Siyasət

Müharibə əleyhinə yazan fəallar DTX-yə çağırılıb

Əmrah Təhməzov ona DTX-dən zəng gəldiyini deyib

Sosial mediada müharibə əleyhinə təbliğat aparan ictimai fəalların sentyabrın 19-da Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırıldığı bildirilir.

Həmin fəallardan ikisinin adı açıqlanıb. Bunlar gənc fəallar Cavid Əhmədov və Əmrah Təhməzovdur.

Əmrah Təhməzov özü də məlumatı təsdiqləyib.

O bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətindən zəng gəlib: “Məni yenə çagırırlar…”

İctimai fəal Əmrah Təhməzova 2023-cü ilin mayında polisə müqavimət ittihamıyla 1 aylıq inzibati həbs cəzası verilmişdi.

Lakin o, bu ittihamın saxta olduğunu, “Facebook” hesabındakı paylaşımlarına görə cəzalandırıldığını bildirmişdi.

Əməliyyatların başlanması

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4  polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında həlak olan 4 nəfər polis əməkdaşının kimliyi də açıqlanıb. Bunlar 1994-cü il təvəllüdlü Asim Knyaz oğlu Camalzadə, 1987-ci təvəllüdlü Ramil Arif oğlu Şirinov, 1991-ci il təvəllüdlü Seymur Elsevər oğlu Mahmudov və 1998-ci il təvəllüdlü Xəzər Azər oğlu Zamanovdur.

Münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edir.

Meydan.tv

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button