2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Münhendən gözləntilər: Sülh sazişi ilə bağlı Qərb və Rusiya amili

“Hansısa konfransda bir fikir səslənir, Əliyev ölkəyə dönüb başqa fikir səsləndirir”

“Münhen Təhlükəsizlik Konfransından heç bir gözləntim yoxdur. Hesab edirəm ki, Cənubi Qafqazda qüvvələr nisbəti o səviyyədə deyil ki, bölgədə uzunmüddətli bir sülh olsun”.

Politoloq Azər Qasımlı İlham Əliyevin Münhendə Paşinyan və Blinkenlə üçtərəfli görüşündən sonra səsləndirdiyi fikirləri Meydan TV-yə şərh edərkən belə deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Fevralın 18-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə üçtərəfli görüşü baş tutub.

“Azadlıq” radiosunun erməni xidməti (“Azatutyun”) görüşün Vaşinqtonun vasitəçiliyi ilə keçirildiyini yazıb.

Münhendə “Qafqazda təhlükəsizlik” müzakirələrinə İlham Əliyev və Paşinyanla yanaşı, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də qatılıb.

“Erməni azlığın hüquqları və təhlükəsizliyi barədə razılaşmalar əldə olunub”

Əliyev görüşdə sülhlə bağlı artıq bir sıra razılaşmaların əldə olunduğunu da vurğulayıb.

“Amerikalı və avropalı tərəfdaşlarımızla təmaslardan, eləcə də bu gün Baş nazir Paşinyanla üçtərəfli görüşdən anladığım qədərilə, iki istiqamətdə yanaşmaların vacibliyi haqda ümumi anlaşma var: Ermənistan-Azərbaycan sülh danışıqları və Azərbaycanla Qarabağın erməni əhalisi arasında təmaslar. Beynəlxalq tərəfdaşlarımızla həmçinin Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi barədə razılaşmalar əldə olunub”, – deyə o qeyd edib.

Əliyev deyib ki, o, Blinkenlə görüşdə Vardanyanın danışıqların tərəf müqabili olmasını istisna edib.

Bildirib ki, Moskvadan xüsusi missiya ilə göndərilən Vardanyanın danışıqların tərəf müqabili olmasını qəbul etməyəcək:

“Biz danışıqları aparmağa hazırıq, ancaq Qarabağda doğulan və orada yaşayan erməni icmasıyla, Rusiyadan göndərilən şəxslə deyil”.

“Rusiya nə qədər ki güclüdür, bölgəyə sülh gəlməyəcək”

Azər Qasımlı isə Rusiya amilini nəzərə alaraq, bölgədə sülhlə bağlı razılaşmaların olmasına nikbin yanaşmır:

“Cənubi Qafqazda yerləşən ölkələr, istər Azərbaycan, istər Ermənistan, istərsə də Gürcüstan elə bir həddə çatmayıblar ki, başqa ölkələrdən tam asılı olmadan fəaliyyətlərini yürütsünlər. Yəni konkret söhbət Rusiyadan gedir. Rusiya nə qədər ki bizim bölgədə güclüdür, öz riçaqlarını saxlayır, təsiretmə imkanları var, demək, bölgəyə sülh gəlməyəcək”.

Politoloq deyir ki, Azərbaycan hakimiyyəti özü də Rusiyanın bölgədə güclü olmasında maraqlıdır:

“Azərbaycanda avtoritar bir rejim formalaşıb. Bu rejim də Rusiyanın bölgədə güclü olmasında maraqlıdır, istəmir ki, Rusiya bölgədən getsin. Çünki çox gözəl başa düşür ki, Rusiyanın bölgədə təsir imkanları zəifləsə, onun yerini Qərb tutacaq. Qərb də bölgəyə gələndə sülhlə yanaşı, demokratiya və insan hüquqları kimi dəyərlərin bölgəyə gəlməsini istəyəcək. Təbii ki, Azərbaycan hakimiyyəti bunu istəmir. Belə olan təqdirdə də düşünürəm ki, hələ ki Münhen Təhlükəsizlik Konfransı və digər konfranslar, sadəcə, rutin xarakteri daşıyır. Amma sözsüz ki, Rusiya bu bölgədə zəiflədikcə, bu konfransların da əhəmiyyəti artacaq”.

“Sülh sazişi ilə bağlı ortada hələ hansısa bir layihə, variant və yol xəritəsi yoxdur”

Siyasi şərhçi İlham Əliyevin sülh və təhlükəsizliklə bağlı fikirlərinə də şübhəli yanaşır:

“İlham Əliyevin səsləndirdiyi fikirlərə gəlincə, təbii ki, söhbət Qarabağda yaşayan erməni əhalinin hüquq və təhlükəsizliyindən gedir. Amma bunu deyəndə İlham Əliyevin konkret nəyi nəzərdə tutduğunu bilmirik, ümumi deyilmiş fikirlərdir. Sülh sazişi ilə bağlı ortada hələ Azərbaycan ictimaiyyətinin gördüyü hansısa bir layihə, variant və yol xəritəsi yoxdur. Yəni bu cür fikirlər dəfələrlə səsləndirilib, bundan sonra da səsləndirilə bilər. Amma hər şey olduğu yerdədir və ciddi bir dəyişiklik yoxdur. Yəni hansısa konfransda bir fikir səslənir, Əliyev ölkəyə dönüb başqa fikir səsləndirir. Bir daha qeyd edim ki, bu da birinci dediyim məsələ ilə – Rusiya amili ilə bağlıdır. Yəni Rusiya nə qədər ki bölgədədir, Qərbdən bir fikir, Moskvadan  başqa bir fikir səsləndiriləcək”.

Azər Qasımlı hesab edir ki, ümumilikdə, Azərbaycanda vətəndaşların hüquq və təhlükəsizlik problemi var:

“Yaxşı olardı ki, Azərbaycanda hamının hüquq və təhlükəsizliyi qorunsun, sadəcə, erməni əhalinin yox. Amma təəssüflər olsun ki, bu, belə deyil və ilk növbədə məhz bu problemləri həll etmək lazımdır. Elə erməni əhalinin hüquqları da məhz bu konteksdə, azərbaycanlılarla birgə həll olunmalıdır”.

“Əliyev durub Vardanyanı tərifləyə bilməz ki…”

Əliyevin Vardanyanla bağlı səsləndirdiyi fikirləri də politoloq kütləyə hesablanmış çıxışlar sayır:

“Vardanyan məsələsinə gəlincə, bu fikirləri İlham Əliyev bir neçə dəfə səsləndirib. Mən də tərəfdarıyam ki, Vardayan danışıqların tərəf müqabili olmasın. Amma İlham Əliyev hər dəfə tənqid edəndə Vardanyanın Qarabağda yaşayan ermənilərin gözündə hörməti artır. Bu da müəyyən mənada daha çox Rusiyanın işinə yarayır. Yəni məsələnin bu tərəfi də var və istərdim ki, vətəndaşlarımız bunu da bilsinlər. Məsələn, bir çoxları bu çıxışları elə qələmə verir ki, guya İlham Əliyev Rusiyanın maraqlarına zidd hərəkət edir, Rusiya ilə birgə addımlamır. Amma bu, yanlış dəyərləndirmədir, çünki Əliyev durub Vardanyanı tərifləyə bilməz ki…”

“İlham Əliyev yaxşı bilir ki, Azərbaycan cəmiyyətində Vardanyana münasibət mənfidir, ona görə də tənqid edir. Bir məqam da var ki,  Əliyev Vardanyanı tənqid etdikcə, o, daha çox Rusiyaya sığınır. Yəni dediyim odur ki, İlham Əliyev, sadəcə, qulağa xoş gəlmək üçün bu fikirləri səsləndirib, ciddi bir hadisə deyil, ümumi fikirlərdir”, – deyə Qasımlı qeyd edib.

“Hər şey Azərbaycanın maraqları çərçivəsində təmin olunacaq”

Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa isə Münhen Təhlükəsizlik Konfransında səslənən fikirlərə və ilkin razılaşmalara bədbin yanaşmanın tərəfdarı olmadığını deyir:

“Düzdür, bu məsələlərdə birmənalı qərar qəbul etmək olmur. İndiyə qədər həm ABŞ-ın, həm Şarl Mişelin, həm də Rusiyanın təşəbbüsləri olub. Amma bunlar bir qədər uzunmüddətli proseslərdir. Prinsipcə razılaşmalar var və bu istiqamətdə hansısa razılaşma olubsa, yəqin ki, mətni açıqlanacaq”.

“Prezident birmənalı şəkildə bildirdi ki, Dağlı Qarabağ deyilən bir ərazi vahidi, hansısa bir statusu yoxdur. Burada yaşayan erməni icması ilə müzakirələr aparıla bilər. Gördündüyü kimi, Azərbaycanın bu məsələdə geri çəkilmə kimi bir mövqeyi yoxdur. Qarabağda erməni icması ilə yanaşı, Azərbaycan icması da var və bu məsələlər yalnız onlarla müzakirə olunmalıdır. Prezident Paşinyanla görüşündə də bildirdi ki, danışıqlar prosesində Vardanyanla görüş istisnadır, yəni onunla hər hansı bir müzakirə mümkün deyil. Hər şey Azərbaycanın maraqları çərçivəsində təmin olunacaq”, – deyə deputat qeyd edib.

Bununla yanaşı, deputat Moskva amilini də istisna etmir və düşünür ki, bölgədə Rusiya faktoru da nəzərə alınmalıdır.

Amma bununla yanaşı, o, Qərbin bu məsələdəki təşəbbüsünün müsbət nəticə verəcəyinə inanır:

“Məncə, pessimizmə əsas yoxdur. ABŞ-ın bu danışıqlarıda təşəbbüslə çıxış etməsi müsbət nəticələrə gətirib çıxara bilər və Münhen görüşü də prosesə təsir edəcək”.

Münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button