2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Müdafiə Nazirliyi: “Azərbaycan “Qisas” əməliyyatı keçirib”

Yayımlandı: 3 Avqust 2022 20:11

“Sarıbaba və bir sıra yüksəkliklər nəzarətə götürülüb”

Azərbaycan Müdafiə Nazirliyi Qarabağdakı hərbi əməliyyatlarla bağlı açıqlama yayıb. Nazirlik baş verən gərginliyə görə qarşı tərəfi ittiham edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozublar:

“Avqustun 3-də Azərbaycan ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədilib. Terror-təxribat nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu – əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub”.

Nazirlik qeyd edib ki, erməni silahlı birləşmələri, həmçinin Qırxqız yüksəkliyini də ələ keçirməyə cəhd ediblər:

“Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib”.

Açıqlamada Azərbaycan ordusunun cavab tədbirləri “Qisas” əməliyyatı adlandırılıb: “Azərbaycan ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür”.

Nazirlik bildirib ki, erməni silahlı dəstələrinin bir neçə döyüş mövqeyi dağıdılıb. Belə ki, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, erməni silahlı birləşmələrinin canlı qüvvəsi öldürülüb, yaralanıb.

Həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatlarının sıradan çıxarıldığı bildirilir.

“Azərbaycan Respublikası dəfələrlə bildirib ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür”, – açıqlamada qeyd olunur.

Müdafiə Nazirliyi bəyan edib ki, bundan sonra da ölkənin suverenliyinə törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq: “Əks cavab tədbirləri daha da sarsıdıcı olacaq”.

Ermənistan tərəfinin yaydığı açıqlamaya görə, Azərbaycanın minaatan və dron hücumu nəticəsində 14 əsgər yaralanıb,  2 nəfər isə həlak olub.

“Artsax” (Qarabağdakı tanınmamış rejimin adı) hakimiyyəti vəziyyəti sabitləşdirmək üçün Rusiya sülhməramlı kontingenti ilə birgə tədbirlər gördüklərini açıqlayıb.

Ermənistan mətbuatı yazır ki, tanınmamış “Dağlıq Qarabağ Respublikasın”ın rəhbri Araik Aratunyan qismən hərbi səfərbərlik elan edib.

Polşanın ATƏT-dəki sədrliyi “Twitter”də gərginliklə bağlı açıqlama yayıb və tərəfləri dialoqa çağırıb:

“Cənubi Qafqazda silahlı insidentlər və insan itkiləri ilə bağlı xəbərlərdən son dərəcə narahatıq. Biz Azərbaycan və Ermənistanı gərginliyin azaldılması və dialoqun bərpası üçün bütün lazımi tədbirləri görməyə çağırırıq”.

“Biz regionda sülhün möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəkləməkdə qərarlıyıq”, – deyə açıqlamada qeyd olunub.

Yanvarın 1-dən etibarən Polşa birillik Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edir.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button