2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Müşfiqin doğum günü, MÜŞFİQlərin həbsi…

Məlahət Ağacan Rübabə

Torpaq qonşularımızın fərasəti sayəsində Azərbaycan atalar sözləri nəinki unudulur, hətta yeni aranjmanda qol-budaq açırlar: ”Qonşu qonşu olsa, jurnalisti sərhəddən maşın baqajında keçirmək olar”, “Azərbaycanda bişib, Gürcüstandan gəlib”, “Qonşu yaxşı qonşu olsa, ölünü diri adı ilə gizlədər”, “Ayağını qonşuna görə uzat”, “Quş qanadı ilə uçar, hakimiyyət qonşular sayəsində uzanar”…
Azərbaycan hakimiyyəti qonşularımızın xətrini o qədər çox istəyir ki, hətta onlarla ən böyük oğurluqları da edir: Rusiya ilə neftimizi, Ermənistanla Qarabağı, Gürcüstanla jurnalistləri…
Təkcə oğurluqları deyil, ən böyük cinayətləri də qonşuları sayəsində ört-basdır edirlər: Elmar Hüseynovu qətlə yetirənlər, ADNA-da terror törədənlər qaçıb Gürcüstanda gizləndilər, daha doğrusu, gizlədildilər. Və həmin cinayətkarlar Elmarın qanına bulaşan əlləri ilə Gözəl Bayramlının çantasına pul qoydular, Əfqan Muxtarlının başına qara torba keçirdilər. Araşdırma aparılsa məlum olacaq ki, Qazaxda yaşayan, “Facebook”dakı yazılarına görə otuz gün həbs olunan Nicat Əmiraslanovu da döyüb əllərini qıc edən, dişlərini qıran ADNA terrorunu edənlərdir…
İyunun 5-i Mikayıl Müşfiqin doğum günü idi, internetdə Müşfiqin şəkillərini axtarırdım. Müşfiqin məhkumluq şəkli Bayramın, Qiyasın, Mehmanın, Nicatın, Əfqanın… məhkumluq şəkillərinə necə də bənzəyir, elə onları satanlar da, məhkum edənlər də bir-birinə çox bənzəyir. 37-ci ildə Müşfiq tək idi, amma indi MÜŞFİQlər yüzlərlədir. Onlar bir misra, üç cümlə ilə də tarixdə qalırlar! Qiyasın məhkəmədə hakimlərə “siz mantiya geyinmiş marionetkalarsınız” müraciətini indiki şairlər qorxusundan pıçıltı ilə də deməz.

Saytların yığılması Saytlarin yigilmasi

Ürəkləri fəth etmək, tarixdə qalmaq nə çox yaşamaqladı, nə də çox yazmaqla: Mikayıl Müşfiqdən sonra əlli-altımış il yaşayıb, cild-cild kitablar çap edənləri zorla yada salmaqdan, yubileylərini təşkil etməkdən, muzeylərinə məktəbli toplamaqdan hətta övladları yorulub. Mikayıl Müşfiqin isə nəinki Azərbaycan Yazıçılar Birliyinin sədri olan oğlu, hətta ocağında adına şam yandırmağa bir övladı qalmasa da, Xızı yolunda olan Müşfiq ocağı insanlar üçün ən müqəddəs ziyarətgahdır: yeni ailə quranlar, övlad arzusunda olanlar, məzunlar o balaca, tənha evin ziyarətinə gedir. Dəfələrlə şahidi olmuşam ki, Xızıya istirahətə gedənlər mütləq “Oxu Tar”da maşınını saxlayıb, Müşfiq ocağına baş çəkir, orda Müşfiqin şeirlərini, sözlərinə yazılmış mahnıları oxuyurlar.

Bəli, bu gün də cəsur MÜŞFİQlər və onları şərləyən, satan şərəfsizlər var. Amma internet zamanıdır, daha satqınlar nəinki əlli-altımış il, heç beş-altı gün də maskalana bilmirlər. Kimin kim olduğunu xalq yaxşı bilir. Vaxt gələcək bütün həqiqətlər üzə çıxacaq, hətta xaricdə “qəhrəman” kimi gizlənib, sonra yüksək vəzifələri, ən bahalı evləri, böyük şirkətləri hədiyyə alan satqınların adları da…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button