Loading...
Loading...
24 saat

Müşavirə və iclaslarda səslənən inkişaf nağılları

Ölkənin 93 faizi doğrudanmı qazlaşdırılıb?

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Həmin iclasda yenə də aparılan “uğurlu” siyasətin nəticəsi olan “dinamik iqtisadi inkişaf”dan danışılıb. Bütün sahələrdə böyük uğurların olduğu bildirilib. İlham Əliyev giriş nitqində deyib: “…qazlaşdırma ölkəmizdə 93 faiz səviyyəsindədir və bu proses davam edir”.

Həqiqətənmi ölkədə qazlaşdırma bu səviyyədədir? Kiçik bir araşdırma aparıb bunun gerçəyə nə qədər yaxın olduğuna aydınlıq gətirməyə çalışaq.

Bu il iyulun 21-də Yardımlı rayonunda 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirə keçirilib. Həmin müşavirədən bir sitat:

“…Bu müddətdə yaşayış məntəqələrinin qazlaşması işləri də davam etdirilmişdir, hazırda Yardımlı rayon mərkəzi və 10 kənddə istehlakçılar təbii qazla təmin olunmuş, bununla da  qaz abonentlərinn sayı  2017-ci ilin birinci yarısında 2607-ə çatdırılmışdır. Bu günə rayon üzrə qazlaşma 32% təşkil edir ki, bu da qaneedici rəqəm sayıla bilməz”.

Bu sitatın anlaşıqlı olması üçün daha bir sitata ehtiyac var, elə yenə Yardımlı icra hakimiyyətinin saytından:

“Rayon 30 inzibati ərazi vahidindən, 30 bələdiyyədən, 88 yaşayış məntəqəsindən, o cümlədən 1 şəhər və 87 kənddən ibarətdir”. Deməli, 1 şəhər və 87 kəndi olan rayonun cəmi 10 kəndinə qaz verilib. Bu da 2607 abonent deməkdir. Rayonun isə əhalisi  65 200 nəfərdir(01.01.2017)

İmişli aran rayonudur. Dağ rayonlarında qaz çəkilişi ilə bağlı problemlər bu rayonda yoxdur. Ancaq burada da rayonun tam qazlaşdırılması təmin olunmayıb. “Rayonun  36 yaşayış məntəqəsi tam qazlaşdırılması təmin edilmiş, Çahar, Gövhərli, Xubyarlı, Məzrəli, Çaxırlı, Mirili, Qaravəlili kəndlərində isə qaz çəkilişi işləri başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir”. Bu da rayon icra hakimiyyətinin saytında yerləşdirilən xəbərdəndir.

Bu rayonun əhаlisi 117,2 min nəfərdir. Rаyоndа 1 şəhər, 1 qəsəbə, 47 kənd vаr.

Sabirabad ölkənin ərazi və əhali baxımından böyük rayonlarından biridir. İcra hakimiyyətinin saytında qazlaşdırma ilə bağlı builki məlumata baxaq: “Rayonda əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə xeyli işlər görülmüşdir. Hazırda rayon mərkəzinə və 58 kəndə təbii qaz verilir”.

1 şəhər, 74 kəndi olan Sabirabadın 172 704 nəfər əhalisi var. Abonentlərin sayı bu il 28 min 311 nəfərə çatdırılıb. Deməli, bu rayonda da 16 kənd hələ də qazsızdır.

“Lənkəran Regional Qaz İstismar İdarəsinin Astara Xidmət Sahəsi tərəfindən rayonun qaz təchizatını daha da yaxşılaşdırmaq məqsədi ilə 2017-ci ilin birinci yarısında 94 evin qazlaşdırılması həyata keçirilmişdir. Əhali abunəçiləri üçün 60 ədəd qaz sayğacı quraşdırılaraq istifadəyə verilmiş, rayon üzrə quraşdırılmış sayğacların ümumi sayı 16 min 640-a çatdırılmışdır”.

105 min 200 nəfər əhalisi, 92 yaşayış məntəqəsi olan Astara rayonunda cəmi 16 min 640 sayğac quraşdırılıb. Çox təəssüf ki, icra hakimiyyətləri rəsmi saytlarında dolğun informasiyalar yerləşdirmir. Məsələn, rayonun neçə kəndinə qaz verilib, neçəsi hələ də gözləyir, konkretlik yoxdur.

Pambıqçılıq yarışında öndə gedən Saatlı rayonunun 12 kəndinə hələ də qaz çəkilməyib. Bu kəndlərin sakinləri ya həyətdəki ağaclarını qırır, ya da dağ rayonlarında meşələrdən qırılıb gətirilmiş odun almağa məhkumdur. Maşını 500-600 manata.

Tərtər rayonunda 1 qəsəbə, 74 kənd var, əhali sayı 103.2  min nəfər olsa da, bu rayonda cəmi 11 min 070 nəfər abonent var.

Sıranı artırmaq da olar, ancaq sadalananlar 93 faiz rəqəminin gerçək olmadığını bir daha təsdiqləyir.

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button