2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Müharibə ilə bağlı film tenderlə deyil, satınalma ilə xarici şirkətə verilib

Yayımlandı: 31 Avqust 2022 13:51

Fikrin Bektaşi: “Yerli istehsalçılara dəstək imkanı varsa, xarici istehsalçıya gərək yoxdur”

Türkiyənin “Bozdağ Film” Yapım Prodüksiyon Reklam İnşaat Turizm Sanayi Ticaret Anonim Şirketi İkinci Qarabağ müharibəsi haqqında çəkiləcək səkkiz seriyalı bədii filmin layihəsini icra edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bu haqda məlumat Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilib.

Qeyd olunub ki, sifariş Mədəniyyət Nazirliyi tərəfindən verilib və dövlət büdcəsindən layihəyə 1 milyon 700 min manat vəsait ayrılıb.

Nazirlikdən Meydan TV-yə bildirilib ki, serial layihəsi bir mənbədən satınalma metodunu tətbiq edilməklə aparılıb.

“Çoxhissəli filmin istehsalı İqtisadiyyat Nazirliyi yanında İntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müvafiq razılıq məktubu əsasında, “Dövlət satınalmaları haqqında” Qanunun 21.1.2-ci maddəsinə əsasən bir mənbədən satınalma metodunu tətbiq etməklə və Nazirliklə sözügedən şirkət arasında layihənin icrası məqsədilə satınalma müqaviləsi bağlanılmaqla həyata keçirilməyə başlanıb”, – nazirliyin məlumatında deyilir.

Əlavə olunur ki, İkinci Qarabağ müharibəsindəki zəfər nazirliyin xüsusi diqqət mərkəzindədir.

Məhz bu səbəbdən də görüləcək işin yüksək keyfiyyətdə təşkil edilməsi üçün artıq bir neçə uğurlu kino layihələrinə imza atmış, Türkiyənin “Bozdağ Film” Yapım Prodüksiyon Reklam İnşaat Turizm Sanayi Ticaret Anonim Şirketi ilə əməkdaşlığa başlanılıb.

Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə sözügedən şirkət tərəfindən şərti adı “Qarabağ Vətən Müharibəsi” olan 8 seriyalı bədii film istehsal ediləcək.

Nazirlik nəyə görə yerli istehsalçılara üstünlük verilməməsinə aydınlıq gətirməyib.

Türkiyə şirkətinin təklif etdiyi ssenarinin kimlər, hansı ekspertlər tərəfindən qiymətləndirilməsi, ssenari müəllifi, rejissorun kimliyi barədə də məlumat verilməyib. Həmçinin yaradıcı və texniki heyətdə azərbaycanlıların olub-olmaması da məlum deyil.

Nazirlik bütün bu sualları cavabsız buraxıb.

Məsələni Meydan TV-yə şərh edən mədəniyyət və kino sahəsi üzrə ekspert Fikrin Bektaşi deyir ki, belə bir addım atılıbsa, əsaslandırma da olmalıdır:

“Nazirliyin məlumatında qeyd olunub ki, əməkdaşlıq “Dövlət satınalmaları haqqında” Qanunun 21.1.2. bəndinə əsasən həyata keçirilib. Həmin bənddə deyilir ki, bir mənbədən satınalama o halda həyata keçirilə bilər ki, mallara təcili tələbat yaransın, tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmasın, tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmasın. Bu, ölkədə baş verən xüsusi tədbirlərlə əlaqədar ola bilər. Bununla belə, hesab edirəm ki, hamı əvvəldən “Zəfər Günü”nü bilirdi. Belə bir qərarın qəbul edilməsi sırf idarəetmə ilə əlaqədardır”.

Ekspert deyir ki, milli maraqları nəzərə almaq baxımından yerli istehsalçılara müraciət etmək olardı. Bunun üçün də əvvəldən hazırlıq görülməli, yerli istehsalçılar da məlumatlandırılmalı idi:

“Azərbaycanda çəkilən kinoların, serialların büdcəsi çox aşağıdır. Belə bir vəziyyətdə yerli istehsalçılara hər hansı bir dəstək imkanı varsa, xarici istehsalçıya müraciət etməyə gərək yoxdur. Mədəniyyət Nazirliyi tərəfindən yüksək standarlara cavab verən kameralar alınıb. Son üç-dörd il ərzində həm ssenari müəlliflərinə, həm də kinorejissorlara çox böyük təlimlər keçirilib. Üstəlik, bizdə kifayət qədər təcrübəli rejissorlar, prodüserlər, aktyorlar var. Buna nəzərən çox yaxşı bir heyət yığmaq olardı. Hətta hamısını yerli istehsalçılara deyil, birgə istehsal da etmək olardı. Həm potensial, yerli heyət güclənərdi, həm də ortaya çıxan məhsulda milli maraqlar nəzərə alınardı. Azərbaycan kinematoqrafçıları üçün çox yaxşı təcrübə mübadiləsi olardı”.

O deyir ki, Türkiyədə il ərzində yüzdən çox film istehsal olunur.

Azərbaycanda isə artıq son üç il ərzində ildə üç-dörd film belə çəkilmir. Belə bir vəziyyətdə də kinonun inkişafından danışmaq olmaz.

“Amma heç də bu o demək deyil ki, biz gərək yüz faiz vəsaiti xarici istehsalçıya verək. Türklər bizim canımızdır, qardaşımızdır, amma burada milli maraqlar nəzərə alınmalı idi. Ümid edirəm ki, gələcəkdə belə olmaz. Növbəti dəfə belə hallar baş verməsin deyə hansısa addımlar atılmalıdır”, – ekspert bildirib.

Türkiyənin “Kuruluş Osman”, “Diriliş Ertuğrul”, “Aşkın yolculuğu. Yunus Emre”, “Mendirman Celaleddin”, “Destan” serialları “Bozdağ Film” şirkətinin istehsalıdır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button