SEÇMƏ

Müğənni Cavanşir Məmmədovla Türkiyə vətəndaşı arasında 130 min dollarlıq dələduzluq qalmaqalı

Yayımlandı: 19 Yanvar 2023 22:30

Əməkdar artistin qızı ilə sevgili olan Mustafa İbilinin ailəyə külli miqdarda ziyan vurduğu bildirilir 

Əməkdar artist, müğənni Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, evlənmək istədiyi, sonradan ailəsinin şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunmuş Türkiyə vətəndaşı Mustafa İbilinin işi üzrə şahid qismində dindirilib. Onun ailə üzvləri, o cümlədən atası Cavanşir Məmmədov bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

Mustafa İbili Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur. Cinayət işinin materiallarında iddia edilir ki, Mustafa İbili Əməkdar artistin qızı ilə sevgili münasibətində olduğu dövrdə onun ailə üzvlərinə məxsus 130 min dollardan artıq pulu qazanc olacağı adıyla alıb və qaytarmayıb. Hərçənd, müğənni və ailə üzvlərinin ifadələrində də var ki, Mustafa İbili bir neçə dəfə qazanc adıyla onlara müəyyən məbləğdə pullar verib.

Türkiyə vətəndaşı isə əksinə, bu işdə özünün zərərçəkmiş olduğunu deyir. Onun sözlərinə görə, Xatirə Məmmədova evlənəcəyini vəd edərək, Türkiyədə olan əmlaklarını satdırıb, Azərbaycanda ona ev, əşyalar, bahalı hədiyyələr aldırıb, sonda da ailə üzvlərilə birləşib, başına oyun açıblar.

Cavanşir Məmmədov. Foto: “1news.az”

Yanvarın 19-da məhkəmədə dindirilən Xatirə Məmmədova bildirib ki, istintaqdakı ifadəsini təsdiqləyir. Onun sözlərinə görə, Mustafa İbili dəfələrlə onun özündən də, qızından da pul alıb və həmin pulları ələ keçirib. Xatirə Məmmədova deyir ki, bir sıra hallarda pullar bank vasitəsilə göndərilib, bunu təsdiqləyən sənədlər də var.

Cavanşir Məmmədov tanınmış müğənni olduğunu, ailədaxili məsələlərdən söhbət getdiyini əsas gətirib, məhkəmə prosesinin qapalı keçirilməsini istəyib. Hakimlər qərar verib ki, Xatirə Məmmədovanın dindirməsi qismən qapalı keçirilsin. Dindirmənin bir hissəsi qapalı olub.

Məhkəmə iclasının açıq keçirilən hissəsində isə Xatirə Məmmədova Mustafa İbilinin vəkilinin suallarını cavablandırarkən ona bahalı hədiyyələr alınması haqda deyilənləri təkzib edib. Vəkil isə bildirib ki, ortada bunun əksini təsdiqləyən sübutlar, səs yazıları, mesajlar var.

Bu cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.

Mustafa İbilinin ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2 maddəsində 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bu məhkəmə prosesini Türkiyə səfirliyinin nümayəndəsi də izləyir.

Meydan TV

Gözdən qaçırmayın:  Ermənistanda hərbi hissədə yanğın: 15 hərbçinin öldüyü bildirilir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button