24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Müsavat Milli Məclisi "Media haqqında" qanunun müzakirəsini dayandırmağa çağırıb

Bakı/22.12.21 “Media haqqında” yeni qanun Azərbaycanda söz və media azadlığının boğulması, siyasi senzuranın gücləndirilməsi istiqamətində növbəti addımdır”. Bu barədə Müsavat Partiyasının açıqlamasında deyilir.

Müsavat Partiyası bildirir ki, bu layihənin ictimai müzakirələr təşkil edilmədən Milli Məclisdə ikinci oxunuşda qəbul edilməsi hakimiyyətin media resurslarını tamamilə nəzarətə götürmək istəyindən irəli gəlir.

“Qanunun 55-ci maddəsinə əsasən, Azərbaycanda İnternet və mobil platformalara lisenziyalaşdırılma tətbiq edilir ki, bu da dövlət tərəfindən təkcə KİV-lərin, jurnalistlərin yox, bütün vətəndaşların informasiya təşəbbüsləri üzərində formal olaraq dolayı, lakin əslində birbaşa senzuranın tətbiq edilməsidir. Qanun layihəsinə belə mürtəce müddəaların daxil edilməsi jurnalistlərin peşə fəaliyyətinin məhdudlaşdırılması, KİV in hakimiyyətdən asılılığının daha da artırılması məqsədi daşıyır”, deyə sənəddə qeyd edilir.

Partiya bildirir ki, Azərbaycan hakimiyyəti bu qanunu qəbul etməklə, nəinki ölkə ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına nəzarəti gücləndirmək, hətta ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan cəmiyyətinə istiqamətlənmiş bütün media subyektlərini, habelə jurnalistləri inzibati strukturlardan tam asılı vəziyyətə salmaq istəyir.

Müsavat Partiyası “Media haqqında” yeni qanunun qəbulu prosesinin dayandırılmasını, layihə ilə bağlı müstəqil medianın təmsilçilərinin iştirakı ilə içtimai müzakirələrin təşkilini, Azərbaycanda söz və ifadə azadlığının boğulması, siyasi senzuranın möhkəmləndrilməsi istiqamətində addımlara son qoyulmasını tələb edir.

“Media haqqında” qanun layihəsi Medianın İnkişafı Agentliyi tərfəindən hazırlanıb. Milli Məclis son bir neçə gündə sənədi ikinci oxunuşda qəbul edib. Qanun layihəsi Milli Məclisə təqdim edildikdən sonra ictimaiyyət onun mətni ilə tanış ola bilib. Sənəd çoxsaylı media hüquqları təşkilatları, media rəhbərləri və jurnalistlər, ictimai-siyasi təşkilatlar tərəfindən tənqidlərə məruz qalıb. -03-  

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button