2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Müharibədə ayağını itirmiş hərbçi: “143 manatla dolana bilmirəm”

“Müharibədən əlil kimi qayıdıb ordu sıralarından ehtiyata buraxılan polkovnik-leytenantam, 143 manatla dolana bilmirəm. O pulla səhhətimi düşünüm, yoxsa qarnımın çörəyini?..”

Zakir Hüseynov 1992-ci ildə zabit kimi könüllü hərbi xidmətə yollanıb. 1 il sonra Qarabağ döyüşlərində ağır yaralanıb və bir ayağını itirib. İkinci qrup əlilə çevrilib. Ancaq ordudan tərxis olunmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

“NƏ MÜHƏNDİSƏM, NƏ MEXANİK İŞİNİ BİLİRƏM”

Yaxın illərədək Müdafiə Nazirliyinin tabeliyində olmuş Hərbi Komissarlıqda hərbi xidmətini davam etdirib. 8 il əvvəl ştat ixtisarı zamanı ixtisara düşüb, sərəncama götürülüb:

“Heç bir xidməti qüsurum olmadığı halda son yaş həddinə çatmamış məni vaxtından əvvəl hərbi xidmətdən tərxis etdilər. Sonra Bakı şəhəri, Nizami rayonu Hərbi Komissarlığında mülki işçi kimi işə qəbul olundum. 2012-ci ildə hərbi komissarlıq sistemi yenidən quruldu və bazasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) yaradıldı. Sonra da ştatların ixtisara salınmasını səbəb gətirərək məni növbəti dəfə işsiz qoydular. Çoxlu müraciətlərimdən sonra SHXÇDX-nin nəzdində olan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı” MMC-nin Bakı şəhərindəki filialında mühəndis-mexanik kimi işə qəbul etdilər. Lakin mühəndis-mexanik vəzifəsi ixtisasıma uyğun deyil – mən nə mühəndisəm, nə də mexanik işini bilirəm. İndiki işimə görə aldığım 143 manat maaş isə nə hərbi rütbəmə uyğundur, nə də müalicə xərclərimi ödəyir”.

“YERİMİZƏ ELƏ ADAMLARI GÖTÜRÜB Kİ…”

Polkovnik-leytenant iddia edir ki, SHXÇDX rəisi Arzu Rəhimov həmin vəzifəyə təyin olunduqdan sonra 700-800 nəfər civarında mülki işçiləri ştat ixtisarı adı altında işdən azad edərək yerlərinə başqalarını götürüb:

“Yerimizə elə adamları götürüb ki, nə müharibə görüblər, nə hərbi təlimlər… Ortaya sual çıxır, əgər ştat ixtisar olunursa, sonradan həmin yerə hansı əsasla yenidən işçi qəbul olunur? Mən dəfələrlə II qrup əlilliyimin və himayəmdə azyaşlı övladımın nəzərə alınması üçün general Arzu Rəhimovun qəbulunda oldum. Dəfələrlə işə bərpa olunmağım üçün xahiş etdim. Ancaq hələ də ixtisasıma və rütbəmə uyğun olmayan işdə 143 manat maaşa qulluq edirəm”.

“ƏLİLƏ DİQQƏT VƏ QAYĞI BUDURMU?”

Hərbçi prezidentdən bu məsələyə müdaxilə etməsini istəyir:

“Prezident çıxışlarında deyir ki, bütün qurumlarda müharibə əlillərinə diqqət göstərilməlidir. Əsasən da müharibə əlillərinin işlə təmin olunmalarında onlarla ədalətli davranılmalıdır. Mən də deyirəm, ‘cənab prezident, qanı bu torpağa axmış, canının yarısını müharibədə qoyub qayıtmış insanların hisləriylə bu qədər oynamaq olmaz’. General Arzu Rəhimovun hədsiz ağır ailə vəziyyəti olan bir müharibə əlilinə diqqəti və qayğısı budurmu?”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən AzadlıqRadiosu-na bildirilib ki, Xidmət yaradılarkən ixtisara düşmüş ştatlara sonradan işçi götürülməsi ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. Qurum keçmiş hərbçiyə iş tapmaqda köməklik edib və vaxtilə o, özü bu işlə kifayətlənib. Narazılığı varsa, quruma təkrar müraciət edə bilər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button