2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Müəllimlərin işə qəbulu ilə bağlı iddialar təsdiqləndi: “Müəllif məxfilik şərtlərini pozub”

Yayımlandı: 18 İyul 2022 14:00

“Siracəddin Quluzadə ilə bağlı hüquqi addımlar atılacaq”

İyulun 16-da sosial şəbəkələrdə Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsinin imtahan mərhələsində riyaziyyat fənni üzrə istifadə olunan test tapşırıqlarının öncədən yayılması ilə bağlı iddialar irəli sürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) məsələ ilə bağlı araşdırma apardığını açıqlayıb.

Qurumun açıqlamasında bildirilir ki, iddialarda iyulun 14-də keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilən üç sualın bundan əvvəl bəzi namizədlərə videoformatda izah edilməsi əks olunur:

“ARTİ beynəlxalq təcrübəyə uyğun olaraq test bankına daxil edilməsi üçün fənn mütəxəssislərinə orijinal sualların hazırlanması sifarişini verir. Sualların (və ya onların analoqlarının) məxfiliyinin qorunmasına, üçüncü tərəflə paylaşılmamasına və müəlliflər tərəfindən təlim mərkəzlərində bu istiqamətdə hazırlıq aparılmamasına dair sual müəllifləri ilə məxfilik müqaviləsi bağlanılır”.

Araşdırma nəticəsində məlum olub ki, cəlb edilən müəlliflərdən Siracəddin Quluzadə onunla bağlanmış məxfilik müqaviləsinin şərtlərini pozaraq ARTİ-yə təhvil verdiyi orijinal test tapşırıqlarını müəllim hazırlıq mərkəzlərindən birinin test bankına da təqdim edib.

Bu suallar həmin hazırlıq mərkəzi tərəfindən imtahandan əvvəl yayımlanan videodərs zamanı çoxsaylı suallar arasında müzakirə üçün istifadə olunub.

İyulun 14-də keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilən üç sualın (S.Quluzadə tərəfindən MİQ sual bankına təqdim edilmiş) imtahandan əvvəl bəzi namizədlərə videoformatda izah olunması iddiası təsdiqini tapıb.

Foto: Meydan TV

“Xidməti müqavilənin şərtlərini kobud surətdə pozduğuna görə, Siracəddin Quluzadə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq hüquqi addımlar atılacaq. Hazırda ARTİ bu hadisənin imtahan nəticələrinə olan təsirləri ilə bağlı elmi-statistik təhlil aparır. Yekun nəticələrə dair qərar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”, – qurumun məlumatında qeyd olunub.

İyulun 14-də Azərbaycanda 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə başlanılıb.

İyulun 14-də riyaziyyat, fiziki tərbiyə, alman dili və fransız dili fənni üzrə 8000-dən artıq namizəd dəvət olunub.

Bu il üçün MİQ üzrə 9000-dən artıq vakant yer təqdim olunub.

54 745 nəfər namizədin iştirakı planlaşdırılan müsabiqə 7 gün ərzində ölkənin 10 müxtəlif şəhəri olmaqla, ümumilikdə 15 imtahan mərkəzində təşkil olunacaq.

Müsabiqənin test imtahanı mərhələsində hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir.

Ötən illərdən fərqli olaraq bu il test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulub.

Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq.

Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Həmçinin yeni qaydalara əsasən, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək.

İxtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə – 0,25 bal şəklində hesablanacaq.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button