2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Mühacir biznesində yeni dönəm – ” FETÖ kartı “

Hazırda isə bir zamanlar saraydaxili silah kimi istifadə olunan FETÖ Azərbaycan dövlətçiliyinin və Azərbaycan hakimiyyətinin özünə qarşı təhdidə çevrilib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan FETÖ-yə qarşı savaşa başlayandan Azərbaycanda “populyarlıq” qazanan FETÖ məsələsi Azərbaycanda yenidən gündəmə gətirilib.

Əvvəllər Azərbaycan hakimiyyətindəki məmurların FETÖ ilə əlaqələri media manşetlərini bəzəyirdisə, son günlər FETÖ mövzusunun qabardılması isə tamamilə başqa məqsədlərə xidmət edir.

24saat.org-a daxil olan məlumatlarda iddia olunur ki, bu dəfə məsələ mühacir biznesilə əlaqəlidir. Azərbaycandan Avropa ölkələrinə böyük axın olduğu sirr deyil. Siyasi təzyiqlər səbəbindən Avropaya üz tutanların sayı ən müxtəlif yollarla mühacir statusu alanlardan qat-qat çoxdur. Onların arasında müxalifət partiyalarının saxtalaşdırılmış vəsiqələrindən istifadə edənlərdən tutmuş, erməni adı ilə Azərbaycanı tərk edənlərə qədər var. Mühacir biznesi ilə məşğul olanlar bu sıraya artıq FETÖ-nu da əlavə ediblər. İddialara görə, Azərbaycandan Avropaya sığınan xeyli sayda vətəndaşımız var ki, onların “Gülən şəbəkəsi”nin üzvü olduğu üçün təzyiqlərə məruz qalması barədə hesabatlar hazırlanır. Bəllidir ki, Qərb və Avropa Fətullah Güləni və tərəfdarlarını terrorçu hesab etmir. Türkiyənin ABŞ və Avropa ölkələri ilə münasibətlərində gərginlik yaranmasının əsas səbəblərindən biri də budur.

Saytların yığılması Saytlarin yigilmasi

Bu baxımdan, “ Gülənçi ” kimi ölkəni tərk edənlərə oturum izni daha tez verilir.

Bu halda, FETÖ mövzusunu yenidən gündəmə gətirənlər mühacir biznesinə məqsədli şəkildə, yaxud da bilmədən rəvac vermiş ola bilər.

Yada salaq ki, Ərdoğanın Fətullah Güləni terroçu elan etməsindən az sonra FETÖ-nun Azərbaycanda da uzantılarının olduğu barədə iddialar səsləndirilməyə başlandı. Hətta Azərbaycan hakimiyyətinin daxilində yüksək vəzifə tutanların arasında da bu şəbəkənin üzvlərinin olduğu iddia edilirdi. Yəqin ki, bir neçə il gündəmi zəbt etmiş “ nurçu qalmaqalı ” hər kəsin yaddaşındadır. Lakin o zaman yerli mətbuat bu qalmaqalı hakimiyyət daxilində baş qaldıran ziddiyyətlərin təzahürü kimi dəyərləndirirdi. Nəticə olaraq nurçu qalmaqalı kontekstində bir neçə məmur vəzifəsini itirdi.

Prezident Admnistrasiyasında şöbə müdiri vəzifəsində çalışmış, keçmiş deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov , Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olmuş Elşad İsgəndərov buna nümunə ola bilər.

Lakin bir qədər sonra “nurçu qalmaqalı” səngidi. Bu mövzu Azərbaycanda növbəti dəfə 2016-ci il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddən sonra yenidən gündəmə gəldi. Bu dəfə isə FETÖ kartından Azərbaycan müxalifətinə qarşı istifadə olunmağa başlandı. Bunun nəticəsi olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin kommersiya direktoru Faiq Əmirli Fətullah Gülənin imamı kimi saxta ittihamla həbs olundu. Lakin bu absurd ittiham qısa zamanda ifşa olundu. Faiq Əmirlinin üzərindən “Gülən ittihamı” götürüldü və o vergi cinayəti ilə mühakimə olundu. Faiq Əmirlinin “Gülən ittihamı” ilə həbs olunması Türkiyə siyasi dairələrinin FETÖ mövzusunda Azərbaycana diqqət ayırmasına başladı. Bundan sonra yenidən hakimiyyətdə bir sıra məmurlar bu şəbəkənin üzvü kimi önə çıxarıldı. Bu arada qeyd edək ki, Azərbaycan məmurlarından bəzilərinin Gülən şəbəkəsinə bağlı olduğu iddialar elə hakimiyyətin nəzarətində olan KİV orqanlarında yer alırdı. Bu da FETÖ mövzusunun iqtidar daxilində savaşda əsas silah olması barədə ehtimalları artırdı. Bununla belə, ictimaiyyətdə hansısa məmurların FETÖ-ya bağlı olmadığı barədə qəti qənaət də yox idi. Yəni, tamamilə mümkündür ki, hakimiyyətin nəzarətində olan mətbuat orqanında yer alan iddialar hansısa faktlara söykənirdi.

Lakin Azərbaycanın iqtidarının mahiyyətinə bələd olanlar bilir ki, bu tip məsələlərdə özfəaliyyət olmur. Əgər YAP iqtidarını təmsil edən hansısa məmur yaxud deputat “Gülən şəbəkəsi” ilə təmas qurmuşdusa da bu, özfəaliyyət ola bilməzdi. Əslində, “nurçu qalmaqalı”nı daxili mübarizənin təzahürü hesab edilməsində bu amil də mühüm rol oynayırdı.

Hazırda isə bir zamanlar saraydaxili silah kimi istifadə olunan qondarma “silah” Azərbaycan dövlətçiliyinin və Azərbaycan hakimiyyətinin özünə qarşı təhdidə çevrilib. Ehtimal etmək olar ki, hazırda FETÖ məsələsinin süni şəkildə gündəmdə saxlanılması birbaşa mühacir ticarəti üçün ayı xidmətidir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button