2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Mübariz Mənsimovu həbsə aparan oyunun şifrələri…

O gecə Ərdoğanın və Türkiyənin ən uzun gecəsi idi.
Ordu içindəki FETÖ-cü zabitlər hərbi çevrilişə başlamışdılar.
Ailəsi ilə birgə Marmarisdə istirahət edən prezidenti həbs etmək üçün xüsusi təyinatlılar göndərilmişdi.
Ərdoğan nə ordu komandanı ilə əlaqə saxlaya bilirdi, nə də MİT (Milli İstihbarat Teşkilatı) rəhbəri ilə..
Ərdoğanı otelə ən yaxın aeroportda Palmalı şirkətinin TC-MMM təyyarəsi gözləyirdi.
Ərdoğana ən çətin günündə və hətta ən çətin saatında ona dəstək verən Mübariz Mənsimov 5 il sonra FETÖ üzvlüyü zindanda olanda o uzun yay gecəsini mütləq xatırlayacaqdı.
Prezidentin qardaşı və oğlu ilə şərikli biznesi olan, özəl təyyarəsini seçki dövründə (Təbliğat dövründə namizəd dövlət resurslarından istifadə edə bilməz) Ərdoğana ayıran Mənsimov üçün nələr dəyişmişdi…
Əslində heç nə…
Mənsimov Ərdoğana daim sədaqətli olmuşdu.
Mətbuata ötürülən istintaq materiallarında da dişədəyən heç nə yox idi.
İttiham aktını hazırlayan prokuror sübut yoxluğunu fantaziyası ilə kompensasiya etməyə çalışdığı aydın görünürdü.
Belə ki, prokuror Mənsimovun istintaqla əməkdaşlıq etməyi rədd etdiyini, anoloji addımın FETÖ üzvləri tərəfindən də atıldığını xatırladır və burdan Mənsimovun FETÖ üzvü olduğu nəticəsini hasil edirdi.
Mənsimovun Gülənlə iki görüşü də ittiham aktına salınmışdı.
Mənsimov bunu inkar etmirdi, ancaq görüşün Ərdoğanın istəyi ilə baş tutduğunu qeyd edirdi.
Üstəlik, Mənsimov görüşlə bağlı məlumatları Ərdoğana və MİT rəhbəri Hakan Fidana çatdırdığını da məhkəmədə bildirmişdi.
Ərdoğanla bağlı yalan danışmaq mümkündürmü?
İkinci görüşdə isə Mənsimovun yanında bir şəxs vardı və əslində Mənsimova qurğunu da məhz həmin şəxs qurmuşdu.
Mənsimov həmin şəxsin adını həm ibtidai istintaqda həm də məhkəmədə açıqladı: Mehmet Ağar. Keçmiş daxili işlər naziri…
2014-ci ildə Mənsimovun sahibi olduğu yüz milyonlarla dollar dəyərində olan Yalıkavak marinasının (kiçik gəmi və yaxta limanı) şöbə müdirliyinə Mehmet Ağarın oğlu Tolga Ağar təyin edilmişdi.
Tolga Ağar həmçinin AKP millət vəkilidir.
Sonra isə marinanın idarə heyətinin sədri vəzifəsinə Mehmet Ağar “seçildi”.
Keçmiş daxili işlər nazirinin əməliyyatı uğurla başa çatmışdı.
Mənsimovun isə məhkəməsi davam edirdi.
Məhkəmə FETÖ üzvü olmaq şübhəsi ilə mühakimə edilən Mənsimovu təqsirli bilməyərək onu “silahlı terror təşkilatının üzvü olmadan təşkilata könüllü şəkildə yardım etmək” maddəsi ilə beş il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırdı.
Bir ildir həbsxanada olan Mənsimovun son məhkəməsində hakim cəzanın qalan hissəsini ev dustaqlığına çevirərək onu məhkəmə zalından azadlığa buraxdı.
Bütün bunları qeyd etdikdən sonra ortaya bir sual çıxır: Ərdoğan niyə Mənsimovu qorumadı?
Bu gizlinin cavabı da Mehmet Ağardadır.
Türkiyənin 90-cı illərinə damğa vurmuş bir qəza var: Susurluk qəzası.
Susurluk qəsəbəsində bir maşın qəzaya uğramışdı. Sərnişinlərdən İnterpolun qırmızı xətti ilə axtarışda olan Abdullah Çatlı həlak oldu, hakim DYP-nin millət vəkili və Polis məktəbinin müdiri ağır yaralandı.
O günlərdə daxili işlər naziri Mehmet Ağar idi.
Bir anda qiyamət qopdu, gizli sirlər ifşa edilməyə başlandı.
Bütün oxlar Mehmet Ağarın göstərirdi.
Mediaya sızdırılan MİT raportunda Mehmet Ağar bu çirkli şəbəkənin rəhbəri kimi təqdim edilirdi.
Ağar nazir postundan istefa verməli oldu, sonra isə həbs edildi.
Ancaq illər keçdi, dövran dəyişdi.
FETÖ-nün polis sistemindən təmizlənməsi prosesində sədaqətli kadrlara ehtiyac duyan Ərdoğanın yolu uzun illər polis sistemində çalışan və sistem daxilində əhəmiyyətli kadrları olan Mehmet Ağarla kəsişdi.
Həmin kadrlar hesabına təmizlənmə prosesini uğurla icra edildi.
Kartları yanlış oynayan Mənsimov bu əməkdaşlığın qurbanı oldu.
Mehmet Ağarın Yalıkavak marinada, Mənsimovun həbsdə olduğu günlərdə çəkdirdiyi bir şəkil təkcə zəfər elanı deyildi, həm də Ağarın əzələ nümayişi idi.
Belə ki, şəkildə bir mafiya lideri, bir ordu generalı, bir xüsusi xidmət zabiti vardı.
Bu heyət Susurlukdan çox əzəmətli görünürdü.
Və qəribədir ki, onların hər birinin yolu bir zamanlar Azərbaycandan keçmişdi.
Bu barədə isə gələn yazıda…
Tural Cəfərov

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button