2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Mühafizə orderi nədir və qadınlara qarşı artan zorakılıqdan niyə xilas eləmir?

Məişət zorakılığından əziyyət çəkən R.M ərinin şiddətindən yaxa qurtarmaq üçün mühafizə orderi alıb. Amma bu mühafizə orderi onu ərinin təqiblərindən qoruya bilmir.

“Yoldaşım polis bölməsinə çağırıldığı ilk gün qorxmuşdu. Lakin sonradan bu onun üçün adiləşdi. Artıq nə polislərin xəbərdarlığına, nə də mühafizə orderinə məhəl qoymurdu”, o deyir.

Adını anonim saxlamağımızı istəyən və şərti olaraq R.M adı verdiyimiz müsahibimiz uzun müddətdir, həyat yoldaşının ona qarşı həm mənəvi, həm də fiziki təzyiqlər göstərməsindən şikayət edir. O bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, hələ də ərinin ona və övladlarına qarşı törətdiyi zorakı əməllərdən xilas ola bilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Uşaqların yanında məni döyürdü”

İki uşaq anası olan müsahibimiz 10 ildir, evlidir. O deyir ki, evliliyin ilk günlərindən yoldaşının alkoqollu içki aludəçisi olduğunu öyrənib. Daha sonra narkotik vasitələr də qəbul edən həyat yoldaşı ona qarşı daha da aqressivləşib.

“Məni hər kəsin içində təhqir edirdi. Elə vaxtlar olurdu ki, üzümə vurduğu üçün günlərlə evdən çölə çıxmırdım. Üzüm-gözüm göyərirdi, utanırdım,” – məişət zorakılığına məruz qalan R.M. BBC-yə bildirib.

Lakin bir müddət sonra həyat yoldaşı onunla bərabər, uşaqlarına qarşı da fiziki və mənəvi zorakı hərəkətlər etməyə başlayıb. Deyir ki, yoldaşı siqaret çəkib tüstüsünü uşaqların üzünə vururdu, gecəyarı evə içkili halda gəlib, uşaqları qışqırıb yuxudan oyadırdı.

“Narkotik qəbul etdiyi vaxt uşaqlara sillə vururdu. O vaxt uşaqlar balaca idilər”.

O bildirib ki, həyat yoldaşının ona qarşı etdiyi əməllərə göz yumsa da, uşaqlarının döyülməsinə biganə qala bilməyib. Övladlarını və özünü qorumaq məqsədilə mühafizə orderi almaq üçün yaşadığı ərazinin icra hakimiyyətinə müraciət edib. Ancaq bunu almaq üçün o bir neçə ay gözləməli olub.

“İcra başçıları bu sənədi verməkdə maraqlı deyillər”

“Yoldaşımın hərəkətlərindən artıq həm özüm üçün, həm də övladlarım üçün qorxurdum. Mənə dedilər ki, icra hakimiyyəti 24 saat ərzində mühafizə orderini verir. Müraciət etdim ki, köməklik göstərsinlər. Lakin bu sənədi almaq üçün bir neçə ay gözləməli oldum”, – R.M danışır.

Hüquq müdafiəçisi Rövşanə Rəhimlinin sözlərinə görə, hətta elə hal olub ki, fikizi zorakılığa məruz qalmış və həyatı təhlükədə olan bir qadına müraciət etdikdən 1 il sonra qısamüddətli mühafizə orderi verilib.

Vəkil Əsabəli Mustafayev icra hakimiyyətlərinin bu məsələyə laqeyd yanaşmasını onların “şəxsi maraqları” ilə əlaqələndirir.

“İcra hakimiyyəti orqanları rəhbərlik etdiyi rayon və ya şəhər üzrə məişət zorakılığının statistik sayının yüksək olmaması üçün mühafizə orderi verməkdə maraqlı deyillər,” – Əsabəli Mustafayev qeyd edib.

Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Oruc isə BBC-yə bildirib ki, icra hakimiyyəti orqanlarının bu məsələyə münasibəti kənardan “laqeyd münasibət” kimi görünsə də, əslində belə deyil:

“Bir nüans da var ki, bəzən kənardan prosesə müdaxilə olanda tərəflərin bir-birinə aqressiyası daha da artır. Onlar hesab edirlər ki, belə olan halda onların həyati ictimailəşir və başqalarının yanında imici zədələnir. Laqeydlik kimi təqdim olunan hadisələr, əksər hallarda kənardan müdaxilə etməmək məqsədi ilə, xoş niyyətlə bağlı olur”.

Mühafizə orderi nədir?

Mühafizə orderi məişət zorakılığının qarşısının alınması məqsədi ilə zorakılığa məruz qalmış şəxsin müraciəti əsasında onu mümkün təhlükələrdən qorumaq üçün verilir.

Qanunvericiliyə əsasən, Azərbaycanda zərərçəkmiş şəxsə iki cür – qısamüddətli və uzunmüddətli mühafizə orderi verilə bilər.

Qısamüddətli mühafizə orderi 24 saat ərzində zərərçəkmiş şəxsin qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 gün müddətinə verilir. Bu zaman məişət zorakılığı törətmiş şəxsə bu əməlin təkrarlanmaması barədə xəbərdarlıq edilir. Bundan əlavə, zorakılıq etmiş şəxsə zərər verdiyi şəxsi izləmək və ya narahatlıq gətirən digər hərəkətlərə yol vermək qadağandır.

Əgər bu qadağalara riayət edilməzsə, o zaman şikayətçi uzunmüddətli mühafizə orderi ala bilər. Bu isə yerli məhkəmələr tərəfindən 30 gündən 180 gün müddətinə verilir.

Rəsmi statistik rəqəmlərə görə, ötən il Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayət hadisələrinin sayı 2020-ci illə müqayisədə 19 faiz artaraq 1500-ə yüksəlib. Məişət zorakılığına məruz qalmış şəxslərin 75-80 faizini qadınlar təşkil edib.

məişət zorakılığı

“Mühafizə orderi alsam da, səmərəsi olmadı”

Məişət zorakılığına məruz qalan müsahibimiz R.M. qısamüddətli mühafizə orderi ala bilsə də, bu özünün və uşaqlarının həyatı ilə bağlı təhlükənin aradan qalxmasına təsir göstərməyib.

Onun sözlərinə görə, mühafizə orderi aldıqdan sonra yoldaşı ilə bir yerdə yaşadıqları üçün yenidən təzyiqlərə məruz qalıb.

Daha sonra o, mühafizə orderinin icrası ilə bağlı yerli polis orqanına müraciət edib:

“Yoldaşım polis bölməsinə çağırıldığı ilk gün qorxmuşdu. Lakin sonradan bu onun üçün adiləşdi. Artıq nə polislərin xəbərdarlığına, nə də mühafizə orderinə məhəl qoymurdu. Polislər də sonradan müraciətlərimə cavab vermədilər”.

Polislərin onu qorumadığını görən R.M bir aydan sonra uzunmüddətli mühafizə orderi almaq üçün məhkəməyə müraciət edir. Lakin bunun da faydası olmur.

Yenə də fiziki və mənəvi təzyiqlərə məruz qalan qadın özünü və övladlarını qorumaq üçün 2021-ci ildə yoldaşından boşanmağa qərar verir. Uşaqlarını da götürüb, yoldaşının yerini bilmədiyi bir ərazidə kirayə ev tutur.

Lakin aliment ödəmə bəhanəsilə yoldaşı haradansa onların yaşadığı mənzili tapmağa nail olur. Müsahibimiz deyir ki, yoldaşı yaşadıqları evə gələrək küçədə onu təhqir və təhdid edib.

Çarəsiz qaldığını deyən qadın yenidən uzunmüddətli mühafizə orderi üçün məhkəməyə müraciət edir. Məhkəmədən isə ona bildirilir ki, eyni motivli şikayət üzrə məhkəmə təkrar qərar çıxara bilməz.

Hüquqşünas Əsabəli Mustafayev belə xoşagəlməz halların qarşısını almaq üçün təklif edir ki, mühafizə orderləri müddət göstərilmədən və yalnız məhkəmələr tərəfindən verilsin. Verilən mühafizə orderinin etibarlılığı isə yalnız zərərçəkən tərəfin müraciətindən sonra ləğv edilsin.

Onun fikrincə, uzunmüddətli mühafizə orderinin verilməsində hakimlərin yanaşmasında da fərqlər var.

Belə ki, bəzi hakimlər mühafizə orderi ilə bağlı dövlət rüsumu tələb etmədikləri halda, digər qrup hakimlər zərərçəkmişin mühafizə orderi ilə bağlı dövlət rüsumu ödəməsini istəyirlər, vəkil deyir.

“Bu isə qanunvericilikdə olan boşluqdan irəli gəlir. Çünki qanunveriilikdə birbaşa yazılmayıb ki, mühafizə orderləri üçün müraciət pulsuzdur. Dövlət rüsumları haqqında qanunda hansı işlər üzrə dövlət rüsumunun ödənilməməsi göstərilib. Təəssüf ki, mühafizə orderinin verilməsi həmin siyahıda olmadığı üçün bəzi hakimlər bundan istifadə edir”, – Əsabəli Mustafayev əlavə edib.

Millət vəkili Zahid Oruc bu iddialarla bağlı bildirib ki, parlamentin insan haqları komitəsi bu istiqamətdə mövcud qanunvericiliyin monitorinqini və qiymətləndirməsini aparacaq:

“Bu təhlil nəticəsində əgər məlum olsa ki, mühafizə orderinin verilməsində müddətin seçilməsi və qoyula bilən limitlər, eləcə də dövlət rüsumları ilə bağlı hər hansı məhdudiyyətlər var, biz onları mütləq aradan qaldıracayıq”.

məişət zorakılığı

“Övladlarımı məktəbə qoya bilmirəm”

Məişət zorakılığı ilə yanaşı, aidiyyatı qurumların laqeydliyi ilə üz-üzə qalan R.M. artıq bir il yarımdır mühafizə orderi olmadan, “qorxu içində yaşadığını” deyir.

“Hər dəfə başqa kirayə ev tapıram, övladlarımı başıma yığıram, necəsə gəlib tapır bizi, hər kəsin yanında söyür, təhqir edir. Hətta bir dəfə qonşular özləri, onun söyüş söyməsinə görə məni şikayət edib, qaldığım binadan getməyimi istədilər. Mən də məcbur çıxmalı oldum. Bir müddət sığınacaqda qaldım. Hətta ölkənin digər şəhərlərinə belə getdim. Xeyri olmadı”, – R.M bildirib.

O əlavə edib ki, həyat yoldaşının təzyiqlərinə görə, böyük övladı məktəbə getməli olsa da, tez-tez ev dəyişdikləri üçün təhsildən kənarda qalıb. Kiçik övladının isə “psixologiyasının pozulduğunu” deyir.

“Kiçik övladımda qorxu yaranıb, heç kəslə ünsiyyət qurmur, hətta uşaqlarla oynamaq istəmir. Mənə məsləhət görüblər ki, bağçaya qoysam, düzələr, amma tez-tez ev dəyişdiyimiz üçün bağçaya da düzəldə bilmirəm”.

“İxtisaslaşmış polislər olmalıdır”

polis

Vəkil Əsabəli Mustafayevin sözlərinə görə, mühafizə orderinin icrası zamanı müşahidə edilən problemlər dövlət qurumları tərəfindən “struktur yanaşmanın” olmamasından irəli gəlir:

“İcra hakimiyyəti və ya məhkəmə mühafizə orderi verdikdən sonra onun icrasını polis orqanlarına göndərir. Lakin qərarın polis tərəfindən necə icra olunduğuna nəzarət etmir. Bəzən mühafizə orderinin icrasına nəzarət gedib elə polisə düşür ki, o, ümumiyyətlə məişət zorakılığının nə olduğunu bilmir”.

Onun fikrincə, polis bölmələrində məişət zorakılığı ilə bağlı psixoloji, hüquqi məsələləri bilən “ixtisaslaşmış polislər” olsa, mühafizə orderlərinin icrası, zərərçəkən və digər tərəflə söhbətin aparılması daha səmərəli olar.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev isə polislə bağlı narazılıqların “subyektiv olduğunu” bildirərək, həqiqəti əks etdirmədiyini deyib. O, həmçinin polis əməkdaşlarının mütəmadi olaraq müxtəlif təlimlərə, o cümlədən mühafizə orderlərinin yerinə yetirilməsi və həmin ailələrdən gələn çağırışlara tez və adekvat cavab verilməsi ilə bağlı təlimlərə cəlb olunduğunu deyib.

Millət vəkili Zahid Oruc isə məişət zorakılığına qarşı mübarizədə yalnız hüquqi mexanizmlərin istifadəsinin effektli olmadığı qənaətindədir.

O hesab edir ki, Azərbaycanda insanlar əksər hallarda öz ailə vəziyyətini kənardakılarla bölüşməyə meyilli deyillər.

“Siz istənilən Qərb ölkəsində qadın və kişi əleyhinə baş vermiş hadisələrdə dərhal polis orqanlarının mühafizə orderi üzərindən prosesə qoşulduğunu görəcəksiniz. Bizdə isə vəziyyət fərqlidir. Bununla bağlı daşlaşmış stereotiplərimiz var. Ona görə də digər dövlətlərin təcrübəsini ölkəyə gətirdikdə bu elə də səmərəli olmur”, – deputat bildirib.

Bundan əlavə, parlament üzvü məişət zorakılığına qarşı mübarizədə dövlət qurumları arasında əlaqələrin “düzgün qurulmamasının” da səmərəli nəticə əldə etməyə maneə sayıb.

Onun sözlərinə görə, sədrlik etdiyi Sosial Tədqiqatlar Mərkəzinin ailə münasibətlərinin qorunması üçün yaradılmış qaynar xətlərin necə çalışdığına dair apardığı sorğu zamanı məlum olub ki, ailələrin çoxunun bundan xəbəri yoxdur, məlumatlı olanların da əksəriyyəti hansı növbəti addımı atacaqlarını bilmirlər.

“Demək ki, bu sahədə görülən tədbirlərin cəmiyyətə çatdırılmasında kommunikasiyanın düzgün qurulmaması mənfi rol oynayır”, – Zahid Oruc əlavə edib.

“Milli fəaliyyət planı hazırlanıb”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova BBC-yə bildirib ki, məişət zorakılığı ilə bağlı qurumlararası əlaqələrin yaradılması da daxil olmaqla, digər hüquqi boşluqların aradan qaldırılması məqsədi ilə 2021-ci ilin sonunda milli fəaliyyət planı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

O qeyd edib ki, hazırda fəaliyyət paketi Prezident Administrasiyasına verilməsi üçün hazırlanır. Şöbə müdiri prosesin uzun çəkməsini sənədin “həddindən çox böyük və əhatəli” olması ilə əlaqələndirib.

Qurum rəsmisinin sözlərinə görə, fəaliyyət planına qısamüddətli mühafizə orderinin “müddətinin uzadılaraq 30 gündən 60 günədək artırılması” və məişət zorakılığına məruz qalan şəxslərə “dövlət vəsaiti hesabına pulsuz hüquqi yardımın” göstərilməsi də daxildir.

O, gender əsaslı zorakılıqla mübarizədə 860 nömrəli qaynar telefon xəttinin də fəaliyyət göstərdiyini qeyd edib.

O əlavə edib ki, əgər vətəndaş mühafizə orderi aldıqdan sonra da zorakılığa məruz qalırsa, bu barədə dərhal yerli icra şöbəsinə və ya komitənin qaynar xəttinə də zəng edib məlumat verə bilər.

Taliyə İbrahimova hazırda məişət zorakılığının qarşısının alınması ilə bağlı komitənin nəznində xüsusi sektorun yaradıldığını da diqqətə çatdırıb və bildirib ki, müraciət daxil olan kimi həmin sektor dərhal vətəndaşla əlaqə saxlayır, onun həyatı üçün təcili və təxirəsalınmaz ehtiyaclar varsa, ona yardım göstərilir.

“Bundan əlavə, bütün icra orqanlarında gender zorakılığı və uşaqlara qarşı zorakılıqla bağlı monitorinq qrupları fəaliyyət göstərir. Bəzən qadınlar özlərinə və övladlarına qarşı həyati təhlükə olduğunu bildirirlər, belə olan halda özümüz hüquq mühafizə orqanlarına müraciət edirik və onlar da dərhal prosesə müdaxilə edirlər”, – komitə nümayəndəsi deyib.

Müsahibimiz R.M bundan sonra sakit həyat yaşamaq istəyir.

“İstəyirəm, gəlib məni narahat eləməsin, başımı aşağı salım, övladlarımı böyüdüm, onları oxudum. Özüm oxumamışam, qoy onları heç olmazsa, bağçaya, məktəbə qoya bilim, oxusunlar.”

24 saat” “Mühafizə orderi nədir və qadınlara qarşı artan zorakılıqdan niyə xilas eləmir?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button