2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''Mübarizənin alternativi bundan da yaxşı mübarizədir''

Əli Kərimli: “Kütləvi mitinq hakimiyyət üçün qorxuludur”

Saytların yığılması Saytlarin yigilmasi

Aprelin 8-də Demokratik Qüvvələrin Milli Şurası “Məhsul” stadionunda mitinq keçirəcək. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə söhbətimizdə təmsil olunduğu qurumun apardığıı mübarizənin taktiki və strateji məqamlarının doğurduğu suallara cavab tapmağa çalışdıq.
 
– Əli bəy, söhbətimizi sosial şəbəkələrdə mitinqlə bağlı yazılan əks arqumentlər üzərində qurmuşam. Ənənəvi sual; əgər aksiyalarınızda eyni simalar görünürsə, niyə etiraz edirsiniz və nə mənası var bu tədbirlərin?

– Azərbaycan qeyri-demokratik, tam avtoritar ölkədir və dünyada olan 20 ən qeyri-demokratik ölkədən biridir. Bu sualı verən həmvətənlərimiz nə təklif edirlər? Biz də sakitcə oturub korrupsioner, avtoritar, ailə hakimiyyətilə, oğurluq və talanla, siyasi məhbusların çəkdiyi cəfayla barışaq? Mübarizə aparırıq. Nəticəsindən, nə qədər adamın prosesə qoşulmasından asılı olmayaraq, şərlə mübarizə hər zaman ləyaqətli işdir. Şərlə, zalımla, zülmlə mübarizə aparmaq lazımdır. Biz mübarizəmizi aparırıq, həm də yeni aparmırıq, xeyli müddətdir mübarizədəyik. Bir çox vətəndaşımız bu işi öz aləmlərində mənasız hesab edirlər, amma mən tam məsuliyyətlə deyirəm ki, belə bir ölkədə mövcud vəziyyətlə barışmaq həddən artıq mənasız bir işdir. Mən vətəndaşlarımızı barışmamağa çağırıram. Biz bu vəziyyətlə barışmırıq, ona görə də meydanlara çıxacağıq, tərəfdarlarımıza, vətəndaşlarımıza çağırış etmişik. Nə qədər həmin meydanda olacağıq, birlikdə uca səslə deyəcəyik: ay hakimiyyət, sizin bir ailə tərəfindən ölkənin bütün hakimiyyətinə əl qoymağınıza etiraz edirik. Biz bu nəhəng korrupsiyaya etiraz edirik, biz Azərbaycanın ləyaqətli övladlarının azad sözə görə həbsxanalarda çürüdülməsinə etiraz edirik. Biz bu ölkənin önünün açılmasını istəyirik. Məgər, belə tələblərlə çıxış etmək pismi bir işdir?

– Ancaq bu proses illərlə davam edir, Kamyunun məşhur “Sizif əməyi”nə bənzəmirmi?

– Bənzəyir. Baxır, buna hansı bucaqdan baxırsınız. Əslində, bizim illərlə bu ləyaqət mübarizəmizi aparmağımız şəxsən mənə vicdan rahatlığı verir. Nə təklif olunur, tez təslim olaq, ölkəni tərk edək, barışaq və korrupsionerlərin süfrəsindən nəsə əldə etməyə etməyə çalışaq?  Alternativ nədir? Alternativ susmaqdır, barışmaqdır, ölkəni tərk etməkdir, intihardır, mübarizədən əl çəkməkdir? Biz mübarizə aparırıq. Başqa ölkələrin təcrübəsinə baxın. Heç bir xalq asanlıqla demokratiya və hüququn aliliyini öz ölkəsində qura bilməyib. Bizim əsas problemlərimiz budur ki, asanlıqla, heç nə etmədən demokratiyanın bütün nemətlərinə qovuşmaq istəyirik. İstəyirik ki, hardansa bir sehrli çubuq bunu etsin. Çox təəssüf ki, bəzi oxumuşlarımız da bu tendensiyanı cəmiyyətdə gücləndirir. Bax, bu gün mübarizəni mənasız hesab edən adamlara sual verirəm: kim Azərbaycanda demokratik cəmiyyət quracaq, xaricdən gəlib edəcəklər? 3 azərbaycanlı bir yerdə oturan kimi hansısa xarici ölkəni günahlandırmaqla məşğuldur. Biz öz taleyimizə sahib çıxmalıyıq. Kim edəcək bunu? İldən-ildən öz ailə hakimiyyətini daha da möhkəmləndirən, heç zaman yediyindən doymayan korrupsionerlər təbəqəsi dəyişiklik edəcək?  

– Mitinqin şüarı “Monarxiyaya, talana yox” adlanır, amma hakimiyyətin göstərdiyi məkanda mitinq keçirirsiniz, zamanı dəyişmənizi tələb edirlər, siz də razılaşırsınız. Necə olur, monarxiya adlandırdığınız hakimiyyətlə razılaşırsınız? Bu mənada keçirdiyiniz tədbirlərin mənası varmı?

– Tam əmin edirəm, bu iradı tutanlar heç zaman razılaşdırılmamış mitinqlərdə olmayıblar. Şahidsiniz ki, bu ölkədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları qədər razılaşdırılmamış mitinq keçirən heç kim olmayıb. Bu iradı kimə deyirlər? Biz onlarla razılaşdırılmamış mitinqləq keçirmişik. 8 aprel mitinqini partiya tədbiri üçün etmirik. Bəli, partiyamızın fəalları şəhərin mərkəzində aksiya keçirməyə hazırdılar. Amma biz bu aksiyanı partiya fəalları üçün etmək istəmirik axı.

– Bəs yeni variantlar haqda düşünmək olarmı?

– Elə yeni variantın biri budur. Əminliklə deyirəm ki, bəzilərinin guya bəyənmədikləri, hansı ki onlar razılaşdırılmamış aksiyalara da gəlmirlər. Deməli, biz razılaşdırılmamış mitinq edəndə, bu adamlar dərhal “xalqı qırğına verirlər, xalqın uşaqlarını həbs etdirəcəklər, gedib hökumətlə razılaşıb mitinq etmək lazımdır” deyə bildirirlər. Razılaşdırılmış mitinq edəndə xorla deyirlər: necə yəni, hökumətin razılığıyla ona etiraz etmık olar? Bütün dünyada hökumətin razılığıyla ona etiraz aksiyaları keçirilən mitinqlər olur. Hökumətin razılığıyla etiraz təhlükəsizdirsə, niyə görə ötən ilin 11 sentyabr mitinqindən sonra hakimiyyət bu qədər qorxuya düşmüşdü? Artıq dövlət idarələrinin bir çoxunda 8 apreldə-şənbə günü məcburi iməclik salıblar. Özəl müəssisələrin əksəriyyətində rəhbərlik tələb edib ki, hamı işdə olsun. Təhsil müəssisələrində də oxşar məcburiyyət var. Hökumət kütləvi mitinqlərdən qorxmursa, niyə bu tədbirləri görür? Mitinqə 3 gün qalmış niyə mitinqin vaxtını dəyişirlər? Niyə bazar günü aksiyanın keçirilməsini istəmirlər? Varmı bu sualların cavabını? Tək bir cavabı var – kütləvi mitinq olmasını istəmirlər, çünki kütləvi mitinq hakimiyyət üçün qorxuludur. Hakimiyyət üçün qorxuludursa, xalqın xeyrinədir. Ona görə aksiyalara qarşı aparılan kampaniya çox mənasızdır.

– Məgər, bu kampaniya dolayısı yolla mitinqin təbliğatına da kömək etmirmi?

– Müəyyən mənada bəli. Çünki hakimiyyət deyir, cavabı da verilir. Azərbaycan xalqının da gözü tərəzidir, qiymətləndirir. Başa düşür ki, bir çox adamlar bacardıqları qədər iş görür, elə buna görə vicdanımız rahatdır. Bir çox adam da peşəkar tənqidçi rolundadır. Onlar özləri heç nə etmirlər, kənarda dayanıb biz nə etsək, ona şərh verirlər. Olsun, ona da etirazım yoxdur. Demokratik cəmiyyətdə o adamların da yeri var. Eybi yox, bu sualları qaldırsınlar, biz də cavabını verək, buna daralmıram. Sadəcə, vətəndaşlarımıza çatdırmaq istəyirəm ki, əgər sizi kimlərsə hansı motivlə olur-olsun, evinizdə oturmağa, işsizliklə, səfalətlə, zülmlə barışmağa, heç nə etməməyə çağırırsa, yaxşı heç nə görmür.

– Ötən mitinqlərin birində paytaxt polisinin rəhbərliyi sizi istefa şüarını səsləndirməməyə çağırmışdı. Nə üçün bu tələblə razılaşdınız?  

– Bilirsiniz, mitinqlərin kütləviliyi hər zaman yeni bir situasiya yaradır. Bu gün ölkədə vəziyyət elədir ki, hökumət istəsə, bizim razılaşdırılmış mitinqlərin qarşısını ala bilər. Mitinq günü polislər elektrik şəbəkəsini mühasirəyə alır, istənilən vaxtı işıqları söndürə bilirlər. Çağırdığımız adamlar da gəlib, 10 min, 15, yaxud 20 min. Şüarı səsləndirdik, işıq keçdi, alternativ enerji ilə təmin etmək imkanımız da yoxdur. Mitinq o qədər kütləvi olmalıdır ki, polis də cəsarət edib 50, 100 min adamın işığını keçirdə bilməsin.

– O zaman sual yaranır, müxalifət hökumətin icazəsilə istefa tələbini səsləndirir?

– Yox, əksinə, onlar həmin şüara görə işığı kəsirlər.

– Əli bəy, variantlar fikirləşmək lazımdır…

– Bilirsiniz, bunu bizə neçə ildir deyirlər. 4-5 il əvvəl “yeni variantlar tapın” deyənlərin bir çoxu siyasəti, bir çoxu da ölkəni tərk edib. Biz isə yerimizdəyik.

– Olmazmı elə bir variant tapılsın ki, həmin fikirlər səslənməsin?

– Bu cür fikirlər hər zaman səslənəcək. Bir az əvvəl dedim ki, demokratik cəmiyyətdə hər cür fikirlər səslənəcək. Sadəcə, mən vətəndaşlarımızı dünyaya baxmağa çağırıram. Hər zaman deyirik: yenidən velisoped icad etməyimizə nə ehtiyac var? Dünyaya baxaq. Hansı ölkələrdə demokratikləşmə bir az tez, bir az gec qalib gəlir? Mübarizə olan ölkələrdə. 10 il əvvələ qayıdaq, Pakistanda mübarizə gedirdi, nəhayət, qalib gəldilər. Myammada mübarizə gedirdi, qalib gəldilər. Venesuala da az qalıb, son ştrixlərini vurur. Amma 10 il əvvəl birilərinin bizə tövsiyə etdiyi, əllərini partaya qoyub sakit oturan Orta Asiya vardı. Bir çoxu deyirdi ki, yox, mitinq olmasın, buxar yığılıb, partlayacaq. O zaman Özbəkistan, yaxud Türkmənistan gərək 10-15 il əvvəl partlayardı. 27 ildir heç nə yoxdur. Elə deyil, harda mübarizə varsa, orda təşkilatlanma, institutlaşma olur, xalq maariflənir. Mübarizə ondan ibarət deyil ki, biz 8 apreldə mitinqə çıxandan sonra monarxiya dərhal rədd olub gedəcək, İlham Əliyev istefa verəcək, demokratik seçki keçiriləcək.

-Ancaq bəziləri aksiyaya gəlib şəkil çəkdirib mühacirətə gedəcək…

– O da olsun. Bilirsiniz, əsas tendensiyaları tutmaq lazımdır. 9-10 milyonun içində fərdi maraqlarına görə şəkil çəkdirib mühacirətə gedənlər də olacaq. Əsas tendensiya odur ki, bizim heç bir illüziyamız yoxdur. Yəni bir-iki mitinqdən sonra ailə hakimiyyətinə son qoyulacaq, korrupsionerlər tövbə edəcək, elə deyil. Amma bunun özü mübarizənin, təşkilatlanmanın, etirazın formasıdır. Biz xalqın içindəki narazılığın etiraza çevrilməsinə şərait yaradırıq, müxalifətin vəzifəsi bu gün bundan ibarətdir. Yaxşı, razılaşdırılmamış mitinq edirsən, bu adam yoxdur,  razılaşdırılmışın edirsən, o adam yenə yoxdur. Təklif verirsən, qeyri-ciddi söhbətlər edir. Onlardan alternativ ola bilməz. Ona görə də indi aparılan mübarizənin alternativi bundan da yaxşı mübarizədir, başqa bir şey yoxdur. Kim bizim etdiyimizdən daha yaxşısını bacarırsa, gəlsin etsin, sidq ürəklə bütün tamaşaçıların qarşısında deyirəm ki, gəlib onun mübarizəsində sıra nəfəri kimi iştirak etməyə hazıram.  

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button