24saat.org Müxalifətçinin təzə kostyum alması hökumətə sərf edir? - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Müxalifətçinin təzə kostyum alması hökumətə sərf edir?

Yaxud “kreativ” anti- mitinqçilərin arqumentsizliyi

Əslində bu mövzuda yazmaq istəmirdim. Çünki son günlər bu mövzuda xeyli müzakirələr olub, suallar səsləndirilib, cavablar verilib. Amma bəzi ürəkbulandırma üzrə mütəxəssislər cəmiyyətdə çaşqınlıq yaratmağa, öz qorxaqlığına haqq qazandırmağa çalışır ki, buna cavab vermək məcburiyyəti duyuruq.

Mitinqə qarşı əsasən 2 arqument yetişdiriblər.

  1. “Məhsul”da mitiniq keçirməzlər
  2. Mitinqlər Azərbaycanda sərbəst toplaşma azadlığının olduğu görüntüsünü yaradır və hökumətə nəfəslik verir.

Qeyd edim ki, hər iki fikir qorxaqlıqdan, qeyri-səmimilikdən, cığallıqdan doğur və heç bir əsaslandırması yoxdur. Amma bir balaca aydınlıq gətirmək lazımdır ki, bu fikirlərin təsirinə düşənlər silkələnə bilsinlər.

Əvvəla, “Məhsul” stadionu Ermənistanın ərazisində yerlşmir, heç Afrikanın cəngəlliklərində də deyil. Bəli, “Məhsul” stadionu Bakının mərkəzində yerləşir. Əgər bir məkana 10, 20, 30 min insan yerləşirsə, əgər bu insanların etirazından milyonlar xəbər tutursa, niyə bu məkanda mitinq keçirmək olmaz? Digər məkanlarda da eyni sözlər deyilməyəcəkmi, digər məkanlarda da eyni adamlar iştirak etməyəcəkmi? Əlbəttə, biz başqa ünvanları da istəmişik və mənfi cavab almışıq. Amma vətəndaşlar “Məhsul” stadionna yerləşməyəndə və israr edəndə başqa məkanlarda da mitinq keçirə bilərik. Yəni, indiki reallıqda başqa məkanlarda mitinq keçirmək xalqın iradəsindən asılıdır.

Mitinqlərin hökumətə sərf etdiyinə gəlincə, bu arqument ümumiyyətlə ölü doğulub. Əgər mitinqlər hökumətə sərf edirsə, niyə mitinq əleyhinə təbliğat aparılır, niyə büdcə təşkilatlarında çalışanlar 6-cı gün işə cəlb olunur, niyə yollar bağlanır, niyə telekanallar terror xəbərləriylə camaatı qorxudur, niyə sosial şəbəkələrdə profillər oğurlanıb anti-mitinq mesajları verilir, niyə mitinqin bazar günündən altıncı günə keçirilməsini də qənimət bilirlər?

Başqa bir sual ortaya çıxır. Hansı avtoritar ölkədə mitinqlərin keçirilməsi hökumətin demokratikliyi kimi qiymətləndirilib? Rusiyanın 100 şəhərində mitinq keçirildi, amma dünyanın heç bir yerindən Rusiyada demokratiyanın olduğu mesajı verilmədi. Azərbaycanda da heç bir mitinq hökuməti hesabatlarda irəli salmayıb. Çünki bu ölkədə 150-dən artıq siyasi məhbus var, bu ölkənin milyardlarının səsi offşor zonalardan gəlir, bu ölkənin adı korrupsiya siyahılarında birincidir, bu ölkədə keçirilən  seçkilərə “58 faiz saxtadır” möhürü vurulub, bu ölkənin adı “qeyri-azad ölkələr” siyahısına düşüb və.s

Bu “ağıllı” mütəxəssislərin məntiqiylə yanaşsaq, müxalifətçilərin təzə kostyum alması, toyda rəqs etməsi, feysbukda tənqidi status yazması da hökumətə sərf edir. Çünki bütün dünya Azərbaycanda müxalifətçinin kostyum almasını, toy edə bilməsini, rahat status yazmasını görür və bunu müsbət addım kimi qəbul edə bilər. Hətta müxalifətçilər intihar etməlidir ki, dünya bu ölkədə müxalifətçilərin yaşaya bilmədiyini görsün və hökumətə “sən yamansan rejim” deyə bilsin. Bəli, bu rüsvayçı məntiqlə müxalifətçilərin diri qalmasını da hökumətə xidmət kimi təqdim etmək olar.

Əgər müxalifət saxta referenduma, monarxiyaya, saxta seçkiyə, korrupsiyaya, repressiyaya qarşı mitinq keçirməyəcəksə, insanların kütləvi etirazını təmin etməyə çalışmayacaqsa, daha bunun harası müxalifət oldu? Bu “kreativ” anti-mitinqçilər başa düşməlidir ki,  biz cib müxalifəti olmaq istəmirik və xalqı cibimizə qurban verməkdən imtina etmiş adamlarıq.

azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.