ManşetXəbərlər

Nəcibə Nəsibova – “Diplomlu, kostyumlu çoban” – AYNUR TALIBOVA yazdı

Loading...

Tanınmış telejurnalist, hazırda Amerikada fəaliyyətinə davam edən Aynur Talıbova Azərbaycanın Türkiyədəki səfirliyində təhsil məsələləri üzrə müşaviri vəzifəsində çalışan Nəcibə Nəsibova ilə bağlı paylaşım edib. “24 saat” ölkə mətbuatında ara-sıra adı vəzifəsi ilə uzlaşmayan Nəcibə Nəsibova barədə tanınmış jurnalistin paylaşımını bəzi redaktələrlə təqdim edir:

ah, kimi görürəm?
ardınca “google edirəm” və ilk çıxan başlıq:
“milyoner diplomat – 30 ilə yaxındır ki, Azərbaycanın Türkiyədəki səfirliyində təhsil məsələləri üzrə birinci katib vəzifəsində çalışan Nəcibə Nəsibova”.
Şəkildəki xatunun ilk təyin ediliyi zamanı xatırladım.
1994-95-ci tədris ili idi.
2-ci kurs tələbəsi ikən qaldığımız yataqxanada israrla bir neçə dəfə anons etdilər ki, Azərbaycanlı tələbə qızlar hamısı yeni eğitim atteşesi ilə görüşmək üçün təyin edilən yerdə toplaşsınlar. Necə oldusa, gecikməli bir şəkildə toplantı otağına getdim. Bir neçə dəqiqədən artıq qala bilmədim və çıxdım.

Səbəbi: – Göydən bir təmsilçi düşüb, kənd məktəbi direktoru ədasıyla gic ve mənasız şeylər danışır, barmaqlarını sallayaraq – hədə-qorxuyla ondan və təmsil etdiyi nazirlikdən və hökümətdən heç bir asılılığı olmayan 19-20 yaşlı gənc tələbə qızlara xitab edir, dolayisiyla özünü göstərirdi və bilirsiniz, onlar da quzu kimi sakit-səssiz onu dinləyirdilər.

Sürüdən bir nəfərin ayrılaraq toplantını tərk etməsindən xoşlanmayan təmsilçi qadın da qərara gəldi ki, ona tabe olmayanın zəif bir yerini tutub cəzalandırsın və

Nəcibə Nəsibova Əxlaq polisliyinə əl atdı…

1-2 gün sonra gecə saat 12 radələrində elansız və xəbərdarlıq etmədən Nəcibə Nəsibova yataqxanaya “oblava”ya gəldi… yerində olmayanlar, başqa deyişlə, yataqxanada gecələməyənlərlə bağlı əxlaqsızlıq raportu hazırlamaq üçün.
Bu da maraqlı bir məqam idi – orada köhnə SSRİ-nin türkdilli respublikalarından təhsil üçün Türkiyəyə gəlmiş yüzlərlə tələbə vardı və onların hamısının təhsil, eləcə də yataqxana xərclərinin hamısını TC höküməti ödəyirdi. Sadəcə ildə bir dəfə gediş-gəliş xərcləri tələbələrin öz dövlətlərinin hesabına idi ki, burda da problem yaşanmışdı bizdə. Çünki tələbələr AXC hakimiyyəti zamanı xaricdə təhsilə yollanmışdılar, 1993-də durum dəyişmişdi və yeni hökümət tələbələrin təyyarə ilə dövlət hesabına ildə bir dəfə gedib-gəlmələrindən imtina etmişdi. Qısacası, valideynlərin etirazından sonra məsələ gənclərin xeyrinə öz həllini tapmışdı.

Başqa deyişlə, gözlədiyinin əksinə, Nəcibə Nəsibova məni otağımda görüncə keyfinə soğan doğrandı və bu dəfə də qızlar yataqxanasında gecə yataq modunda olan birini bu dəfə əynində pijama olmamaqda ittiham etdi . Yəni yüzlərlə problem yaşayan tələbələrin məsələlərinə baxmaq üçün təyin edilmiş bu xatun uşağı yaşındakılarla prinsip davası aparmaq yolunu seçmişdi.

Bitmədi..

Tətil gəldi.
Mingəçevirin qızmar yay günlərindən birində qapı döyüldü. Şəhər MAARİF ŞÖBƏSİndən bir nəfər məktub gətirmişdi. Müəllim olan anam təəccübləndi. Açıb oxudu və ağlamağa başladı. Yenə mən. Yenə davranışlarımdan xoşu gəlməyənlər qızına tərbiyə verə bilmədiyi üçün Təhsil Nazirliyinə çağırırdılar – DİSİPLİN!

Qadlığımız yataqxanada iki baş ağrısı, “çiban” var idi – mən və çox yaxın rəfiqəm.
Analarımızla getdik nazirliyə. Təmsilçinin şikayəti üzərinə çağırılmışdıq. Təqaüdlə oxumağa layiq deyildik. Deyildi ki, yataqxanadan qovulmuşuq. Təklif etdilər ki, 8 min rüşvət verək qayıdıb gələk BDU -da oxuyaq. Təyyarə haqqımızı itirdik. Böyüklərin “məsləhət”ini dinləmədik və qayıtdıq. Öz hesabımıza.
Nə yataqxanadan, nə də universitetdən qeydiyyatımız silinmişdi. Qaldığımız yerdən davam etdik və məzun olduq.

Diplom aldıqdan sonra konsulluğa gedib “üzünə tüpürmək” istəyimə ehtiyac olmadığını söylədilər. O tarixdən sonra da qadını (Nəcibə Nəsibova – red) zatən heç görmədim. Amma görünən odur ki, hələ də eyni yerdədir və yaxşı alverçidir. Pardon dosentdir. Akademisyen. Diplomlu, kostyumlu çoban.

Ölənə qədər vəzifədə qalmaq. Kimi hara təyin etsələr də. İllərdir dəyişməyən həqiqətdir bu. Diplomatik korpuslarda fəaliyyətə başlayanlar dövlətin hesabına gedib yaşadıqları hər yerdə sərvət sahibi olur, olmayanlar da illərlə orada qalıb ümumiyyətlə geri qayıtmaq istəmirlər… qayıtmırlar… kadr çatışmazlığından şikayət edirlər, amma kadr yetişdirmək kimə maraqlıdır ki?!

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button