2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Müharibə qazisi: “İki xuliqan birləşib məni döyüb, müstəntiq isə onları müdafiə edir”

İsa Həsənov daxili işlər nazirindən məsələyə diqqət ayırmasını istəyir

“Tərtər, Talış, Suqovuşan, Füzuli istiqamətlərində gedən ağır döyşlərdə iştirak etmişəm. Partlayış travması almışam, bədənimdə dəlib keçən güllə izi var, 250-dən çox qəlpənin bir hissəsi çıxarılsa da, hələ də 140 qəlpəm var. Uzun aylardır ki, hərbi hospitalda müalicə olunuram, dövlət sağlamlığımı bərpa edib ayağa qalxmağım, xidmətə qayıtmağım üçün əlindən gələni edir. Ancaq iki xuliqan mənim çəlikdə olduğuma arxayınlaşıb, həyat yoldaşımın, azyaşlı qızımın gözü qarşısında məni möhkəm döydü, müharibədə zədələnmiş və hələ də bərpa edə bilmədiyim ayağımı təzədən qırdı”.

Bu sözləri İsa Həsənov deyir. O, İkinci Qarabağ Müharibəsi qazisidir. 

Saytların yığılması Saytlarin yigilmasi

Meydan TV-yə danışır ki, iyulun 28-də günorta saatlarında şəxsi avtomobiliylə Dərnəgül şossesində hərəkətdə olarkən başqa bir sürücü idarə etdiyi avtomobili onların üzərinə sürüb. Nəticədə İsa Həsənovun maşınında olan həyat yoldaşı və azyaşlı qızı möhkəm qorxub. İsa Həsənov maşını saxlayaraq düşüb və digər maşında olan sürücüyə iradını bildirib. Sürücü və yanında olan şəxs isə avtomobildən düşərək onu söyüblər. Mübahisə də burdan başlayıb:

“Mən onlara iradımı bildirdim. Onlarsa mərhum anamın ünvanına ağır söyüşlər yağdırdı, nəticədə mübahisə düşdü. Mənim çəlikdə olduğumu görüb üzərimə hücum etdilər, ailəmin gözü qarşısında döydülər. Mən əməliyyatdan, uzun müalicələrdən sonra yenicə çəliklərlə addımlamağa başlamışdım. Əməliyyatdan çıxan ayağımı vurub təzədən sındırdılar”.

Hadisə baş verən yerə təcili yardım briqadası çağırılıb. Vəziyyəti ağırlaşmış İsa Həsənov əvvəlcə 3 saylı Şəhər Klinik Xəstəxanasına, ayağındakı sınığa görə oradan Travmatologiya Xəstəxanasına götürülüb.

İsa Həsənovun narazılığı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsindəndir: “Hadisə Nərimanov Rayon Polis İdarəsinin ərazisində baş verdiyinə görə həmin bölmədən əlaqə saxlayıb məni izahat almaq üçün dəvət etdilər. Gedib izahatımı verdim. Məni döyənlərdən birinin adı Nəcəf idi, soyadını bilmirəm, digərin də adını bilmirəm. Təhqiqatçı Ramin Qurbanov təhqiqatı başa çatdırıb işi Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərdi. 3 aydır ki, bu hadisə başıma gəlib. Ancaq hələ də ortada bir yenilik yoxdur. Sağlamlığımı bərpa edib xidmətə qayıdacaqdım, buna addım-addım yaxınlaşırdım. Mənə təsir edən odur ki, o ağır döyüşlərdən üzüağ çıxıb, gəlib iki xuliqanın əlinə düşdüm, çəliklərlə olmağımdan istifadə edib mənə güc tətbiq etdilər, polis müstəntiqi isə deyir: “Get, nazirə yox, lap Ali baş komandanına de, mənim işimə heç kim qarışa bilməz”. Mən bilmək istəyirəm ki, bu müstəntiqi kim belə himayə edir? Müstəntiq aşıq-aşkar qarşı tərəfi müdafiə edir. Artıq məndə belə şübhə var ki, müstəntiq qarşı tərəfdən maddi maraq güdüb və ona görə də işi bu qədər uzadır”.

İsa Həsənov hazırda yataqdadır. Sındırılmış ayağına aparat qoyulub. Ayaqyoluna belə ailə üzvlərinin köməkliyi ilə gedir.

Nərimanov Rayon Polis İdarəsindən Meydan TV-yə bildirilib ki, İsa Həsənovun döyülməsiylə bağlı işin istintaqını idarənin istintaq şöbəsinin müstəntiqi Xəlil Allahverdiyev aparır. İstintaqın gedişatıyla bağlı ona əlavə məlumat veriləcək.

İsa Həsənov isə daxili işlər naziri Vilayət Eyvazovdan məsələyə diqqət ayırmasını istəyir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button