2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Müəssisələrdən rüşvət alıb Dövlət Əmək Müfəttişliyinin müdirinə verirdik”

Yayımlandı: 5 Noyabr 2022 21:14

Keçmiş nazirin məhkəməsi şahid ifadələri ilə davam edib

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsində dindirilən onlarla şahidlər ifadələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün evlərin tikintisi zamanı rəqəmlərin şişirdilməsindən, nazirliyin tenderlərində qalib elan edilən şirkətlərin rəsmi rəhbərlərinin həmin tenderlərdən ümumiyyətlə xəbərdar olmamasından və s. korrupsiya hallarından bəhs olunur. Noyabrın 5-də keçmiş nazirin məhkəməsində yenə də bu barədə ifadələr verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Səlim Müslümovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hakim Faiq Qəniyevin sədrliyilə keçirilən budəfəki məhkəmə iclasında əvvəl Vüqar Əhmədli ifadə verib. Sahibkarlıq fəaliyyətilə məşğul olduğunu deyən şahidin sözlərinə görə, nazirliyin Tikilməkdə Olan Obyektlərin idarə rəisi Natiq Əzizovla tanışlığı olan dostu vardı. Həmin dostu da Natiq Əzizova deyib ki, ev tikintisiylə bağlı iş olarsa, Vüqar Əhmədli həmin işi görə bilər:

“Mən də tenderlərdə iştirak etdim və qalib gəldim. Bundan sonra 2014-cü ilin payızında nazirliklə ev tikintisi aparmaq üçün müqavilə bağladıq. Amma pulumu vermədilər, mən də işi görməkdən imtina elədim”.

Şahidin sözlərinə görə, 2015-ci ilin yanvarında nazirlikdən ona 140 min manatlıq iş veriblər:

“Fevral ayında devalvasiya oldu. İş görə bilmədik. Ümumilikdə müqavilədə görüləcək işlərin məbləği 1 milyon 100 min manat idi. Amma həmin puldan 460 min manat almışam”.

Vüqar Əhmədli bildirib ki, adına 4 şirkət olub və ümumilikdə 20 fərdi yaşayış evi tikməliydi. Sonradan onun gördüyü işləri yoxlayıblar və 175 min manatlıq çatışmazlıq aşkar edilib. O əlavə edib ki, həmin ziyanı dövlət büdcəsinə ödəyib.

Digər şahid – “Təmir-Tikinti” MMC-nin rəhbəri Elman Səfərov isə Natiq Əzizovun həmyerlisi olub. Onlar eyni kənddəndilər: “Mənim şirkətim vasitəsilə 2 fərdi ev tikilib. Həmin evlərin tikintisinə görə Natiq Əzizova 12 min manat vermişəm”.

O vurğulayıb ki, başqa həmyerliləri ilə birlikdə 6 şirkət təsis ediblər. Bu şirkətlər də tenderdə qalib gəlib, Zaqatala rayonunda 11 ev tikiblər. Bu 11 evin tikintisinə görə Natiq Əzizova ümumilikdə 66 min manat veriblər.

Məhkəmədə aydın olub ki, nazirliyin tenderlərində qalib elan edilmiş şirkətlərdən birinin rəhbəri olan Lənkəran sakini Balaverdi Ağayev ümumiyyətlə, tenderin nə olduğunu bilmir. Onun sözlərinə görə, xalası oğlunun vasitəsilə adına şirkət açılıb. Başqa heç nədən xəbəri yoxdur.

Dövlət Əmək Müfəttişlinin Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentinin audit sektorunun baş məsləhətçi işləmiş Elxan Səlimov isə ifadəsində etiraf edib ki, paytaxt ərazisində müəssisələrdə əmək məsələlərilə bağlı qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlamaqla rüşvət toplayırdılar. Onun sözlərinə görə, hər gün yoxlamaya 2 nəfər birlikdə gedirdilər. Müəssisələrdə əsasən, işçilərlə əmək müqaviləsinin olub-olmaması, maaşın rəsmiləşdirilməsi kimi məsələləri yoxlayır, nöqsanlar tapırdılar. Nöqsanları ört-basdır eləmək adıyla da pul alırdılar.

“Yığılan pulları isə Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadəyə verirdik. Hər ay 5 min manat verirdik. O da bizə həmin puldan verirdi”, – Elxan Səlimov bildirib.

Fuad Əlizadə 2005-2014-ci illərdə audit şöbəsinin rəhbəri, 2014-2018-ci illərdə isə Dövlət Əmək Müfəttişliyinin rəisi işləyib.

Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul şöbəsinin keçmiş müdiri Xalis Həsənov da şahid qismində dindirilib. O da əvvəlki məhkəmə iclaslarında dindirilmiş şöbə müdirlərinin dediklərinə bənzər ifadə verib. 2014-cü ildən 2021-ci ilə qədər şöbə müdiri olduğunu deyən Xalis Həsənovun sözlərinə görə, rəhbərlik etdiyi qurumda yoxlama zamanı müəyyən nöqsanlar aşkarlanmışdı: “Nöqsanların şişirdilməməsi üçün nazirliyin Daxili Nəzarət Şöbəsinin rəis müavini Nizami Xanlarovla görüşdüm. 12 min manat pulu ona otağında verdim…”

Daha bir şahid Telman Səfərov nazirliyin Tikilməkdə Olan Obyektlər İdarəsində texniki nəzarətçi olub. Onun sözlərinə görə, Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən evlərin təmirində müəyyən saxtakarlıqlar olurdu: “Mən evlərin təmirində iştirak edirdim. Natiq Əzizova hər evə görə 5, 9, 15 min manat verirdim. Olub ki, evin təmiri sənəddə 50 min manat göstərilib, amma mən 30 min manata təhvil vermişəm. Təmir-tikintidə istifadə olunan materiallarda da yeyintilər olurdu…”.

Keçmiş nazir məhkəmədə səslənən bu fikirlərin heç birinə reaksiya verməyib.

Səlim Müslümovun məhkəməsi noyabrın 14-də davam edəcək.

61 yaşlı Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.

2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.

20 milyon manatlıq mənimsəmə, israfetmə və rüşvətdə təqsirləndirilən Səlim Müslümova qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Səlim Müslümov 27 milyon manatlıq ziyanın 20 milyonunu istintaq dövründə ödəyib. O, həmin ödənişdən sonra ev dustaqlığına buraxılıb. Lakin rəsmi səbəb kimi, onun səhhətindəki problemlər göstərilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button