Now Reading:
Müsavat partiyasının son qərarı partiyanın iclasında veriləcək

“BBC Azərbaycanca” Azərbaycanda prezident seçkilərinə dair məqalə dərc edib. Məqalədə deyilir:

Aprelin 11-də növbədənkənar prezident seçkilərinin təyin olunması ölkənin müxalif düşərgəsində qeyri-müəyyənlik yaradıb, bəziləri artıq qərarı verdiyini, bəziləri vəziyyətin müzakirəsinə “ehtiyac gördüklərini” deyirlər.

“Seçkilərin 6 ay əvvələ çəkilməsi yeni siyasi şərait yaradıb”, növbədənkənar prezident seçkisinin elan edilməsindən bir neçə gün qabaq öz namizədini açıqlamış Müsavat Partiyasının başqanı Arif Hacılı deyir.

AXCP sədri Əli Kərimli, Milli Şuranın boykot qərarı seçməsini “Ölkədə heç yarım-demokratik seçkiyə də zəmin olmaması” ilə izah edir.

Mərkəzi Seçki Komissiyası isə çərşənbə axşamı keçirilən iclasında bildirib ki, “ölkədə seçkiyə böyük maraq var”.

MSK-nin katibi, həmçinin hazırlıq üçün partiyaların “kifayət qədər vaxtı olduğunu” deyib: “…partiyalar hər an seçkiyə hazır olmalıdır”

Bundan əvvəl Prezident Adminstrasiyası rəsmisi Əli Həsənov seçki barədə sərəncamı şərh edərək deyib ki, “bu il ölkədə may ayından başlayan mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşür.

“…dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən də əvvəlində keçirilməsi daha məqsədəuyğundur”, o əlavə edib.

“Seçkilərin 6 ay əvvələ çəkilməsi yeni siyasi şərait yaratdı”
Müsavat partiyasının başqanı Arif Hacılı BBC Azərbaycancaya deyir ki, seçkilərin 6 ay əvvələ çəkilməsi yeni siyasi şərait yaradıb.

O bildirir ki, “yeni siyasi şəraitə uyğun olaraq müzakirələr aparırlar”.

“Partiyanın divanında məsələləri müzakirə etmişik. Ölkədə fəaliyyət göstərən real siyasi qüvvələrə, müxalifət təşkilatlarına yaranmış vəziyyətlə bağlı müzakirələr, məsləhətləşmələr aparmaq təklifini vermişik”.

Partiya başqanı deyir ki, hələki heç bir siyasi təşkilat çağırışa cavab verməyib. O əlavə edir ki, həftənin sonuna doğru Müsavat partiyası Məclisinin növbədənkənar toplantısı keçiriləcək və bu toplantıda da müzakirələr aparılacaq.

Arif Hacılı deyir ki, erkən seçki ehtimalını nəzərə alsalar da, seçkilərin vaxtının əvvələ keçirilməsi “ciddi problemlərə yol açır”.

Müsavat başqanı əlavə edir ki, onlar seçki qanunvericiliyində dəyişikliklərin aparılması tələblərini irəli sürüblər, amma bu vəziyyət “seçki islahatlarının aparılması şansını aradan qaldırmış olur”.

Müsavat partiyasının son qərarı partiyanın iclasında veriləcək
Müsavat Partiyası növbədənkənar prezident seçkisinin elan edilməsindən bir neçə gün qabaq prezidentliyə öz namizədini açıqlamışdı.

“İndi söhbət seçkiləri boykot edib-etməmək barədə yox, hakimiyyətin bu saxta seçki əməliyyatında, seçki prosesində iştirak edərək və ya iştirak etməyərək müqavimət göstərməkdən gedə bilər”, Arif Hacılı bildirib.

Milli Şura erkən seçkiləri boykot edir
Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası artıq seçkiyə qatılmamaq qərarı verib. Partiya sədri Əli Kərimli BBC Azərbaycancaya deyib ki, “seçki tarixi önə çəkilməklə xalq aldadıldı, fakt qarşısında qoyuldu”.

Onun fikrincə, erkən seçki üçün “vaxtı elə seçiblər ki, seçki kompaniyasının bir hissəsi qış dövrünə düşsün, bir hissəsi Novruz bayramı günlərinə təsadüf etsin”.

AXCP, 11 aprel prezident seçkisini boykot qərarı verən Milli Şurada təmsil olunan siyasi qurumlardan biridir. Əli Kərimli deyir ki, onlar vəziyyəti “ətraflı müzakirə edib boykot qərarı” veriblər:

“Biz hesab edirik ki, ölkədə demokratik yox, heç yarım-demokratik seçkiyə də zəmin yoxdur. Seçki komissiyaları tam olaraq hökümətin nəzarətindədir, ölkə əhalisi bütün fundamental hüquq və azadlıqlardan məhrum edilib”.

Sədrin fikrincə, “azad mətbuat tam olaraq məhv edilib, müxalifətin fəaliyyət imkanları yox səviyyəsindədir, belə bir şəraitdə heç bir demokratik seçkidən söz gedə bilməz”, Əli Kərimli vurğulayıb.

MSK sədri: “Ölkədə seçkiyə böyük maraq var”
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov həftənin çərşənbə axşamı erkən seçkilərin təqvimi ilə bağlı keçirilən iclasda deyib ki, “ölkədə seçkiyə böyük maraq var”.

“Azərbaycan ictimaiyyəti kifayət qədər savadlı, intellektualdır. Bu il Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Ölkədə bu seçkiyə maraq böyükdür”, o bildirib.

Seçkiyə qədər təbliğat, seçici fəallığının təmin edilməsi və hazırlıq üçün vaxtın az olub-olmamasilə bağlı sualları isə Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov cavablandırıb.

O, BBC Azərbaycancaya deyib ki, 2 ay partiyaların seçkiyə hazırlaşması üçün kifayətdir.

“Azərbaycan böyük dövlət deyil ki, seçkilərə hazırlığa aylar lazım olsun. Hər hənsı bir çətinlik yaranacağını ehtimal etmirik”, o deyib.

Partiyaların seçkilərə hazırlaşması üçün yetərincə vaxt olduğunu bildirən cənab Rəhimov deyib ki, “partiyalar hər an seçkiyə hazır olmalıdır”.

Sərəncamın şərhi
Bundan əvvəl prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov seçki barədə sərəncamı şərh edərək qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq 2018-ci il prezident seçkilərinin payızda – oktyabrda keçirilməsi nəzərdə tutulmuşdu:

“Ancaq bu il may ayından başlayaraq ölkəmizdə çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək. Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində sislsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşür”, APA yazır.

“…dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən də əvvəlində keçirilməsi daha məqsədəuyğundur”, o əlavə edib.

O həmçinin bildirib ki, “Azərbaycan Prezidentinin 7 il müddətinə seçilməsi prezident səlahiyyətlərinin yerinə yetirilməsinə təsərrüfat ilinin əvvəlindən başlamasını təmin edir. Bu da sosial və iqtisadi sahədə qarşıda duran vəzifələrin daha effektli icrasına əlavə imkan yaradır”.

Hakim Yeni Azərbaycan partiyası artıq prezident İlham Əliyevin namizədliyini irəli sürəcəyini bildirib. Bu barədə partiyanın icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.