov bildirib ki, Etibar Əliyevin 5 mərtəbəli mülkünü Baş Prokurorluğun rəhbərliyinə daxil olan şəxs ələ keçirib. MTN polkovnikinin sözlərinə görə, həmin mülk bu gün də Baş Prokurorluğun rəhbər şəxsinin sərəncamındadır.

Hakim ondan həmin şəxsin kimliyini soruşsa da, o, açıqlamaq istəməyib. Deyib ki, bu məsələ prokurorluğun ona münasibətindən asılı olacaq.

Zərərçəkmişlər bildirib ki, Vüsal Ələkbərov prokurorluğu açıq-aşkar şantaj edir.

Bundan əvvəl – 2015-ci ildə MTN-də əməliyyat keçirilib, 20-dən artıq vəzifəli şəxs həbs olunan ərəfədə Vüsal Ələkbərov da cəzalandırılmışdı. Bakı Hərbi Məhkəməsinin hökmüylə ona 12 il həbs cəzası kəsilsə də, Bakı Apelyasiya Məhkəməsi müddəti 5 ilə endirdi. Ali Məhkəmə isə birinci instansiyanın müsadirə etdiyi, 1.2 milyonluq əmlakını da Vüsal Ələkbərova qaytardı. Bir neçə il sonra o, həbsdən buraxıldı.

Məhkəmədə həmin həbsi haqda danışan Vüsal Ələkbərov deyib ki, o zaman ABŞ, İngiltərə, Rusiya casus şəbəkəsinin maraqlarına görə onu həbs eləmişdilər. O iddia edib ki, bu gün də həmin şəbəkə ondan əl çəkmir.
Təqsirləndirilən şəxslərdən Yasin Məmmədov uzun illər MSK-nın katibi, daha sonra sədr müavini işləmiş Natiq Məmmədovun qardaşıdır. Onların daha bir qardaşı İlqar Məmmədov budəfəki məhkəmə iclasında dindirilib. Həmçinin əmisi oğlu İlham Məmmədov da şahid qismində ifadə verib.

Həm qardaşı, həm də əmisi oğlu iddia edib ki, Yasin Məmmədovun adına olan əmlakların bir qismi əslində, onlara məxsusdur. Vaxtilə özləri alsalar da, Yasin Məmmədovun adına rəsmiləşdiriblər.

Prokuror dindirmə zamanı deyib ki, Yasin Məmmədovun özünün sərəncamında olan böyük obyektlər, evlər var. Baxmayaraq ki, həmin əmlaklar onun sərəncamındadır, onları öz adına yox, yaxın qohumlarının adlarına rəsmiləşdirib:

“Öz əmlaklarını öz adına rəsmiləşdirmədiyi halda, başqalarının əmlaklarının onun adına olması inandırıcı deyil axı…”.

Təqsirləndirilən Yasin Məmmədov çıxışında bunun əksini sübut etməyə çalışıb.

O, zərərçəkmişlərdən İbrahim Zeynalovdan 8 milyon, həmçinin Əfsəl Həsənəliyev, Sərdar İsmayılov və digərlərindən külli miqdarda pul alınıb, həbsdən buraxılması üçün pul alınmasında birbaşa iştirakı haqda deyilənləri də təkzib edib.

Yasin Məmmədov MTN-də uzun illər rəisi olmuş, hazırda isə onunla birlikdə müttəhimlər kürsüsündə əyləşən general Mövlam Şıxəliyevi də ittiham edib. O, cinayət məsuliyyətinə cəlb olunmasında görə generalla yanaşı, onun müavini olmuş Təhsin Ağayevi də günahlandırıb.

“Sən mənim düşmənimsən, adam belə eləməz, kişi olar…”, – məhkəmə zalında dəmir barmaqlıq arxasında olan Mövlam Şıxəliyevə belə deyib.

“Sən mənim düşmənimsən, adam belə eləməz, kişi olar…”, – məhkəmə zalında dəmir barmaqlıq arxasında olan Mövlam Şıxəliyevə belə deyib.

Mövlam Şıxəliyev vaxtilə tabeliyində çalışan Yasin Məmmədovun dediklərinə cavab verməyib. Təqsirləndirilən general özü haqqında danışaraq deyib ki, 1996-cı ildən “Stil” mebel mağazaları şəbəkəsi olub. Bu şəbəkənin də 70 faizi özünə, 30 faizi qohumuna məxsus idi. Mövlam Şıxəliyev iddia edib ki, mebel mağazalarından ayda 30 min manat gəlir əldə edirdi. Onun sözlərinə görə, indiyə qədər bu biznesdən 5 milyon manat qazanıb və adına olan əmlakları da həmin qazancın hesabına alıb.

Mövlam Şıxəliyev Xaçmaz rayonunda yerləşən “Çobanbulaq” istirahət mərkəzindən də danışıb. Bu obyektin yarısı generalın ailəsinə məxsusdur. İstirahət mərkəzinin 50 faizi onun həyat yoldaşı Aybəniz Şıxəliyevanın adına rəsmiləşib. İstintaq dövründə Şıxəliyevin bir sıra başqa əmlaklarının üzərinə həbs qoyulsa da, “Çobanbulaq”a aid olmayıb. Bunun səbəbini açıqlayan Mövlam Şıxəliyev deyib ki, yüksək vəzifəli məmurlardan birinin maraqlarına görə həmin obyektin üzərinə həbs qoyulmayıb.

Zərərçəkmişlərdən Qulam Bağırov da məhkəmədə danışıb. O, müəyyən problemlər üzündən son iki məhkəmə iclasında iştirak edə bilmədiyini, həmin iclasların birində təqsirləndirilən şəxslərdən Sahib Ələkbərovun onun ünvanına nalayiq ifadələr səsləndirdiyini yada salıb. Hakimi də qınayıb ki, onun təhqir xarakterli ifadələrinin qarşısını almayıb:

“Sahib Ələkbərov mənim məhkəmədə olmamağımdan istifadə edib, ünvanına böhtan xarakterli, təhqiramiz ifadələr işlədib. Deyib ki, guya mənim əqli problemlərim var…”.

Hakim zərərçəkmişə fikrini davam etdirməyə imkan verməyib. Bildirib ki, o, ötən məhkəmə iclaslarından birində ifadə verib və artıq danışa bilməz. Bu da zərərçəkmişin etirazına səbəb olub:

“Deməli, Sahib Ələkbərov ağzına gələni danışacaq, mən də dayanıb qulaq asmalıyam? Əqli xəstə kimdi? Pul almaq üçün insanlara hədə-qorxu gəlib, verməyənləri prokurorluqla əlbir olub, saxta cinayət işləri düzüb-qoşub girov götürənlərdir. Girov götürülənin yeganə mənzilini satdırıb, pulunu alanlardır. Sahib Ələkbərov şəxsən məni girov götürüb, evimi satdırıb. Ailəmi məcbur edib ki, evin pulundan əlavə, çoxlu borclara girsin, 135 min dolları düzəldib versin. Sahib Ələkbərov bu pulu ailəmdən alandan sonra tibbi ekspertizadan mənimlə bağlı saxta rəy alıb, girovluqdan azad edib. Rəydə yazılıb ki, guya başımda şiş var. Halbuki, belə bir şey yoxdur. Zərərçəkmişlərin hamısı pulları alınandan sonra bir-birinə bənzər ağır diaqnozlarla həbsdən azad ediliblər. Bunların yalanları bizdə ikrah, nifrət hissi yaradır…”.

Zərərçəkmiş Sahib Ələkbərovun barəsində həbs qətimkan tədbiri seçilməməsinə də etiraz edib.
Zərərçəkmişlərdən Sərdar İsmayılov da bildirib ki, yaxınlarından pul alınandan sonra onun da haqqında saxta xəstəlik rəyi alınıb və bunun əsasında azadlığa buraxılıb.

Təqsirləndirilən Yasin Məmmədov keçmiş iş yoldaşları olan müstəntiqlərin, o cümlədən Nadir Mustafayev və digərilərinin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb.

Vəsatət baxılmamış saxlanılıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button