2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Müharibə davam etsəydi, daha çox torpaq itirərdik”

Yaqub Məmmədov: “Tahir Əliyev hər zaman avantürist işlərlə məşğul olub və indi də olur”

24saat.org Ali Sovetin sabiq sədri, professor Yaqub Məmmədovdan götürdüyü müsahibəni təqdim edir.

– Yaqub müəllim, qarşıdan 1993-cü ilin iyun qiyamının növbəti ildönümü gəlir. Maraqlıdır, həmin dövrdə siz bu proseslərdə iştirak edirdinizmi?

Saytların yığılması Saytlarin yigilmasi

– 1992-ci ilin mayın 18-də Ali Sovetin sədri postundan getdim, yerimə İsa Qəmbər seçildi. Ondan sonra İsa Qəmbər prezident səlahiyyətlərini icra etdi, az sonra Əbülfəz Elçibəy prezident seçildi. Bir il işlədilər, sonrada Gəncə hadisələri baş verdi və onlar da hakimiyyətdən getdi. Mən iyun qiyamı zamanı artıq siyasi proseslərdə yox idim, universitetdə müəllimlik edirdim. Lakin vətəndaş və ziyalı, ölkədə vəzifədə olan keçmiş şəxs qismində prosesləri ürək ağrısı ilə müşahidə edirdim. Həmin dövrdə ölkədə yaranan duruma biganə qalmaq da mümkün deyildi. Gəncədə qırğın olmuşdu, Sürətin dəstəsi Nəvai istiqamətinə çatmışdı, Bakıya ultimatum verilirdi. Belə vəziyyətdə duruma biganə qalmaq mümkün deyildi. Mən də ziyalı olaraq prosesləri müşahidə edirdim.

– O zaman sizə tərəflər arasında sülh yaratmaq üçün təkliflər edilirdimi?

– Sözsüz ki, mənə müraciətlər olurdu ki, yaranan vəziyyətə münasibətinizi ifadə edin. Həm o tərəfdən, həm də bu tərəfdən müraciətlər edilirdi. Lakin bizim əlimizdə səlahiyyət yox idi. Ancaq söz deyə bilərdik və deyirdik də. Vəziyyətə münasibətimizi ifadə edir, qardaş qırğını, vətəndaş müharibəsinin baş verməsindən qaçmağın vacibliyini qeyd edirdik.

– İyun qiyamından sonrakı dönəmdə sizə müraciətlər edilirdimi?

– Həmin dövrdə mən deputat olaraq qalırdım və Ali Sovetdə fikrimizi ifadə edirdik. Gəncə hadisələrindən sonra ölkədə hakimiyyət dəyişikliyi oldu, Heydər Əliyev Bakıya dəvət olundu,  Ali Sovetə sədr seçildi. Bir qrup deputatla birlikdə onunla görüşümüz oldu. Biz o proseslərdə ancaq bu formada iştirak edirdik.

–  1994-cü ilin 12 mayında imzalanan Bişkek Protokolunun 22 ili tamam olur. Sizcə, bu bizə nə verdi?

– Bişkek Protokolu mən hakimiyyətdən gedəndən 2 il sonra imzalandı. O dövr üçün atəşkəsin imzalanması lazım idi. Müharibə davam etsəydi itkilərimiz daha çox olardı. İndi hərə bu müqaviləyə bir cür yanaşır. Ancaq mənim qənaətim belədir ki, atəşkəs razılaşmasının imzalanması Azərbaycan üçün lazım idi və bu, bizə çox şey verdi. Dövlətçilik quruculuğu, ölkə daxilində sabitliyin əldə edilməsi, iqtisadi inkişaf, neft müqavilələrin imzalanması baxımından atəşkəs əhəmiyyətli idi. O dövrdə atəşkəs imzalanmasa və müharibə davam etsəydi biz uduza bilərdik. Odur ki, Bişkek Protokolu lazım və vacib idi.

– Ancaq bəziləri deyir ki, Bişkek Protokolunu imzalamamalı, Azərbaycan müharibəni davam etdirməli idi…

– Belə deyənlər var. Nə davam etdirməli? Bilmirsiniz ki, 6 rayonumuz məhz həmin dövrdə işğal edildi? Həmin dövrdə bizim ermənilərin arxasında duran qüvvələrlə müharibə aparmaq imkanımız yox idi. Müharibə davam etsəydi daha çox torpaq itirərdik.

– Ancaq Bişkek Protokolundan 2 il əvvəl siz də atəşkəsin əldə olunması üçün addımlar atırdınız, Ermənistan rəhbərliyi ilə görüşlər keçirirdiniz…

– Bəli, mən də atəşkəsin tərəfdarı idim. Bu prosesin danışıq yolu ilə həllinin tərəfdarı olmuşam və indi də bu cür danışıram. Əgər bu mümkünsə, danışıqlar və sülh vasitəsilə problem həll edilməli, torpaqlarımız azad olunmalıdır. Yox, əgər mümkün deyilsə hərbi varianta əl atılmalıdır.

Müharibə həm də böyük itkilər deməkdir. Mümkün qədər sülh yolu seçilməlidir. Ölkə rəhbərliyi hazırda danışıqlar prosesinə üstünlük verir və bu düzgün mövqedir.

– Belə yanaşmada var ki, aprelin 2-də başlanan hərbi əməliyyatlar davam etdirilməli, düşmən Qarabağdan çıxarılmalı idi…

– Bu söhbətləri siyasətdən başı çıxmayan adamlar edə bilərlər.

– Sizcə Qarabağ münaqişəsinin həlli üçün sülh danışıqlarının potensialı varmı?

– Həmişə bu imkan olub və indi də var. Bunun üçün dünya siyasətini müəyyən edən qüvvələrin məsələyə ədalətli yanaşması vacibdir. Bu halda məsələ müharibəsiz  həll oluna bilər. Mənə elə gəlir ki, indi proses bu istiqamətə gedir.

– Düşünürsünüz ki, indiki sülh danışıqları prosesində təhlükəli məqam yoxdur?

– Fikrimcə, yoxdur. Danışıqlar yolu ilə ətraf rayonlarımız azad edilə bilər.

– Unudursunuz ki, Ermənistanın arxasında Rusiya durur və həm də danışıqlar prosesində əsas vasitəçi qismində prosesə cəlb edilib və ya bunu idarə edir…

– Rusiya durub, bunu qəbul edirəm. Amma Rusiyadan başqaları da var və onlar da Ermənistanın arxasında durub. Həmsədrlər bəyəm durmur?

– İndiki proses bilavasitə Rusiyanın təşəbbüsü ilə həyata keçirilir…

– Rusiyanın vasitəçiliyi var, regionda aktivləşib. Yəqin ki, bizim bilmədiyimiz çox məqamlar da var. Ölkə rəhbərliyi bunu bilir və atəşkəs prosesinə razılıq verib. Odur ki, bu istiqamətdə aparılan siyasəti təqdir edirəm. Çalışmaq lazımdır ki, proses danışıqlar yolu ilə həll edilsin. Bu mümkün olmayanda hərbi imkanlar gözdən keçirilə bilər.

– Sabiq daxili işlər naziri Tahir Əliyev sizi ittiham edib, bildirib ki, 1992-ci ildə siz ondan istəmisiniz ki, seçkiləri saxtalaşdırsın və sizi prezident elan etsin. O, bundan imtina etdiyinə görə, siz onu nazir postundan çıxarmışınız. Bu nə dərəcədə ciddi iddiadır?

– Tahir Əliyevin barəmdə dediyi fikirləri rədd edirəm, sabiq nazir hər zaman avantürist işlərlə məşğul olub və indi də olur. Onun mətbuatda barəmdə dediklərindən xəbərim yoxdur. Onun danışdıqları şər-böhtandan başqa bir şey deyil. Görünür, onu kimsə danışdırır. Neçə illərdir ki, bizim onunla normal münasibətlərimiz olub. Mən onu nazir postundan azad etməklə bağlı fərman verdim, sonradan bu fərman icra olunmadı. Bu hadisədən sonra dəfələrlə söhbətimiz olub, oturub-durmuşuq. İndi 20 ildən sonra Tahir Əliyevi kim danışdırır, niyə danışdırır, məqsəd nədir, bu haqda konkret bir söz deyə bilmərəm. Deyə bilərəm ki, Tahir Əliyevin dedikləri cəfəngiyyatdır. Həm də iddia edib ki, guya mən ona demişəm ki, məni prezident elə. O kim idi ki, məni prezident etsin?! Onun nə səlahiyyəti və hörməti var idi ki, mən ona belə söz deyim?! Onu işdən azad etməyimin səbəbi odur ki, gedib mətbuat konfransı keçirərək yalandan demişdi ki, Yaqub Məmmədov mənə deyir ki, seçkidə saxtakarlıq edərək məni prezident seçdir. Bunların hamısı yalan və şərdir. Belə söhbət heç vaxt olmayıb. Bəyəm, daxili işlər naziri prezident seçir? Boş söhbət və şər-böhtandır.

– Tibb Universitetinin rektoru dəyişib. Əhliman Əmiraslanovu Gəray Gəraybəyli əvəzləyib. Uzun illər bu universitetdə çalışan alim kimi rektor dəyişikliyini necə qiymətləndirirsiniz?

– Hər bir yenilik yaxşıdır. Mənə elə gəlir ki, işin xeyrinə olar.

– Yeni rektorla yərin ki, tanışlığınız var…

-Tibb sahəsində kim varsa hamısını tanıyıram. Təbii ki, yeni rektoru da tanıyıram. Bizim universiteti bitirib. Çox yüksək mədəniyyəti, qabiliyyəti və istedadı olan gənc kadrdır. İndi ölkədə gəncləşmə siyasəti gedir və gənc kadrlardan istifadə olunur. Əminəm ki, bu işin xeyrinə olar. Uzun müddət bir vəzifədə eyni adamlar oturmamalıdır ki. Dəyişikliklər, yeniliklər olmalıdır.

– Gəray Gəraybəyli tələbəniz olub?

– Olub. Mənim vaxtımda qəbul olub, oxuyub və universitetdə mən saxlamışam. Yaxşı oxuyub, özünü yaxşı göstərib. Ona görə də, Elmi Şuranın qərarı ilə aspiranturada saxlamışıq. Sonrada müdafiə edib, professor, kafedra müdiri olub. Özünü yaxşı mütəxəssis olaraq göstərib. Yaxşı alimdir.

– Deməli universitetdə islahatlar gözlənilir…

– Əvvəlki rektorda pis işləmirdi. Gərək haqqına deyəsən. Hər yeni gələn rektor yenilik gətirməlidir. Əminəm ki, belədə olacaq. Hər halda yenilik köhnəliyi inkar etmədən həyata keçirilməlidir. Hər şeyin üzərindən xətt çəkib yenisini qurmaq çətin məsələdir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button