Müharibəyə getməkdən imtina edən hərbi qulluqçu cəzalandırılıb

Kamçatkada 35-ci hərbi qarnizon məhkəməsi Ukraynada döyüşməkdən imtina edən hərbi qulluqçu Aleksey Breusovu cəzasını məntəqə tipli müəssisədə çəkməklə 1 il 8 aylığa azadlıqdan məhrum edib. Bu haqda “Kam-24” portalı məhkəmənin qərarına istinadla xəbər verib.
Petropavlovsk-Kamçatski şəhərinin sakini hərbi, yaxud döyüş əməliyyatlarda iştirakdan imtinaya görə cinayət məsuliyyəti nəzərdə tutan maddəylə cəzalandırılıb. Məhkəmənin qərarında deyilir ki, hərbi qulluqçu oktyabrın 6-da Petropavlovsk-Kamçatsk qarnizonun hərbi-istintaq şöbəsinə aparılıb. O isə ölkədə səfərbərlik elan olunmasına baxmayaraq, döyüş zonasına getməkdən imtina edib.
Məhkəmə hərbçinin Rusiya Silahlı Qüvvələrinin nizamnaməsini, eləcə də Rusiya ordusunun “intizam normalarını” pozduğunu bildirir. Söhbətin peşəkar hərbçidən, yaxud səfərbərliyə cəlb olunan vətəndaşdan getdiyi dəqiqləşdirilmir. Breusovun vəkili dekabrın 26-da Sakit okean donanma məhkəməsinə apelyasiya şikayəti verib.
Prezident Vladimir Putin sentyabrın 21-də Ukraynadakı müharibəyə görə səfərbərlik elan edib. Müdafiə Nazirliyi 300 minədək insanın səfərbər olunacağını desə də, media bu niyyətin milyon nəfərə çatdığını yazıb. Səfərbər edilənlər cəbhəyə göndəriləndən sonra döyüşdən imtina hallarının olduğu xəbər verilib. Ancaq imtina edənlər zirzəmilərə atılıb, onları digər əsgərlər, komandirləri döyüb. Hazırda səfərbərlik çağırışları dayansa da, fərman hələ də qüvvədədir.
Dekabrın 21-də Müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin sayını 1.5 milyon nəfərə çatdırmağı təklif edib. Bu o deməkdir ki, orduya daha 350 min nəfər cəlb oluna bilər. Şoyqunun sözlərinə görə, bu, “Rusiya Federasiyasının hərbi təhlükəsizliyinin təminatı üzrə tapşırıqların zəmanətli icrasından ötrü” vacibdir. Nazir həmçinin orduya çağırış yaşının 18-dən 21-ə, çağırışa son yaş həddinin isə 27-dən 30-a qaldırılmasını təklif edib.
Rusiyanın Ukraynada apardığı müharibə artıq 11-ci aya keçib. Hər iki tərəf itki versə də, dəqiq say açıqlanmır.